6 aprel tarixində Təhsil Nazirliyi, “ADA” Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League Azerbaijan” (FLL) mühəndislik və robot texnikası olimpiadası təşkil olunacaq.

 

Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan “FLL” 1998-ci ildən etibarən uşaqların elm və texnologiyalara olan maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunması ilə keçirilən turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub və yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda təmsil edib.

 

Cari ildə keçiriləcək yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Qalib gələn iki komanda 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq “FLL” Türkiyə Açıq Beynəlxalq Çempionatında iştirak hüququ qazanacaqdır.

 

Qeyd edək ki, son illər təhsil strategiyasının həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.