Bu, təlim prosesində şagirdlərin yiyələndikləri bilik və bacarıqların izlənilməsinə imkan verir


Fizika fənni üzrə verilən biliklər, ilk növbədə, standartlarda ehtiva olunmuş bilik və fəaliyyət komponentlərini əhatə etməli, onların reallaşdırılmasına imkan yaratmalıdır. Məlumdur ki, fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanunauyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı cəmiyyətdə yaşamaq üçün bir sıra həyati bacarıqların mənimsənilməsinə imkan yaradır. Bu prosesləri tənzimləmək, şagirdlərin inkişafını ardıcıl olaraq izləmək və onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında təqdim olunur. 

 

Ümumiyyətlə, fizikanın tədrisi vasitəsilə:

 

- ümumi orta təhsil səviyyəsində təbiətdə baş verən fiziki hadisələrin mahiyyətinin, onların qanunauyğunluqlarının və maddi aləmin dərk olunması, maddələrin quruluşu, zaman və məkan anlayışları əsasında fəza təsəvvürləri və empirik təfəkkürün formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi inkişafında təbiət elmlərinin əsası kimi fizikanın rolu, fizika elminin görkəmli nümayəndələri və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi;

 

- tam orta təhsil səviyyəsində əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların və fundamental fiziki qanunların mahiyyəti və onların tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi, canlı materiyanın öyrənilməsində və texnikanın inkişafında onun aparıcı rolu haqqında məlumatların mənimsənilməsi, şagirdlərdə elmi dünyagörüşün   formalaşması, tənqidi təfəkkürün  inkişafı təmin olunur.

 

Təlim prosesinin əsas məqamlarından biri məktəbdaxili qiymətləndirmədir. Qiymətləndirmə təlim prosesində şagirdlərin yiyələndikləri bilik və bacarıqların inkişafının izlənilməsinə, təhsilin  keyfiyyətinin müəyyənləşdirilməsinə imkan verir. Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi prosesi üçün qiymətləndirmə vasitələrinin hazırlanmasında fənyönümlü məzmunla bərabər, səriştəyönümlü məzmuna da yer verilməsi məqsədəuyğundur.

 

Yüksək keyfiyyətli təhsil nəticələrinin əldə olunması üçün təlim prosesində hər bir şagirdin fəal iştirakı təmin olunan şərait yaradılmalıdır. Bu zaman şagird müxtəlif səriştələrə, idraki, informativ, kommunikativ bacarıqlara yiyələnə bilər. Lakin məlumdur ki, fənni mənimsəmə fərdi xarakter daşıyır. Yəni şagird mövzunun məzmun xətlərini alt-standartlar üzrə ümumilikdə tam qavraya bilər.  Buna görə də şagirdlərin qiymətləndirilməsi zamanı məzmun xətləri üzrə alt-standartlara ayrı-ayrılıqda qiymət verilməsini daha məqsədəuyğun hesab etmək olar.

 

Bu məqsədlə fənnin məzmun xətlərinin  əsas və alt-standartlar üzrə ayrı-ayrılıqda qiymətləndirilməsi şagirdlərin fənni mənimsəməsində real qiymətləndirmə mexanizmi hesab edilə bilər:

 

Dərsin məqsədlərinə uyğun səviyyələr aşağıdakı kimi götürülə bilər:

 

IV səviyyə - məqsədi tam doğrultma

 

III səviyyə - məqsədi qismən doğrultma

 

II səviyyə - məqsədi müəllimin köməyi ilə doğrultma

 

I səviyyə - məqsədi doğrultmamaq

 

Verilən cədvəl bütün bölmənin standartlarını əhatə etdiyi üçün kiçik summativ qiymətləndirmələri tərtib etdikdə istifadə oluna bilər. Həmin cədvəl bölməni yekunlaşdırarkən şagirdi xarakterizə etmək üçün əlverişlidir.

 

Nümunə: 

  

6 sinif I bölmə.  Fizika nəyi öyrənir (bax cədvəl).

 

Standart

Standartın məzmunu

IV səviyyə

III səviyyə

II səviyyə

I səviyyə

1.1.1.

Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir.

+

 

 

 

1.1.2.

Müxtəlif xarakterli fiziki hadisələrə dair sadə məsələlər həll edir.

 

+

 

 

1.1.4.

Müxtəlif xarakterli təbiət hadisələrinə dair müşahidələrini təqdim edir.

+

 

 

 

3.1.1.

Sadə ölçü cihazlarından istifadə edir.

+

 

 

 

3.1.2.

Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.

+

 

 

 

3.2.1.

İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir.

+

 

 

 

3.2.2.

Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatlar təqdim edir.

+

 

 

 

 

Nümunəyə əsasən şagird bölməni tam mənimsəmiş kimi qəbul edilə bilər. Şagird yalnız məsələ həllində qismən zəiflik göstərmişdir.

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 28.12.2018-ci il tarixli 8/1 nömrəli qərarına əsasən cari tədris ilinin    I yarımilinin sonundan etibarən  məktəbdaxili qiymətləndirmədə bal sistemi tətbiq olunmağa başlanmışdır. Bununla əlaqədar tərtib olunmuş cədvəl hər bölmə üzrə standartların ayrı-ayrılıqda bal paylaşmasında da əlverişli ola bilər. Eyni zamanda bu cür cədvəllər fizika fənninin hər bölməsi üzrə tərtib oluna bilər.

 

 

Mehriban  BAĞIROVA,

Bakı şəhəri 42 nömrəli  tam orta məktəbin fizika müəllimi