2020-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda qeyri-adi Robot Elmi Muzeyi (Robot Science Museum, RSM) inşa ediləcək. Obyekt türk memarlıq şirkəti “Melike Altinisik Architects” tərəfindən tikiləcək. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni muzeyin istehsal dizaynı, konstruksiya, tikinti, eləcə də istismarının bütün mərhələlərində robotlar, 3D-printer və dronlar işə cəlb olunacaq.
Muzeydə robotlar ilə yanaşı, süni intellektə, virtual və əlavə reallığa, holoqrafik texnologiyalara, həmçinin bu sferalar üzrə müxtəlif təlimlərə həsr edilmiş sərgilərin də keçirilməsi planlaşdırılır.
www.hi-news.ru saytının məlumatına əsasən, binanın inşasında kəsilmiş və düzbucaqlı formalardan istifadə nəzərdə tutulmur. Robotların bir qrupu binanın fasadının tikintisi, müstəqil boşaltma, yığım, qaynaq və metal lövhələri parıldatmaq kimi işlərlə məşğul olacaqlar. İkinci qrup isə beton çap edən 3D-printerlərin köməyi ilə landşaftı əhatə edəcək. Bundan əlavə, yoxlama, təhlükəsizlik və tikinti işlərinin monitorinqi üçün yığcam dronlardan istifadə ediləcək.
Muzeydə ilk sərginin 2020-ci ildə keçirilməsi planlaşdırılır.
Yusif ƏLİYEV