Təhsilin gələcəyi təkmilləşmə və texnoloji transformasiyadadır


“Qeyri-müəyyənlik” son illərdə istənilən mövzu ətrafında aparılan ictimai müzakirələrdə ən çox istifadə edilən sözdür. Dünyanın bütün ölkələrində hökumət  nümayəndələri, biznes və ictimai təşkilatların təmsilçiləri taktiki problemlərin həlli zamanı uzunmüddətli planlaşdırmanın mənasız  vaxt  itkisi  olduğunu  bildirirlər. Bu  baxımdan  heç  də  təsadüfi  deyil ki, həmin o qeyri-müəyyənlik təhsil sferasına da sirayət edə bilib. Təhsillə bu və ya digər formada bağlı olan hər kəs gələcək inkişaf tendensiyaları - yeni trendlərin nədən ibarət olacağına dair proqnozlarla çıxış edirlər.

 

“NMC Horizon” (The New Media Centers) 2002-ci ildən etibarən təhsil sahəsinə dair müxtəlif hesabatlar yayımlayır. Təşkilatın yaxın 5 ildə ali təhsilə təsir göstərəcək yeni metodika və texnologiyalara dair araşdırması ciddi maraq doğurur.

 

Proqressiv tədris metodlarının tətbiqi mədəni transformasiyadan keçir.

 

XXI əsrədək belə hesab olunurdu ki, universitetlərdə əsas söz sahibləri müəllimlərdir. Ancaq yeni dövrün qədəm qoyması ilə başlıca diqqət tələbənin tələbatlarının ödənməsi və uğurlarının stimullaşdırılmasına yönəldi. Müasir ali məktəbin strukturu elə qurulmalıdır ki, yeni ideyalar mübadiləsi, kampus daxilində və xaricində uğurlu keyslərin meydana çıxması və onların praktikada sınaqdan çıxarılmasına şərait olsun. Universitetin bütün fəaliyyəti uğurlu tələbə obrazının formalaşmasına hesablanmalıdır. Mütəxəssislərin fikrincə, bu məqsədə çatmaq üçün ən azı aşağıdakılara nail olmaq lazımdır:

 

- Məqsəd və hədəflər dəqiq müəyyən olunmalıdır;

 

- Təşkilatlanmış dəstək strukturları yaradılmalıdır;

 

- Müəllimlərin pedaqogikada rəqəmsal texnologiyalar əsasında təkmilləşmələrinə önəm verilməlidir;

 

- Tədris planı və tələbələrin qiymətləndirilməsi sisteminə yenidən baxılmalıdır.

 

Tələbənin real praktiki bacarıqları onun gələcəkdə işlə təminatına və peşəkar ixtisaslaşmasına imkan verir.

 

Tələbə ali məktəbə daxil olarkən nəyə ümid edir? Təbii ki, ilk növbədə lazımi bilik və bacarıqların əldə edilməsinə. Nəyə lazımdır bu bilik və bacarıqlar? Əlbəttə ki, gələcək karyera və işlə təminata. Deməli, ali məktəbdən ən böyük gözlənti tələbənin gələcəkdə uğurlu karyera qurmasına yönəlib.

 

Təəssüf ki, dünyanın bir sıra ölkələrində, o cümlədən postsovet məkanında məzunların işlə təminatı sahəsindəki vəziyyət heç də ürəkaçan deyil. NMC-nin mütəxəssisləri hesab edirlər ki, bu, ciddi siqnaldır.

 

Ali məktəblər tezliklə tədris proqramlarını kardinal şəkildə dəyişməli, tələbələrə daha dərin nəzəri biliklərin verilməsinə, habelə müasir texnologiyaların tətbiqi ilə praktiki bacarıqların aşılanmasına nail olmağa çalışmalıdırlar.

 

Əməkdaşlıq effektiv qərarların paylaşımı üçün başlıca faktordur.

 

Dünya səviyyəli ali məktəbi fərqləndirən ən əsas amil onun qlobal bazarda əməkdaşlığa hazır  olmasıdır.  Kütləviləşmə  və  müştəriyə yönəliklik elə bir vəziyyətə səbəb olub ki, universitetlər arasında inanılmaz rəqabət hökm sürür. Bununla yanaşı, qloballaşma da müxtəlif ölkələrdən olan ali məktəblərin bir alyansda birləşmələrinə əlverişli şərait yaradır. Hətta belə demək mümkündürsə, belə birliklər ehtiyacdan doğan reallığın göstəriciləridirlər. Universitetlərin kooperasiyası təhsil xidməti sahəsində uduşlu mövqelərin əldə olunması istiqamətində başlıca şərtlərdən birinə çevrilib. Alyanslar tək fərqli ölkələrdən olan ali məktəblər arasında qurulmur. Hər bir ali məktəb ölkə daxilində də belə birliklərin yaradılmasına nail ola bilər. Məsələn, ABŞ-ın Orta Qərb bölgəsinin 12 ali məktəbi (University of Chicago; University of Illinois; Indiana University; University of  Iowa; University of  Michigan; Michigan State University; University of  Minnesota; Northwestern University; Ohio State University; Pennsylvania State University; Purdue University; University of  Wisconsin-Madison) ümumi məqsədlərə nail olmaq üçün möhkəm alyans yaratmağa müvəffəq olub.

 

Texnologiyalardan geniş istifadəyə baxmayaraq, onlayn-təhsil çoxları üçün əlçatmaz olaraq qalmaqdadır.

 

Problemin mahiyyəti ondan ibarətdir ki, bu gün dünyanın heç də hər yerində insanların onlayn-təhsil almaq üçün imkanları yoxdur. Beynəlxalq Elektrorabitə İttifaqının 2017-ci ilə olan statistikasına görə, dünya əhalisinin yalnız 47,9%-nin internetə çıxışı var. İnternetdən ən çox yararlanan əhali inkişaf etmiş ölkələrdə yaşayır (81%). Bu göstərici inkişafda olan ölkələrdə 40, inkişafdan qalan dövlətlərdə isə 15%-dir.

 

Daha bir vacib məqam internetin sürətidir. Məsələn, Rusiyada hər 100 nəfərdən 12-nin sürətli internetdən yararlanmaq imkanı var. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu göstərici 2,5 dəfə yüksəkdir. Cənubi Amerika, Afrika, Asiya, Ərəb dünyasında bu sahədə vəziyyət ürəkaçan deyil. Bu amil göstərilən regionlarda yaşayan əhalinin onlayn-təhsil almaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

 

Fərdi şəkildə bacarıqların qiymətləndirilməsi sistemləri yaradılmalıdır.

 

Bazarın tələblərinə uyğun olaraq universitetlərin dəyişib inkişafa can atmaları təbii prosesdir. Təhsilin fərdiləşməsi bu prosesin ayrılmaz tərkib hissəsidir. NMC-də hesab edirlər  ki,  bu  istiqamətdə  atılmalı  olan  ilk  addım tələbənin bacarıqlarını qiymətləndirəcək fərdi sistemlərin yaradılması olmalıdır. Bu sistem hesabına hər bir tələbənin bilik və bacarıqları, habelə ehtiyaclarına dair daha səhih mənzərəyə sahib olmaq mümkündür. Gələcəkdə ən çox ehtiyac duyulan bacarıqlar bunlar olacaq:

 

- Professional-texniki;

 

- Yaradıcı potensial;

 

- Tənqidi düşüncə.

 

Hazırda dünya praktikasında fərdi qiymətləndirmə sistemlərinə dair bir neçə uğurlu layihə mövcuddur. “Stanford’s Lytics Lab” tələbələrin inkişaf dinamikasını daha dəqiq qeydə almaq üçün sınaqdan çıxarılmış empirik araşdırmaların ən uğurlularından biridir. Karnegi-Mellon Universitetinin “Open-Learning Initiative” və Merilin Universitetinin Kollec-Parkdakı “Check-My-Activity-Tool of the” proqramları bu qəbildən olan və perspektivli sayılan layihələrdir. Son iki proqram tələbələrə öz məhsuldarlıqlarını nəzarətdə saxlamağa imkan verir.

 

Rəqəmsal dünyadan “baş çıxarmaq” üçün sadəcə texnologiyalardan istifadə edə bilmək yetərli deyil.

 

 

Bu gün rəqəmsal texnologiyalar milliyyətindən, irqi və dinindən, mədəniyyətindən asılı olmayaraq hər bir fərd üzərində güclü təsirə malikdir. Bu təsirin nəticələri də öz növbəsində insan həyat və fəaliyyətinin bütün sferalarında özünü göstərən mühüm faktora çevrilib. Ancaq hesab olunur ki, rəqəmsal və texnoloji dünyada texnologiyalardan istifadə etmək bacarığı yetərli deyil. İnsan onlardan yararlanaraq peşəkar imkanlarını artırmağı və işini maksimum keyfiyyətli görməyi bacarmalıdır. Ali məktəblərin üzərinə düşən missiya bundan ibarətdir ki, tələbələrinin rəqəmsal mühiti anlamaları və ona alışmaları üçün lazımi tələbləri yerinə yetirə bilsin. Tələbəni sürətlə inkişaf edən rəqəmsal texnologiyalar dövrünə alışmağa öyrətmək və bu dünyada öz strategiyasını dərk etmək ali məktəblər qarşısında duran ən vacib və mürəkkəb çağırışlardan biridir.

 

Onlayn, həmçinin mobil və qarışıq təhsilin effektivliyi heç kimdə şübhə doğurmur.

 

 

Onlayn-təhsil ali təhsil sahəsində ən mütərəqqi kəşflərdən biridir. Universitetlərin hər bir tələbə uğrunda mübarizə apardıqları dövrdə onlayn-təhsil platformalarının milyonlarla dinləyiciləri var. “Class Central”ın 2016-cı il araşdırmasına görə, 3 il əvvəl onlayn-təhsil platformalarında 700-dən çox universitet, 6900-a yaxın kurs təmsil olunurdu. Bu platformalarda ümumilikdə 58 milyon dinləyici təhsil alırdı.

 

Ənənəvi ali məktəblərin bu platformalarla rəqabət aparmaları mənasız vaxt itkisidir. Onlayn-kurslarda dinləyici daha az xərclə istənilən sahəyə dair istədiyi vaxtda yekunlaşacaq biliklərin əldə edilməsini arzu edə bilər. Onlayn-təhsil hər bir tələbəyə öz tədrisi prosesinə nəzarət etmək və azadlıq imkanları yaradır. Məhz bu səbəbdən dinləyicilər arasında çox populyardır.

 

Hesab olunur ki, hər bir nüfuzlu ali məktəbin dəqiq işlənilmiş tədris planı ilə öz onlayn-təhsili olmalıdır. London İmperiya Kolleci 2016-cı ildə sonra “qarışıq sistem” adını almış yanaşmanın əsasını qoyub. Belə ki, mühəndislik fakültəsinin tələbələri son semestrdə biznes üzrə onlayn-kurs götürürlər.

 

3 il əvvəl ənənəvi ali məktəbdə onlayn-kursun olması inqilabi addım hesab edilirdi.

 

Hazırda universitetdə onlayn, mobil və qarışıq təhsil imkanlarının olması onun müasirliyinin göstəricilərindən biridir. Əgər ali məktəbdə bu metodların effektiv inteqrasiya strategiyası mövcud deyilsə, əmin şəkildə demək olar ki, həmin universitetin gələcəyi yoxdur.

 

Təhsil sistemləri yeni tədris metodlarını əxz etməyə hazır olmalıdır.

 

 

Texnologiyaların tədris prosesinə effektiv inteqrasiyası tələbələrin inkişaf dinamikası və bilik əldə etmək marağının stimullaşdırılmasına müsbət təsir göstərir. Texnoloji yeniliklərin təhsil prosesinə tətbiqi üçün əlverişli mühitə ehtiyac var. Adətən müəllimlər yeni vasitələri və platformaları tədris prosesində tətbiq etmək istəyirlər. Reallıqda isə təhsil sistemi yeni tədris metodlarının tətbiqinə hazır olmur. Bu səbəbdən ali məktəblərdə elə əlverişli mühit olmalıdır ki, qabaqcıl tədris metodları və texnologiyaların sınaqdan çıxarılması mümkün olsun.

 

Fasiləsiz təhsil ali təhsilin əsasıdır.

 

Elmli cəmiyyət və rəqabətədözümlü iqtisadiyyat arzusunda olan dövlətlər anlayırlar ki, əhalinin savadı daima artmalıdır, mütəxəssislərin biliyi yüksəlməlidir və ümumilikdə peşəkar inkişaf imkanları genişlənməlidir. Buna ancaq universitetlə korporasiyaların kooperasiyası hesabına nail olmaq mümkündür. İngilis dilində bu prosesə “lifelong learning” deyilir. NMC-nin hesabatına görə, yaxın gələcəkdə “lifelong learning”in qarşısında duran başlıca çağırış tək tələbə və gənc nəsil deyil, əhalinin digər kontingenti, əsasən də müəllimlərin və mütəxəssislərin davamlı tədrisini stimullaşdıracaq proqramların hazırlanması olacaq.

 

 

Rüstəm QARAXANLI