Emil Hüseynov: “Münsiflər repertuarımın çox çətin olduğunu bildirsələr də öhdəsindən gəldim”


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının X sinif şagirdi, istedadlı violin ifaçısı Emil Hüseynov  beynəlxalq müsabiqələr  və  festivallar  laureatıdır. Gənc istedadla  növbəti məşğələsi başa çatandan  sonra  elə studiyadaca görüşdük. Hiss olunurdu ki, ifa etdiyi mahnıların  sehrindən  hələ də ayrılmayıb. Açığı, elə mən özüm də qapının arxasından dinlədiyim mahnıların  təsiri altında idim. Musiqi təhsilim olmasa da onlar ruhuma qanad verir, məni də arzularımın qovuşdura biləcəyi  ünvanlara pərvazlandırırdı.  Belə olan halda  bu qeyri-adi istedad sahibi ilə söhbətimiz  də şübhəsiz  ürəkaçan olmalıydı və oldu da. Bayaqdan  zərif barmaqları musiqinin, notların dili ilə  ürəkləri ovsunlayırdısa, indi özü danışır, maraqlı söz-söhbəti ilə ovqatıma xoş əhvali-ruhiyyə  nəsib edirdi.

 

 

İlk uğuruma imza atdım

 

 

2003-cü ildə  Bakıda anadan olmuşam, - deyə, bir az da utancaq halda  söhbətə başladı. 5 yaşım tamam olmamış  nənəm məni Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində skripka  ixtisası üzrə Bakı Musiqi Akademiyasının professoru olan  Hökümə Əliyevanın  sinfinə  qoydu. Qeyd edim ki, nənəm Məsumə  Kərimova  özü  də həmin musiqi məktəbində fortepiano ixtisasını tədris edir. Paytaxtdakı 285 nömrəli tam orta məktəbdə təhsil alıram. Qeyd edim ki, 2013-cü ildə ilk  uğuruma imza atdım. Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” beynəlxalq müsabiqəyə qatıldım. Onda  mənim 9 yaşım olsa da  violin nominasiyası üzrə rəqiblərim 10-12 yaşlarında  musiqiçilər idi. Onların təcrübələri məndən  çox  idi, ancaq  cəsarət nümayiş etdirib  qalib oldum  və  I yeri tutdum. Həm münsiflər heyəti, həm də  dinləyicilər  və digər iştirakçılar ifalarımı çox bəyəndilər. Repertuarıma daxil edilən G.F.Hendelin 2 nömrəli sonatasını, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletini və proqramdan əlavə olaraq K.Debüssinin “Ağır vals”ını  ifa etdim. Münsiflər heyəti  repertuarımın yaş qrupu üçün çox çətin olduğunu bildirsələr də hamısının öhdəsindən gəldim.

 

 

Dəfələrlə laureat adını qazanmışam

 

 

Əslində mən  bundan öncə də  bir neçə müsabiqə və festivallarda qalib olmuşam.  Qara Qarayevin anadan olmasının 95 illiyinə həsr olunan  gənc musiqiçilərin ikinci respublika elmi-ifaçılıq müsabiqəsinin, habelə “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” birinci respublika festivalının laureatı olmuşam. Ümumiyyətlə, müxtəlif illərdə dəfələrlə  respublika festivalında, III  respublika elmi-ifaçılıq müsabiqəsində laureat adını qazanmışam.

 

 

Qran-pri mükafatı aldım

 

 

Mən  artıq istedad və bacarığıma   güvənərək  ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən  beynəlxalq müsabiqələrə  qatılırdım və hər dəfə də  qalib  olaraq  laureat adını qazanırdım.   2015-ci ildə isə  İspaniyanın Barselona şəhərində keçirilən “Dəniz, günəş, festival” adlı beynəlxalq festival-müsabiqədə iştirak edəcəyimi eşitdikdə  çox sevindim. O müsabiqə də mənə uğur qazandırdı və  I yerə layiq görüldüm. Maraqlı bir  məqamı nəzərinizə çatdırım ki,  Barselonada  müsabiqədə iştirak edərkən əsərlərim  yenə   mürəkkəb oldu, sanki bu, mənim alın yazım idi. Əsər o qədər çətin idi ki,  hətta məni müşayiət edən  şəxs  həmin   əsərləri  çala bilmədi. Mən özüm solo da çaldım və I yerin sahibi oldum və Qran-pri mükafatına layiq görüldüm. Burada da eyni ilə ötən müsabiqələrdə olduğu kimi  münsiflər heyəti  proqramımın  yaş qrupu üçün çox çətin olduğunu  vurğuladı.

 

 

Mənə müxtəlif hədiyyələr verildi

 

 

Müvəffəqiyyətlə çıxış edərək  Qala konsertində iştirak etdim, həm  də  2016-cı ildə Berlində keçiriləcək beynəlxalq müsabiqəyə dəvət  aldım. Uğurlu çıxışımla  Moskva, Sankt-Peterburq, Gürcüstan və İspaniyanın dəyərli musiqiçilərindən ibarət   münsiflər heyətinin , dinləyicilərin  rəğbətini qazandım.  Hətta Gürcüstan və Qazaxıstandan gələn ifaçılar tərəfindən  mənə müxtəlif  hədiyyələr  də bağışlandı, mən də yadigar olaraq onlara  Azərbaycan bayrağını  hədiyyə etdim. Əlbəttə ki, bu  uğurlarıma görə  müəllimlərimə və  valideynlərimə minnətdaram.

 

 

Özümü xoşbəxt sanırdım

 

 

Ötən bu illər ərzində  sevincli  və həyəcanlı anları çox yaşamışam. Diplomlar təqdim edilən zaman respublikamızın və paytaxtımızın adlarını eşidərkən çox sevinirdim. Çünki  bu yarışların çoxunda respublikamızı tək mən təmsil edirdim. Müsabiqələrdə  mənim hər qələbəmdən sonra Azərbaycanın bayrağı   dalğalananda isə  qürur  hissi duyurdum.  İştirakçılar arasında Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Yeni Zelandiya, İndoneziya, Hindistan və s. ölkələrin nümayəndələri var idi.

 

 

Xalq mahnılarını da məharətlə ifa edirəm

 

 

 

CASPİ-ART  Uluslararası beynəlxalq  sənət yarışmasında  qazandığım qələbənin sevincini, inanın ki, hələ də yaşayıram. Həmin yarışmada da  I yeri  qazanaraq   diplomla mükafatlandırıldım.

 

Qeyd edim ki, gənc violin ifaçısı  kimi mütəmadi olaraq  məktəb-studiyanın bütün konsert və tədbirlərində rəngarəng proqramla çıxış edirəm. Ötən illərdə olduğu kimi  2018-ci ildə də nailiyyətlərim az olmayıb.   May ayında iki möhtəşəm  yubiley tarixi  qeyd olunurdu; Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Cümhuriyyətin 100 illiyi ilə  əlaqədar keçirilən tədbirlərdə   və  konsert proqramlarında Azərbaycan və dünya bəstəkarlarının  əsərlərini, həmçinin Azərbaycan xalq mahnılarını  məharətlə  ifa etmişəm. III respublika elmi-ifaçılıq müsabiqəsində  və  2018-ci ilin aprelində “Akademik, xalq  və caz musiqisi” respublika festivalında  da  uğur qazanmışam. Uşaqların Beynəlxalq Müdafiəsi  Gününə həsr olunan “Mənim səsim, mənim hüquqlarım” mövzusunda keçirilən tədbirdə F.Əmirovun “Sevgi” rəqsi alqışlarla qarşılandı və iştirakçılarda  xoş ovqat  yaratdı. Dəfələrlə televiziyaların uşaq verilişlərinin  qonağı  olmuşam.

 

 

Müəllimlərimə borcluyam

 

 

Bilirsiniz ki, skripka simli alətlər arasında ən  zərifidir. Bəzən hər hansı əsərı ifa edərkən öz xarakterimə, zövqümə uyğununu seçirəm, müəllimlərimin  seçimləri daha önəmli olur. Beynəlxalq müsabiqələrə qatılarkən  müəllimlərimdən  məsləhət alıram. Üzərimdə  əməyi olan  bütün müəllimlərimə, sənət fədailərinə,   rektorumuz Fərhad Bədəlbəyliyə, direktor Tərlan Seyidova, direktor müavini Sevda Məmmədovaya, ixtisas müəllimim Nilüfər Salamzadəyə minnətdaram. Onların yaxından dəstəyi olmasaydı  nə siz məni tanıyacaqdınız, nə də     mən sizi.  Ümumiyyətlə, biz musiqiçiləri musiqisevərlərə sevdirən  istedad və bacarığımızla bərabər, bizim üçün əzizdən-əziz, zirvədən uca olan müəllimlərimizdir. O müəllimlər ki, təmənnasızlıqları ilə hamıdan fərqlənir, şam  ömrü yaşayaraq  ömrümüzü nura qərq edirlər.

 

Sifai SƏFƏROVA