Hər qələbəmdən sonra Azərbaycan bayrağı dalğalananda qürur duyuram” | |
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının X sinif şagirdi, istedadlı violin ifaçısı Emil Hüseynov beynəlxalq müsabiqələr və festivallar laureatıdır. Gənc istedadla növbəti məşğələsi başa çatandan sonra elə studiyadaca görüşdük. Hiss olunurdu ki, ifa etdiyi mahnıların sehrindən hələ də ayrılmayıb. Açığı, elə mən özüm də qapının arxasından dinlədiyim mahnıların təsiri altında idim. Musiqi təhsilim olmasa da onlar ruhuma qanad verir, məni də arzularımın qovuşdura biləcəyi ünvanlara pərvazlandırırdı. Belə olan halda bu qeyri-adi istedad sahibi ilə söhbətimiz də şübhəsiz ürəkaçan olmalıydı və oldu da. Bayaqdan zərif barmaqları musiqinin, notların dili ilə ürəkləri ovsunlayırdısa, indi özü danışır, maraqlı söz-söhbəti ilə ovqatıma xoş əhvali-ruhiyyə nəsib edirdi.
İlk uğuruma imza atdım
2003-cü ildə Bakıda anadan olmuşam, - deyə, bir az da utancaq halda söhbətə başladı. 5 yaşım tamam olmamış nənəm məni Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində skripka ixtisası üzrə Bakı Musiqi Akademiyasının professoru olan Hökümə Əliyevanın sinfinə qoydu. Qeyd edim ki, nənəm Məsumə Kərimova özü də həmin musiqi məktəbində fortepiano ixtisasını tədris edir. Paytaxtdakı 285 nömrəli tam orta məktəbdə təhsil alıram. Qeyd edim ki, 2013-cü ildə ilk uğuruma imza atdım. Bolqarıstanın Albena şəhərində keçirilən “Orfeyin varisləri” beynəlxalq müsabiqəyə qatıldım. Onda mənim 9 yaşım olsa da violin nominasiyası üzrə rəqiblərim 10-12 yaşlarında musiqiçilər idi. Onların təcrübələri məndən çox idi, ancaq cəsarət nümayiş etdirib qalib oldum və I yeri tutdum. Həm münsiflər heyəti, həm də dinləyicilər və digər iştirakçılar ifalarımı çox bəyəndilər. Repertuarıma daxil edilən G.F.Hendelin 2 nömrəli sonatasını, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletini və proqramdan əlavə olaraq K.Debüssinin “Ağır vals”ını ifa etdim. Münsiflər heyəti repertuarımın yaş qrupu üçün çox çətin olduğunu bildirsələr də hamısının öhdəsindən gəldim.
Dəfələrlə laureat adını qazanmışam
Əslində mən bundan öncə də bir neçə müsabiqə və festivallarda qalib olmuşam. Qara Qarayevin anadan olmasının 95 illiyinə həsr olunan gənc musiqiçilərin ikinci respublika elmi-ifaçılıq müsabiqəsinin, habelə “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” birinci respublika festivalının laureatı olmuşam. Ümumiyyətlə, müxtəlif illərdə dəfələrlə respublika festivalında, III respublika elmi-ifaçılıq müsabiqəsində laureat adını qazanmışam.
Qran-pri mükafatı aldım
Mən artıq istedad və bacarığıma güvənərək ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən beynəlxalq müsabiqələrə qatılırdım və hər dəfə də qalib olaraq laureat adını qazanırdım. 2015-ci ildə isə İspaniyanın Barselona şəhərində keçirilən “Dəniz, günəş, festival” adlı beynəlxalq festival-müsabiqədə iştirak edəcəyimi eşitdikdə çox sevindim. O müsabiqə də mənə uğur qazandırdı və I yerə layiq görüldüm. Maraqlı bir məqamı nəzərinizə çatdırım ki, Barselonada müsabiqədə iştirak edərkən əsərlərim yenə mürəkkəb oldu, sanki bu, mənim alın yazım idi. Əsər o qədər çətin idi ki, hətta məni müşayiət edən şəxs həmin əsərləri çala bilmədi. Mən özüm solo da çaldım və I yerin sahibi oldum və Qran-pri mükafatına layiq görüldüm. Burada da eyni ilə ötən müsabiqələrdə olduğu kimi münsiflər heyəti proqramımın yaş qrupu üçün çox çətin olduğunu vurğuladı.
Mənə müxtəlif hədiyyələr verildi
Müvəffəqiyyətlə çıxış edərək Qala konsertində iştirak etdim, həm də 2016-cı ildə Berlində keçiriləcək beynəlxalq müsabiqəyə dəvət aldım. Uğurlu çıxışımla Moskva, Sankt-Peterburq, Gürcüstan və İspaniyanın dəyərli musiqiçilərindən ibarət münsiflər heyətinin , dinləyicilərin rəğbətini qazandım. Hətta Gürcüstan və Qazaxıstandan gələn ifaçılar tərəfindən mənə müxtəlif hədiyyələr də bağışlandı, mən də yadigar olaraq onlara Azərbaycan bayrağını hədiyyə etdim. Əlbəttə ki, bu uğurlarıma görə müəllimlərimə və valideynlərimə minnətdaram.
Özümü xoşbəxt sanırdım
Ötən bu illər ərzində sevincli və həyəcanlı anları çox yaşamışam. Diplomlar təqdim edilən zaman respublikamızın və paytaxtımızın adlarını eşidərkən çox sevinirdim. Çünki bu yarışların çoxunda respublikamızı tək mən təmsil edirdim. Müsabiqələrdə mənim hər qələbəmdən sonra Azərbaycanın bayrağı dalğalananda isə qürur hissi duyurdum. İştirakçılar arasında Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Yeni Zelandiya, İndoneziya, Hindistan və s. ölkələrin nümayəndələri var idi.
Xalq mahnılarını da məharətlə ifa edirəm
CASPİ-ART Uluslararası beynəlxalq sənət yarışmasında qazandığım qələbənin sevincini, inanın ki, hələ də yaşayıram. Həmin yarışmada da I yeri qazanaraq diplomla mükafatlandırıldım.
Qeyd edim ki, gənc violin ifaçısı kimi mütəmadi olaraq məktəb-studiyanın bütün konsert və tədbirlərində rəngarəng proqramla çıxış edirəm. Ötən illərdə olduğu kimi 2018-ci ildə də nailiyyətlərim az olmayıb. May ayında iki möhtəşəm yubiley tarixi qeyd olunurdu; Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə və konsert proqramlarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini, həmçinin Azərbaycan xalq mahnılarını məharətlə ifa etmişəm. III respublika elmi-ifaçılıq müsabiqəsində və 2018-ci ilin aprelində “Akademik, xalq və caz musiqisi” respublika festivalında da uğur qazanmışam. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Mənim səsim, mənim hüquqlarım” mövzusunda keçirilən tədbirdə F.Əmirovun “Sevgi” rəqsi alqışlarla qarşılandı və iştirakçılarda xoş ovqat yaratdı. Dəfələrlə televiziyaların uşaq verilişlərinin qonağı olmuşam.
Müəllimlərimə borcluyam
Bilirsiniz ki, skripka simli alətlər arasında ən zərifidir. Bəzən hər hansı əsərı ifa edərkən öz xarakterimə, zövqümə uyğununu seçirəm, müəllimlərimin seçimləri daha önəmli olur. Beynəlxalq müsabiqələrə qatılarkən müəllimlərimdən məsləhət alıram. Üzərimdə əməyi olan bütün müəllimlərimə, sənət fədailərinə, rektorumuz Fərhad Bədəlbəyliyə, direktor Tərlan Seyidova, direktor müavini Sevda Məmmədovaya, ixtisas müəllimim Nilüfər Salamzadəyə minnətdaram. Onların yaxından dəstəyi olmasaydı nə siz məni tanıyacaqdınız, nə də mən sizi. Ümumiyyətlə, biz musiqiçiləri musiqisevərlərə sevdirən istedad və bacarığımızla bərabər, bizim üçün əzizdən-əziz, zirvədən uca olan müəllimlərimizdir. O müəllimlər ki, təmənnasızlıqları ilə hamıdan fərqlənir, şam ömrü yaşayaraq ömrümüzü nura qərq edirlər.
Sifai SƏFƏROVA |
|
02.03.2019 | 14:45 | |
|
|
|