Bu metodla hər kəs ingilis dilini digər metodlarla müqayisədə 4 dəfə az vaxta öyrənə bilər
Ümummilli lider Heydər Əliyev dilimizi yüksək qiymətləndirərək çıxışlarında qeyd etdiyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dahi rəhbərin fikrincə, hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adamlar adlandırırdı. Şübhəsiz, ana dili bizim varlığımızı, kimliyimizi, şəxsiyyətimizi sübut edən əsas “pasport”dur. Buna baxmayaraq, hazırda dünyaya inteqrasiya etmək, mədəniyyətlərarası əlaqələr və fərqli dünyagörüşləri tuta bilmək, üfüqü genişləndirmək üçün bir və ya bir neçə xarici dili bilmək bacarığı zamanın tələbinə uyğun prioritet məsələlərdəndir. Afinalı filosof Sokratın da məşhur aforizminə istinad etsək, neçə dil bilirsənsə, o qədər adamsan.
Zamanın nəbzini tutmaq, müasir dövrlə ayaqlaşmaq üçün ingilis dilini öyrənmək zəruri əhəmiyyət kəsb edir. Başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsi kimi ilk “beynəlxalq ortaq dil” statusunu qazanıb. İngilis dili dünyanın ən çox danışılan və eyni zamanda öyrənilən dilidir. Hazırda dünya üzərində internet resurslarının və çap olunan kitabların 80% - dən çoxu ingilis dilində olduğuna görə bu dili öyrənmək zərurəti yaranır.
Əcnəbi dillərin, xüsusilə də, ingilis dilinin tədrisində bir neçə metod və üsullardan istifadə olunur. Müasir dövrdə dünyada ənənəvi üsullardan fərqli olaraq geniş yayılan və tətbiq olunan tanınmış metodlardan biri “Kallan metodu”dur (ing. Callan method). Kallan metodu ingilis dilini öyrədən təhsil sistemləri arasında seçilən, həssas, kompleks bir nümunə olub əsas üstünlüyü və diqqəti şifahi nitqə yönəldən, tətbiq edilməsi son dərəcə rahat və axıcı İngiltərə patentli bir dili proqramıdır. Bu metodla müəllim xarici dili öyrənənlərin dinləmə və danışıq qabiliyyətini inkişaf etdirməklə yanaşı, onu asan, əyləncəli, sürətli və praktik yolla qarşısına məqsəd qoyaraq tədris edir. Bu termini elmə ilk dəfə 1960-cı ildə İngiltərədə Robert Kallan gətirmiş və az müddətdə digər dərs proqramları və vəsaitləri ilə müqayisədə daha əlverişli olduğunu sübut edə bilmişdir. Onun fikrincə, bu üsulla qısa müddətdə ingilis dilini həm danışıq, həm də dinləmə baxımından əcnəbilərə asan yolla öyrətmək olar. Hətta dünyanın ən böyük şirkətləri olan IBM, Fiat, Olivetti, Philips, Honeywell kimi tanınmış markaların dil öyrənmək üçün öz sistemlərinə daxil etdikləri, üstünlük verdikləri və məsləhət gördükləri metoddur. Bir faktı qeyd etmək lazımdır ki, ilk dəfə yalnız bu metoddan istifadə edərək tədris edilən dil məktəbi 50 il bundan əvvəl London şəhərində açılmışdır və hazırda Callan School (Kallan məktəbi) Avropanın ən böyük özəl dil məktəbi hesab olunur. Məktəbin 120 sinif otağı, 120 müəllimi var, hər il orta hesabla London məktəbində 3500, 5 qitədə, 23 ölkədə olan 400 filialında isə milyonlarla tələbəyə bu üsulla ingilis dili az müddət ərzində asan yolla öyrədilir. Türkiyədə, Azərbaycanda bəzi dil kursları və özəl dil məktəblərində Kallan metodundan geniş istifadə olunur. Yaşından asılı olmayaraq ana dili ingilis dili olmayan hər bir kəs üçün son dərəcə asan, sürətli və olduqca maraqlı metoddur. Dərs müddətində təkraretmə və sürət aparıcı rol oynayır və bu iki məfhum dili yaxşı mənimsəməyə zəmanət verir. İngilis dilini öyrənmək istəyən hər bir kəs bu metodla digərləri ilə müqayisədə dörd dəfə az vaxta və pula qənaət edərək öyrənə bilir. Əgər xarici dil bu üsulla mənimsədilərsə, qısa müddətdə dili öyrənən normal danışıq sürəti ilə, yəni fasilə vermədən danışa bilir, çünki ilk gündən tələbənin dinləyib anlama qabiliyyəti təkmilləşdirilir. Sadəcə 100 akademik saata (dil səviyyələrinə görə 400 saata qədər artırıla bilir) əvvəldən ingilis dili bazası olmayan tələbəni dil səviyyəsini müəyyənləşdirən Kembric hazırlığı (Cambridge Preliminary) adlanan beynəlxalq imtahan səviyyəsinə qədər gətirib çatdıra bilir.
Kallan metodunun başlıca diqqət yetirdiyi məsələlərdən biri də ana dilində düşünmədən birbaşa danışmağı təmin etməkdən ibarətdir. Eyni zamanda geniş istifadə olunan praktik lüğət bazası ilə dil zənginləşdirilir və sürətli danışıq imkanları yaradaraq qrammatik quruluşların tədrisinə yer verilmir. Məqsəd çətin, bəzən də maraqsız qrammatik qaydaların tədrisinə fikri yönəltməmək, şifahi danışığa üstünlük verərək dilə yiyələnməkdən ibarətdir.
Dərs müddətində digər metodlardan fərqli olaraq, Kallan metodunda əsas diqqət danışığın üzərində cəmləşir, müəllim tələbələrin vaxtaşırı qrammatik bilikləri, intonasiya, tələffüz səhvlərini düzətməklə şifahi nitqi təkmilləşdirir. Oxuyub anlamanı müntəzəm olaraq mətn oxumaqla və düzgün yazı yazmağı praktiki yazılarla inkişaf etdirir. Bu metodun başqa bir üstünlüyü balaca qapalı siniflərdə əsasən dörd, çox olarsa on, ya on iki nəfərdən artıq olmayan tələbələrlə maksimum səviyyədə danışaraq dil bacarıqlarını yüksəltməkdir. İngilis dilini öyrənməyin, fasilə vermədən, düşünmədən danışmağın əsas sirri təkrar, təkrar və yenə də təkrar etməkdir.
Kallan metodunun tədris üsullarından biri də mükəmməl səviyyədə danışığa nail olmaq üçün ilk dərs günündən müəllimin tələbələrinə çox sürətli olmayan, təqribən bir dəqiqədə 200 - 240 söz civarında yalnız ingiliscə danışmasıdır. Müəllimin danışıq sürəti dərsin maraqsız keçməsinin qarşısını alır, tələbənin cümlələri fikrində öz ana dilinə tərcümə etməsinə mane olur, eyni sözləri təkrar - təkrar eşitməyə şərait yaradır. Bu yolla ingilis dilini sinif otağından kənarda da anlayıb başa düşülməsi asanlaşır və dilin sürətlə mənimsədilməsi təmin edilir. Yuxarıda qeyd etdiyim kimi, müəllim dərsdə aparıcı rol oynayır, mümkün qədər sürətli danışıq keyfiyyətli dərsin “açar”ı hesab olunur, bu səbəbdən Kallan metodu ilə dərsi, yaxşı olar ki, ana dili ingilis dili olan və ya bu dili mükəmməl səviyyədə bilən şəxs tədris etsin. Eyni zamanda bu metodda ev tapşırığı olmur, bütün üsul və vasitələrdən yalnız dərs zamanı istifadə edilir, yəni dərsi dərsdə öyrədən bir sistemdir. Bununla yanaşı, müəllim istənilən dərs vəsaitindən deyil, Kembricdənin tövsiyə etdiyi orijinal və xüsusi olaraq bu kurs üçün yazılmış kitab və materiallardan istifadə etməklə dili tədris edir. Nəzərə çatdıraq ki, bu kitablar heç bir kitab köşklərində və mağazalarda satılmır, yalnız rəsmi saytdan ödəniş edilərək alınır.
Bəs sözügedən metod dərsdə necə tətbiq edilir? Dərs müddətində hər kəsdən sualı müəllim iki dəfə soruşur. Tez və sürətli cavab ala bilmək və tələbəni danışığa sövq etmək üçün müəllim müəyyən ipucları da verə və ya sualın cavabını özü də deyə bilər. Tələbə tərcüməçi olmadan suala cəld cavab vermək üçün refleksiv təlim keçir. Kallan metodunda orta hesabla dil öyrənmək üçün tələbə hər dərsdə 25, bir dəqiqədə 210, dərs müddətində isə 10500 müxtəlif formada və mövzuda cümlə eşidir və təkrarlayır. Dərs ümumən dialoq formasında təşkil olunur. Müəllim eyni sualı soruşur və cavab verir, sonra eyni sualı qrupdakı hər kəsdən təkrarən soruşur və hər kəs eyni sualı təkrarlayır və cavabı verir. Vaxtaşırı və davamlı təkrarın nəticəsi olaraq, ingilis dilində heç bir anlayışı olmayanlar qısa zamanda müəyyən dərəcədə dil bacarıqlarına yiyələnir və irəliləyə bilirlər.
Yekun olaraq qeyd edim ki, hazırda dünyanın önəm verdiyi, digər klassik və ya standart dil öyrətmə metodları ilə müqayisə olunmayacaq dərəcədə dil bacarıqlarını az müddətdə sürətlə inkişaf etdirən müasir dil metodu və onun dərs müddətində necə tətbiq edilməsi ilə tanış oldunuz. Kallan metodu statistik bir metoddur. İngilis dilinin “riyaziyyatıdır” desək yanılmarıq. Proqramda səviyyələrə uyğun olaraq qrammatik materialın, yeni sözlərin, nəzərdə tutulan hədəflərin sayına görə belə adlanır. Eyni zamanda effekt verdiyindən 50 ildən artıqdır ki, dünyada bu metoddan geniş şəkildə istifadə edilir.
Sonda fikirlərimi fransız yazıçısı və filosofu Volterin məşhur aforizmi ilə bitirmək istərdim: “Çox dil bilmək qalanın bir neçə qapısının açarına sahib olmaqdır”. Bir fərd nə qədər savadlı olsa da, əcnəbi dil bilmədən biliyini dar çərçivədən çıxarıb daha da təkmilləşdirməsi, dünya təcrübəsindən faydalanması, elmi mübadilə aparması mümkün deyildir. Faydasız təhsil yoxdur, təhsil hər zaman faydalı və gərəklidir, lakin vacib olan təhsilin səmərəliliyidir, yəni nə dərəcədə lazımlı olduğudur. Çünki qarşınızda “nə qədər zaman sərf etdim” sualı dayanır. Zamanın isə dəyərini bilmək lazımdır. Vaxtın qiymətini bilmək üçün aylarla, hətta illərlə davam edən dil kurslarından deyil, qısa zaman kəsiyində yüksək səviyyədə dünyanın təsdiq etdiyi metoddan yararlanın və öyrənin.
Aygün ƏSGƏROVA,
Naxçıvan Müəllimlər İnstitutunun ingilis dili müəllimi