Qax Rayon Təhsil Şöbəsinin akt zalında təhsil şöbəsinin müdiri Məmməd Xasiyevin dövlət qulluğunda çalışmanın son yaş həddinə çatdığına görə təqaüdə yola salınması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Qax RİH-nin başçısı Musa Şəkiliyev açaraq Məmməd müəllimin fəaliyyəti dövründə qazanılan uğurlardan bəhs edib, onun həyat yolunun rayonun təhsil ictimaiyyətinə nümunə olduğunu vurğulayıb. Daha sonra Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə çıxış edərək təhsil nazirinin salamını Məmməd müəllimə və rayon ictimaiyyətinə çatdırıb. Nazir Ceyhun Bayramovun Məmməd Xasiyevin işinə dəyər verməsi məhz onun öz fəaliyyəti ilə qazandığı hörmətin nəticəsi olduğunu bildirərək, Təhsil Nazirliyinin Fəxri Fərmanını və hədiyyəsini ona təqdim edib.
Daha sonra məktəb direktorları, idarə və müəssisə rəhbərləri, müəllimlər çıxış edərək Məmməd müəllim haqqında öz xoş təəssüratlarını bildirblər, onu əsl təhsil fədaisi adlandırıblar.
Qeyd olunub ki, ömrünün 48 ilini təhsilə həsr edən, vətənpərvər, dəyərli ziyalı, əsl müəllim Xasiyev Məhəmməd Abdurahman oğlu 1948- ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub. 1971-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 1971-ci ilin sentyabr ayından Qax rayonu Dəymədağlı kənd tam orta məktəbində dərs hissə müdiri kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ilə qədər müxtəlif məktəblərdə dərs hissə müdiri vəzifəsində çalışıb. 1991-1992-ci illərdə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışıb. 1992-ci ilin sentyabrından isə Qax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü və Qax rayon təşkilatının sədr müavinidir. 2008-ci ildə cənab Prezidentin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
O, təhsil sahəsində respublikamızın sayılıb-seçilən ziyalılarındandır. İşlədiyi müddət ərzində ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin bütün sərəncam və əmrlərindən irəli gələn vəzifələri vaxtında və düzgün yerinə yetirmiş, fəaliyyətində heç bir ciddi nöqsana yol verməmişdir. Onun rəhbərliyi dövründə rayonun müəllim və şagirdləri respublika səviyyəli tədbirlərdə rayonu layiqincə təmsil edib, buraxılış və qəbul imtahanlarının nəticələrinə görə son illərdə həmişə Qax ölkənin şəhər və rayonları arasında ön sıralarda olub.