Şübhəsiz ki, bu dünyada ən kədərli varlıqlar “ümid dustaqları”dır. Dünyaca məşhur motivator Ziq Ziqların bu ifadəsi sözün əsl mənasında motivasiya tapıntısı, şedevrdir. Bu tip insanları başqa cür bu qədər aydın təsvir etmək olmazdı. Şübhəsiz ki, siz də belə insanları görmüsünüz. Bu o kəslərdilər ki, nə vaxtsa bir gün var-dövlətli qohumunun ona külli miqdarda miras qoyub, dünyasını dəyişəcəyini düşünür. “Ümid dustağı” o kəsdir ki, küçədə gəzərkən qutuya rast gələcəyinə, bu qutuya hirslə təpik vurduğunda havaya minlərlə dolların, manatın, avronun uçacağını düşünür və bu pulun ona əmin-amanlıq, xoşbəxt həyat gətirəcəyinə ümid edir. Bu o insanlardır ki, hər səhər limana gedib, xoşbəxtlik gəmisinin sahilə yan alıb-almadığına baxır. Halbuki özü də bilir ki, belə gəmi mövcud deyil, sadəcə ümid edir və elə o ümidin dustağıdır. Ən acınacaqlısı odur ki, bu insanların fenomenal qabiliyyətləri olur.
Rod Cadkinsin qələmə aldığı bir hadisəni xatırlayıram. Deyir ki, yaradıcılıq emalatxanasından birinin aktyoru müraciət edib, problemlərini danışıb. Bildirib ki, dəfələrlə müraciət etsə də, rol ala bilməyib. Onun vəziyyətini müzakirə etdik. Hər hansı tamaşada iştirak üçün teatr rejissorlarının təsdiqinə ehtiyac var idi. “Bəs niyə öz teatrının rejissoru olmayasan?”-deyə təklif etdim. Özün-özünə rol ver. Başqa aktyorlar üçün pul yoxdur? Özün bütün rolları oyna. Əşyalar çatışmır? Adi karton qutulardan düzəlt!
Beləcə, Şekspirin tamaşasında oynayan yeganə adam oldu. “Hamlet”i səhnələşdirdi və bütün hissələri özü oynadı. Tamaşa o qədər qeyri-adi, o qədər möhtəşəm, o qədər gözlənilməz idi ki. Elə bir uğur qazandı ki, hətta Brodveydən rol təklifləri yağış kimi yağmağa başladı. Amma heç birini qəbul etmədi. İmtina etdi! Niyə başqalarının qərarlarından asılı olmalı idi ki?
Bu prinsip hamıya aiddir. İdarədaxili əlaqələrin işlədiyin yerdə daha yaxşı ola biləcəyini düşünürsən? Onda həll yolu axtar. Yazıçı olmaq istəyirsən? Oturub ağlına böyük ideyalar gəlməyini gözləmə, sadəcə, əyləş və yaz! Dəyərli hesab etdiyimiz bir şeyi ortaya qoyanda canlanırıq. Dəyərli hesab edilən layihələrdə yaradıcılıq üzə çıxır. Əgər insanlar gördükləri işin əhəmiyyətli olduğunu hiss etsələr, bütün enerji və vaxtlarını ona sərf edərlər. Sadəcə, işi görmək lazımdır.
Siz ətrafınızda nə görmək istəyirsiniz? Öz işinizi sevirsinizmi? Tez əsəbləşir, özünüzdən çıxır, şikayətlənirsiniz? Siz nə haqda düşünürsünüzsə, o cürsünüz. Həyatınızı necə təsəvvür edirsinizsə, elə də olacaq.
Bəli, çox şey sizin situasiyaya necə baxmağınızdan asılıdır. Səhər tezdən övladınızı məktəbə aparmaq üçün yuxudan qalxmağa məcbur olursunuz, buna görə məktəbi, təhsil sistemini söyürsünüz bəlkə də. Amma övladınızın olduğunu və onun inkişafı üçün bu əzaba qatlaşdığınızı ağlınıza gətirmir, taleyinizə minnətdar olmursunuz.
Və yaxud...hər səhər işə getmək üçün ah-zar içində qalxır, metroda, avtobusda basabasda əzilib, geyiminizin, üst-başınızın dağıldığını sosial şəbəkədə yazırsınız. Amma elə o sosial şəbəkədə iş axtaran insanların elanlarını görüb, özünüzə baxmırsınız, evinizə çörək aparmağa vəsilə olan işinizin olduğuna görə heç şükür etmirsiniz.
Bax, elə indi adi gün yaşayırsınız. Bəlkə də plan qurursunuz, ya kiminləsə görüşə geyinəcəyiniz geyimin rəngini düşünürsünüz, bəlkə də yeni “start up” layihənizi, bank hesabındakı vəsaitin artıb-azalmasını və s. Düşüncə sərhədsizdir. İndi təbii fəlakətdən ziyan çəkmiş bir insan qrupunu göz önünə gətirin. Onlar nə düşünürlər? “Şükür Allaha ki, biz salamatıq”. Fəlakətə qədər belə fikir ağıllarına gəlmirdi, elə deyilmi? Hava kütləsinin bir balaca fərqli axını insan düşüncəsini 180 dərəcə dəyişir, bütün xəyallar duaya, Tanrıya şükürlərə çevrilir. Həyat bu qədər qəribə və dəyişkəndir.
Deyl Karneqinin “Narahatlığa son verib yaşamağa necə başlamalı” kitabında bir gənc haqqında söhbət açılır. Həmin gənc hər şeyə əsəbi reaksiya verir, heç kimlə yola getmir, hər zaman bəxtsizliyindən şikayətlənir. Çəkisi, sevdiyi qız, saçları, maşını, evi, bir sözlə, hər şey onu narazı salır. Bu narahatlıq onu normal yaşamağa, özünə baxmağa imkan vermir. Dostlarından aralı düşür, depressiyaya uğrayır. Atası onun bu vəziyyətini ürək ağrısı ilə izləyir. Bir gün oğluna uzaq bir şəhərə getməyi məsləhət görür və vağzalda vidalaşma anında ona məktub verib “yalnız həmin şəhərdə yerləşdikdən sonra, ən ağır məqamında məktubu açmağı” tapşırır. Oğlu atasının sözünə əməl edir. Həmin şəhərdə yaşamağa başlayır. Əgər yaşamaq demək olarsa. Yenə eyni çətinlik, eyni problemlər, eyni ah-zar. Bir gün gəncin yadına atasının verdiyi məktub düşür. Atasının məktubunda yazılırdı: “Oğul, evdən min km-lə aralıdasan, amma şərait dəyiməyib, eləmi? Yenə də hər şeydən, hamıdan şikayətlisən, doğrudurmu? Mən bunu bilirdim, çünki sən gedəndə həyəcan və uğursuzluğu da özünlə apardın. Sənin bədənin və ağlınla bağlı heç bir problemin yoxdur. Məsələ sənə qüssə gətirən situasiyalarda deyil, həmin situasiyalar barədə sənin düşüncələrindədir. Bu barədə Tanrı kitabında yazılıb: Sənin qəlbin orada olan fikirlər kimidir”. Sən bunları dərk edəndən sonra evə qayıt. Çünki bunları dərk etdikdən sonra problemlərin də yox olacaq”. Ata haqlı idi. İçində yaşadığın mühiti dəyişməyə heç bir zərurət yoxdur, dəyişmək üçün içindəki düşüncələri dəyişməlisən. Yəni dərketmə, qavrayış, baxış bucağını, rakursu dəyişmək lazımdır.
Problemlər içində olan, stresdən yaxa qutara bilməyən bir iş adamı müdrik insanın yanına gəlib, bu vəziyyətdən çıxmağın yollarını öyrənmək istəyir. Müdrik insan iş adamına bir qaşıqda zeytun yağı verib, küçə boyu gedib-gəlməsini, lakin bu müddətdə yağdan bir damcı da tökməməyini istəyir. İş adamı tapşırılanı olduğu kimi edir. Qayıtdığında yağdan bir damcı da tökülməyib, tapşırıq 100% yerinə yetirilib. Müdrik insan isə soruşur: “Yol boyu kimlərlə rastlaşdın, hansı mağazaları gördün, kimlərə salam verdin, prospekt boyu nə qədər ağac var idi, güllər çox gözəl idimi?”. İş adamı çaş-baş qalır: “Mən heç nə görmədim, bütün diqqətim qaşıqdakı yağda idi”.
Müdrik deyir, mənim istədiyim də bu idi. İnanclarına, işinə, yaxınlarına, dostların münasibətinə, sevgiyə yağa baxdığın kimi bax, o zaman heç bir pis düşüncə beynində yer almaz. Fikrini dağıtma, diqqətin düşündüyündə olsun. Diqqət haradadırsa, enerji də ordadır.
Sənan NƏCƏFOV