“IBM Research” şirkətinin nümayəndəsi doktor Valter Ris kvant kompüterinin yeni prototipi hesab edilən “IBM Q Network” şəbəkəsində ticari sifarişlər üçün hazırlanmış “IBM Q System One” modelinin tətbiqinin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, bu kimi kompüterlər kataliz və molekullararası qarşılıqlı təsir mexanizmlərini hesablamaq üçün “ExxonMobil” neft şirkəti tərəfindən istifadə olunacaq. Bu hesablamaları fərdi kompüterlər etmək imkanına malik deyil.
Bundan əlavə, Avropa Nüvə Tədqiqat Təşkilatı (CERN) yeniliyi Böyük Adron Kollayderindəki təcrübələrdə hadisələrin hissəciklərlə təsnifatı üçün istifadə etməyi planlaşdırır.
www.iz.ru saytının məlumatına əsasən, yaxın gələcəkdə kvant kompüterlərinin fərdi kompüter kimi istifadə olunması gözlənilmir. Bu kimi superkompüterlərə “bulud” vasitəsilə çıxış uzaqdan təmin olunmağa davam edəcək.
Kvant kompüterləri kvant texnologiyalarının hesablanması üçün nəzərdə tutulub. Fərdi kompüterlərdə informasiya bitlərdə, kvant kompüterlərində isə kubitlərdə saxlanılır. Bunun sayəsində superkompüterlər fərdi kompüterlərdə hesablanmasına min illər tələb olunan sualları daha tez cavablandırırlar. Bu kompüterlər onkoloji xəstəlikləri erkən dövrdə aşkar etməyə, mükəmməl süni intellekt yaratmağa və istənilən kodu qırmağa imkan verir.
Yusif ƏLİYEV