Britaniyanın “Engineered Arts” şirkəti Ai-Da adlı robot-rəssam hazırlayıb. Robot-humanoid süni intellekt sayəsində sifətin cizgilərini tanıyır və insanların rəsmini çəkir.
Müasir incəsənət üzrə ekspert Eyden Mellerin sözlərinə görə, Ai-Da insan kimi rəsm çəkə biləcək ilk robot-rəssamdır. O, hələ ki, karandaşın köməyi ilə eskizlər çəkir, lakin gələcəkdə boyalardan istifadə edərək rəsm əsəri yarada biləcək.
İstehsalçılar bildiriblər ki, robot “RoboThespian” kimi bədənə malik olacaq. O, fəal hərəkət edə, həmçinin danışa və suallara cavab verə biləcək.
www.robo-hunter.com saytının məlumatına əsasən, Ai-Danın hər iki gözünə kameralar quraşdırılıb ki, bu da robota kompüter görməsinin köməyi ilə sifətin cizgilərini tanımağa və emosiyaları canlandırmağa imkan verir. Bundan başqa, Ai-Da göz təması qura və insanın yerdəyişmələrini izləyə bilir. Robota çox yaxınlaşdıqda Ai-Da geri çəkilərək, gözlərini qırpmağa başlayır.
Ai-Danın başı “Engineered Arts” şirkətinin “Mesmer” adlı robotunun başına bənzər yaradılacaq. Robot-rəssam qara saçlı, qarışıq xarici görünüş tipinə malik olacaq, onun dişləri və diş əti 3D-printerdə çap ediləcək.
Ai-Da may ayında Oksford Universitetində öz sərgisini təqdim edəcək, onun eskizləri isə noyabrda Londonda nümayiş etdiriləcək.