Hazırda təhsil sistemimizin bütün sahə və istiqamətlərində ardıcıl olaraq islahatyönümlü tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində zamanın tələbi olaraq aparılan bu işlərdə məqsəd  təhsilin dayanıqlı inkişafını təmin etmək, keyfiyyətini daha da yüksəltməkdir. Təhsilin keyfiyyətinin yüksəldilməsinə  təsir edən ən mühüm amillərdən biri isə tədrisin səmərəli təşkilidir.

 

Təqdirəlayiq haldır ki, son illər  bu istiqamətdə də bir sıra uğurlu addımlar atılıb, təlimin əsas təşkilat forması olan dərslərin təkmilləşdirilməsi, yenilənməsi, müasir təlim metodlarının tətbiqi, yeni texnologiyaların tədrisə gətirilməsi sahələrində  innovativ yanaşmalar, təşəbbüslər  reallaşdırılıb. Bu istiqamətdə son illərin ən mühüm yeniliyi isə, fikrimizcə, tədrisdə  müasir, fəal, interaktiv dərslərin tətbiqidir. İndi, demək olar ki, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əksəriyyəti tədris prosesində müasir/interaktiv dərslərdən geniş istifadə edir. Düzdür, müşahidələr, ayrı-ayrı müəllimlərin təcrübəsi ilə tanışlıq göstərir ki, onların heç də hamısı öz dərslərini qurarkən müasir dərsə verilən tələbləri tam nəzərə ala, dərsin  mərhələlərini ardıcıl təşkil edə, yeni təlim metodlarını  mövzuya, sinfin səviyyəsinə uyğun seçə bilmir və buna görə də məqsədə çatmaqda çətinlik çəkirlər. Amma görünən budur ki, müəllimlərimiz bu məsələdə qərarlıdırlar, öz üzərlərində çalışır, yenilikləri həvəslə öyrənib tətbiq etməyə səy göstərirlər.

 

Qeyd edək ki, artıq müəyyən qədər şablonlaşmış ənənəvi dərsdən fərqli olaraq müasir dərs müəllimdən daha çox yaradıcılıq, axtarış tələb edir. Yaradıcı axtarışlar dərsin formasından tutmuş  fənn üzrə standartların reallaşdırılmasına,  mövzu üzrə standartlara uyğun məqsədlərin müəyyənləşdirilməsinə, fəal təlim metodlarının seçilməsinə, dərsin hər bir mərhələsi üzrə işin təşkilinə, xüsusən də dərsin maraqlı alınmasında həlledici rol oynayan motivasiyanın yaradılmasına, tədqiqat sualının araşdırılması üçün istiqamətverici sualların tərtib olunmasına, qrupların müstəqil işi üçün tapşırıqların seçilməsinə və sairədək bütün məsələləri əhatə etməlidir.

 

Fəal dərsin səmərəliliyinə nail olmaq üçün ən mühüm şərtlərdən biri dərsin planlaşdırılmasıdır. Fəal dərsin yaradıcı xarakterinə baxmayaraq, onun uğuru dərsin bütün mərhələlərinin öncədən ölçülüb-biçilməsindən asılıdır.

 

Planlaşdırmaya  təlimin məqsədlərinin müəyyənləşməsindən başlanılmalıdır.

 

Mövcud pedaqoji ədəbiyyatda təlim məqsədlərinin bir neçə təsnifatı  qeyd olunur:

 

1. Müəllimin fəaliyyətinin xarakteri üzrə.

 

Bu baxımdan təlimin  öyrədici, inkişafedici, tərbiyəedici kimi üç məqsədi mövcuddur.

 

2. İdrak sahəsində əldə olunan nəticələrinin səviyyəsi üzrə;

 

3. İdrak prosesinin səviyyəsi üzrə  (hafizənin və təfəkkürün müxtəlif növləri - məntiqi, tənqidi, yaradıcı).

 

Təcrübə göstərir ki, müəllimlər çox zaman təlimin məqsədlərinin müəyyən edilməsinə əhəmiyyət vermir və ya onu etməyi bacarmırlar. Ona görə də  təlimin məqsədi kimi çox vaxt yalnız öyrədici məqsədlər müəyyən edilir.  İnkişafetdirici və tərbiyəedici məqsədlər isə kölgədə qalır. Halbuki bu təlim məqsədləri də birinci qədər vacibdir və müəllim hər bir dərsində bu məqsədləri də nəzərdə tutmalı,  onların reallaşması üçün müvafiq iş aparmalıdır.

 

Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, bu məqsədlərin nəzərə alınması mütləq lazımdır. Çünki elə mövzular  var ki, onlarda bu məqsədlərin hər hansı biri daha aparıcı olur, digər məqsədlər isə nisbətən kölgədə qalır. Elə mövzular da var ki, hər üç məqsəd eyni dərəcədə nəzərə alınmalıdır. Məsələn, mənim özümün də tədris etdiyim Azərbaycan dili və ədəbiyyat fənləri üzrə dərslərdə vəziyyət məhz bu cürdür. Bu fənlər üzrə dərslərdə,  demək olar ki, bütün təlim məqsədləri eyni dərəcədə reallaşdırılma tələb edir. Həm də bu məqsədlər bir-biri ilə sıx bağlıdır. Belə ki, oyrənilən hər bir mövzu eyni zamanda şagirdləri inkişaf etdirir, onlarda müəyyən keyfiyyətlərin formalaşmasına kömək edir.

 

Yeri gəlmişkən qeyd edək ki, təlim məqsədlərini müəyyən edərkən müəllimin  aşağıdakı amilləri nəzərə alması da məqsədəuyğun olar:

 

- Tədris materiallarının xüsusiyyətini;

 

- Həmin dərsin keçilən mövzu üzrə dərs silsiləsində tutduğu yeri;

 

- Sinfin hazırlıq səviyyəsini.

 

Bu, müəllimə dərsin məqsədlərini daha dolğun reallaşdırmağa imkan verir. 

 

Planlaşdırma  apararkən  müəllim 4 əsas məsələ üzərində fikirləşməlidir. Onlardan birincisi “Nə öyrədilməli” sualıdır. Bu sualın cavabı tədris proqramı və ya təlimin məzmunu ilə bağlıdır və fənn  kurikulumlarındakı məzmun xətlərini əhatə edir. Proqramdakı mövzular bu  suala cavab verməkdə müəllimə kömək edir. Çünki müəllim, ilk növbədə, həmin mövzularda əhatə olunan bilikləri şagirdlərə çatdırmalıdır. Burada müəllimin yaradıcılığı ondan ibarət ola bilər ki, o,  axtarışlar apararaq  tədris edəcəyi mövzu ilə bağlı əlavə materiallar əldə etsin və şagirdlərin biliyini bu məlumatlar hesabına daha da zənginləşdirsin. 

 

İkinci məsələ “Necə öyrədilməli” sualıdır. Bu, sırf təlim forması və metodları ilə bağlı məsələdir və müəllimin yaradıcılığı üçün burada daha geniş imkanlar var. İndi müəllimin tədris arsenalında klassik formalı dərslərdən əlavə xeyli qeyri-ənənəvi dərs formaları da var ki, müəllim onlardan tədris edəcəyi mövzulara uyğun seçib istifadə edə bilər.  Belə dərs formalarına dərs-mühazirə, dərs-ekskursiya, dərs-oyun, dərs-tapmaca, təbiət qoynunda dərs, dərs-debat və s. göstərmək olar. Yeri gəlmişkən qeyd edək ki, qabaqcıl müəllimlər bu dərs formalarından bacarıqla istifadə edirlər. Məsələn, mən  ədəbiyyatın tədrisi zamanı  yuxarı siniflərdə dərs-mühazirə, dərs-ekskursiya, dərs-debatdan, aşağı siniflərdə dərs-oyun, dərs-tapmaca və s. tez-tez istifadə edirəm.

 

Bu dərslərdən istifadə zamanı mövzuların, sinfin səviyyəsinin, məktəbin maddi bazasının və bir sıra digər amillərin nəzərə alınması zəruridir və müəllimin yaradıcı yanaşması da məhz bu zərurəti necə nəzərə ala bilməsində üzə çıxır. Burada müasir təlim metodlarının seçilməsi də mühüm rola malikdir. İndi çoxlu sayda müasir təlim metodları, yeni tədris texnologiyaları, tədris resursları, xüsusən də elektron resurslar mövcuddur və onların, demək olar ki, hamısı müəllimlər üçün əlçatandır. Müəllimlər də onlardan gen-bol istifadə edirlər. Amma yaxşı dərs o deyildir ki, onda daha çox təlim metod və üsullarından istifadə edilir, yaxşı o dərsdir ki, müasir metodlardan optimal, daha səmərəli istifadə olunur. Burada müəllimin yaradıcılığı məhz müasir təlim metodlarını  tədris etdiyi fənnə, mövzuya,  dərsin məqsədinə, sinfin səviyyəsinə uyğun necə seçib istifadə etməsində özünü göstərir.

 

Beləliklə, qeyd edə bilərik ki, müasir şəraitdə dərsini yaradıcı şəkildə qurmaq, fəal təlimin imkanlarından bacarıqla istifadə edə bilmək üçün müəllimin  hər cür şəraiti  var. Əsas məsələ işə yaradıcı yanaşıb bu vasitələrdən maksimum yararlanmaqdır.

 

 

Elnarə ASLANOVA,

Bakı şəhər 42 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi