Yolu yarıya qədər getmək mənasızdır: Minilliyin İnkişaf Məqsədlərindən
(MİM) Qlobal Məqsədlərə
“Şagirdləri qazandıqları bilikləri xeyirli məqsədlər naminə istifadəyə yönəltmək lazımdır. Çətin çağırışlardan qorxmayan yaradıcı insan başqaları ilə əməkdaşlıqda qlobal problemləri dərindən anlayaraq dünyada görmək istədiyimiz dəyişikliklərin başında duracaq. Ən yüksəkdəki buluda tərəf gedin, ona çata bilməsəniz də yüksək dağın zirvəsində olacaqsınız”.
Şeri İneson,
Yeni Zelandiya qızlar üçün
Sautlend orta məktəbinin müəllimi
VI DƏRS
Fənn: Sosial araşdırmalar, vətəndaşlıq, coğrafiya
Təlim nəticələri:
* Qlobal Məqsədlər haqqında təməl biliklərə malik olmaq.
* Qlobal Məqsədlərin təsiri haqqında düşünmək.
* Qlobal Məqsədlərlə Minilliyin İnkişaf Məqsədləri arasındakı əlaqəni müəyyən etmək.
* Niyə Qlobal Məqsədlər Minilliyin İnkişaf Məqsədlərilə müqayisədə daha dayanıqlı olmağa yönəlmişdir.
Hazırlıq:
* Dərs üçün Minilliyin İnkişaf Məqsədləri barəsində təsəvvürləri olmalıdır.
* Dərsdən əvvəl şagirdlər “Qlobal məqsədlərə giriş” adlı animasiya filmini izləməlidir. www.globalgoals.org/worldslargestlesson.
* Şagirdlər filmi izləməyiblərsə, dərs planı qurarkən, dərsin ikinci yarısında filmin izlənməsi üçün vaxt ayırmaq lazımdır.
* Təlim tapşırıqları üçün əlavələri çap edin
Ümumi vaxt - 60 dəq.
Yaş həddi: 11-14 yaş.
Təlim tapşırığı - 5 dəq.
“Pani” futbol klubu haqqında qısametrajlı filmi izləyin (müddəti-5:15).:
* https://vimeo.com/21871455
* youtube.com/watch?v=jU4oA3kkAWU
Bu film “Pani” futbol klubunun yaranması haqqındadır. Pani - Tailandda yerləşən kiçik adadır. Ada sakinlərinin ölkədə ən güclü futbol komandalarından birini necə yaratdıqları nümayiş etdirilir.
Şagirdlərdən cütlüklərə bölünməyi və aşağıdakıları müzakirə etməyi xahiş edin:
* Filmdə nədən bəhs edilir?
* Filmin qəhrəmanları nəyə nail oldular?
* Oğlanların xəyalını gerçəkləşdirən amillər hansılardır?
* Filmin əsas ideyası nədir?
Diferensiasiya və alternativ tapşırıqlar
İnternetə çıxışınız yoxdursa, Əlavə 1-də olan hekayədən istifadə edin.
Təlim tapşırığı - 10 dəq.
Əlavə 2-dən istifadə edin, Minilliyin 8 İnkişaf Məqsədini brilliant prinsipinə əsasən düzün.
Bu, MİM mövzularının çox əhəmiyyətlidən az əhəmiyyətliyə doğru brilyant formasında yerləşdirilməsi deməkdir. Üstdə olan məqsəd çox əhəmiyyətli, ondan sonra əhəmiyyətinə görə orta, altda isə, fikrinizcə, ən az əhəmiyyətə malik məqsəd yerləşdirilir.
Bu cür düzülüş brilliant formasına bənzəyir.
Düzülüş variantları:
* Yerli səviyyədə
* Respublika səviyyəsində
* Qlobal səviyyədə
* Əhəmiyyətlilik prinsipinə əsasən
* Əldə edilmiş nəticələr prinsipinə əsasən
* Gələcək fəaliyyət prinsipinə əsasən.
Burada düzgün və ya yanlış cavablar yoxdur. Məqsəd şagirdlərin ideyalarının öz aralarında müzakirəsidir.
MİM tapşırıqlarını yerinə yetirdikdən sonra dayanıqlı inkişafın Qlobal Məqsədlərinin izahına keçin.
Diferensiasiya və alternativ tapşırıqlar
Alternativ olaraq şagirdlərə 3 məqsədi seçməyi təklif və ya 2 məqsədin çıxarılmasını xahiş edin. Yuxarı sinif və ya daha hazırlıqlı şagirdlər düzülüş prinsiplərinə əsaslanaraq tapşırığı bir neçə dəfə yerinə yetirə və düzulüş prinsipindən asılı olaraq fərqləri müzakirə edə bilərlər.
Təlim tapşırığı - 10 dəq.
İlkin ideyalarını qeyd etmək üçün Qlobal Məqsədlər mövzusunda assosiativ baza xəritəsi və ya hörümçək formasında diaqram qurmağı şagirdlərdən xahiş edin.
Qlobal məqsədlər və ya problemlərin həllinə yönəlmiş biliklərini orada qeyd etməyi şagirdlərdən xahiş edin.
Qlobal məqsədlər haqqında eşitdikdə şagirdlərin ağlına hansı şəkil, simvol və ya rəng gəldiyini və ya hər hansı bir konkret məqsəd (onunla bağlı problem) haqqında soruşun.
Şagirdlər öz ideyalarını xəritəyə əlavə etməlidirlər.
Diferensiasiya və alternativ tapşırıqlar
Əlavə olaraq “Bilirəm, bilmək istəyirəm, öyrəndim” cədvəlini qurmağı şagirdlərdən xahiş edə bilərsiniz. Şagirdlər üç sütunlu cədvəl çəkib, Qlobal Məqsədlər haqqında bildiklərini birinci sütunda, öyrənmək istədiklərini ikinci sütunda qeyd edirlər. Nəzərə alın ki, II sütunu bütün dərs boyu doldurmaq olar.
Dərsin sonunda Qlobal Məqsədlər haqqında yeni biliklərini cədvəlin III sütununda qeyd etməyi şagirdlərdən xahiş edin.
“Bilmək istəyirəm” sütünunda qeyd olunmuş maraqlı ideyaları növbəti dərsin əsası kimi istifadə etmək olar.
Təlim tapşırığı - 20 dəq.
Qısa müsahibələr. Şagirdləri 6 nəfərlik qruplara bölün. Hər şagirdə “Əlavə 3”-ün sürətini verin. Şagirdlərə materialla tanış olmaq üçün 3 dəqiqə vaxt verin. Əmin olun ki, onlar materialın məzmununu anlayırlar. Şagirdlər anlamadıqlarını sizdən soruşa bilər. Sonra qrup daxilində cütlüklər yaratmağı xahiş edin. Mövzuları bir-birinə qısaca şərh etmək üçün şagirdlərə əlavə 1 dəqiqə vaxt verin.
Daha sonra tərəf-müqabilini dəyişərək digər mövzuları dinləməyi şagirdlərə təklif edin. Əsas fikirləri və ideyaları qeyd etməyi xahiş edin. Qısa müsahibənin məqsədi bütün mövzuları dinləmək və əsas ideyaları assosiativ xəritədə qeyd etməkdir. Mümkündürsə, ilkin fikirlərindən fərqləndirmək məqsədilə qeydləri başqa rəngdə olan qələmlə aparmağı şagirdlərdən xahiş edin.
Diferensiasiya və alternativ tapşırıqlar
Şagirdlər həmçinin “Görmək istədiyimiz dünya” tapşırığından da istifadə edə bilərlər. Bu tapşırıq uşaq və gənclər üçün Qlobal Məqsədlərin şərhidir.
www.globalgoals.org/worldslargestlesson.
Təlim tapşırığı - 5 dəq.
Qlobal Məqsədlərin mövzuya dair mümkün nəticələri barəsində düşünməyi şagirdlərə təklif və öz ideyalarını və fikirlərini xəritədə qeyd etməyi xahiş edin. Məqsədlərə əməl olunduğu halda, 5 il sonra baş verə biləcəklər barəsində düşünməyi xahiş edin.
Diferensiasiya və alternativ tapşırıqlar
Daha hazırlıqlı şagirdlərə 5, 10, 15 il sonrakı situasiya barədə düşünməyi təklif edin. Onlar necə fərqlənəcək? Tapşırığı genişləndirib “Qlobal Məqsədlərin müsbət nəticəsinə nə mane ola bilər?” sualları ətrafında düşünməyi şagirdlərə təklif etmək olar.
Təlim tapşırığı - 10 dəq.
Dərsin yekununda şagirdlərə “Əlavə 4”-dən 17 Qlobal məqsədi nümayiş etdirin. Şagirdlərə onları brilliant prinsipinə əsasən düzməyi xahiş edin. Nəticələr nə dərəcədə oxşardır?
Sualları müzakirə etməyi şagirdlərə təklif edin:
* Qlobal məqsədlər MİM-dən nə ilə fərqlənir?
* Dayanıqlı inkişaf nədir və nəyə görə Qlobal Məqsədlər MİM-dən daha dayanıqlıdır?
* Niyə Qlobal Məqsədlər MİM-dən daha uğurlu ola bilər?
* Dərsin əvvəlində nümayiş olunmuş hekayə və Qlobal Məqsədlər haqqında düşünməyi şagirdlərə təklif edin. Onlar arasında hansı əlaqə var?
* Nə üçün Qlobal Məqsədlərdə iştirak daha vacibdir?
* Şagirdlər “Qlobal Məqsədlər” Facebook səhifəsində assosiativ xəritələri paylaşa bilərlər.
Əlavə 1
“Pani” Futbol klubu. Pani Cənubi Tailandda dirəklər üstündə üzən kiçik bir kənddir. 1986-cı ildə bu kəndin oğlanları mövcud normalara qarşı çıxan və gələcək nəsilləri ruhlandıran addım atıblar. Pani hər tərəfdən su ilə əhatə olunduğu üçün idman növlərindən burada yalnız qayıqsürmə və balıqtutma inkişaf etmişdi.
Lakin oğlanlar futbol vurğunu idilər. Bir gün oğlanlar müstəqil futbol komandası yaratmağı qərara alır. Kəndin oğlanları çempion olmağı arzulayır. Kənd camaatı isə bu ideyanı sadəlöhvlük adlandırıb, gülürdü. Panidə bu günə qədər belə bir şey olmamışdı, suda dirəklər üzərində yerləşən kənddə futbol komandasının yaradılması mümkünsüz görünürdü. Oğlanlar anladılar ki, kənd camaatı həqiqəti deyir. Kənddə futbol oynamaq və məşq etmək mümkün deyildi, bu məsələnin həlli üçün yer də yox idi.
Oğlanlardan ibarət futbol komandası var idi, amma bu komandanın oynaması üçün futbol meydançası yox idi. Oğlanlar kəndi gəzib taxtalar topladılar, bu taxtaları bir-birinə bağlayıb suda sal düzəltdilər. Onlar meydançanı axşamlar dərsdən sonra hazırlayırdılar. Taxtadan yığılmış meydançanın nahamar və təhlükəli olmasına baxmayaraq, oğlanların şəxsi futbol meydançası var idi. Meydançanın bəzi yerlərində mismarlar görünürdü. Oğlanlar da, top da tez-tez suya düşürdü. Onlar sürüşkən nəm yerdə oynamaq məcburiyyətində idilər. Meydança kiçik olduğu üçün komanda texnikasını inkişaf etdirdi. Kəndin camaatı isə öz fikirlərindən dönmürdü, bu komandanın nahamar meydançada məşq etməklə çempion olacağına inanmırdı.
Bir gün oğlanlar materikdə keçiriləcək bir günlük futbol turnirinin elanını gördülər. Komanda bu turnirdə iştirak üçün səriştəli olduğundan əmin deyildi, lakin iştirak etmək qərarına gəldi. Oğlanlar bütün kəndin onların məşqlərini izlədiyindən bixəbər idi. Kənd camaatı köməkləşərək turnirdə iştirak üçün komanda üzvlərinə futbol təchizatı aldı. Bəziləri isə oğlanları dəstəkləməq məqsədilə materikə getdi.
Oyun başlayan kimi oğlanlar düşündüklərindən daha yaxşı oyun nümayiş etdirdiklərini anladılar. Onlar yarımfinala çıxdılar. Matç pis başladı, güclü yağış yağırdı, onların butsları su ilə doldu. Rəqib komanda isə kifayət qədər istedadlı idi. Oyunun yarısına rəqib komanda artıq iki top vurmuşdu. Komanda özünə güvəni itirmişdi və nə edəcəyini bilmirdi.
Oyunun ikinci yarısında komanda üzvləri butslarını soyunmağı qərara aldı. Oğlanlar məşqlərdə də ayaqyalın oynayırdılar, məhz buna görə daha sürətli oynamağa başladılar. Tezliklə onlar hesabı bərabərləşdirdilər. Son dəqiqələrdə vurulan top rəqib komandaya qalibiyyət gətirməsinə baxmayaraq, Pani kəndi öz komandası ilə fəxr edirdi. Tezliklə futbol Panidə ən məşhur hobbiyə çevrildi. Kənd camaatı komanda üçün yeni, hamar və böyük futbol meydançası inşa etdi. ”Pani” futbol klubu Cənubi Tailandda ən yaxşı futbol klubları siyahısındadır. Bu komanda 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010-cu illərin gənclər çempionatının qalibidir.
Əlavə 2
MİM 1: Yoxsulluğun və aclığın aradan qaldırılması.
MİM 2: İbtidai təhsilin təmin edilməsi.
MİM 3: Qadın və kişi bərabərliyinin rəğbətləndirilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi.
MİM 4: Uşaq ölümünün azaldılması.
MİM 5: Analığın mühafizəsinin yüksəldilməsi.
MİM 6: QİÇS, malyariya və digər xəstəliklərlə mübarizə.
MİM 7: Ekoloji dayanıqlığın təmin edilməsi.
MİM 8: İnkişaf məqsədilə qlobal əməkdaşlığın formalaşdırılması. Məqsədlər yazılmış kartları kəsin, çox əhəmiyyətlidən az əhəmiyyətliyə olmaqla düzün. Yolu yarıya qədər getmək mənasızdır: Minilliyin İnkişaf Məqsədləri yazılmış kartları kəsin, çox əhəmiyyətlidən az əhəmiyyətliyə olmaqla düzün.
Əlavə 3
Dayanıqlı inkişafın qlobal məqsədləri
Mövzu 1. Yoxsulluq (Qlobal məqsəd 1 - Yoxsulluğa son; Qlobal məqsəd - 10 Qeyribərabərliyin azaldılması)
Mövzu 2: Fərdi sağlamlıq və rifah (Qlobal məqsəd 2 - Aclığa son; Qlobal məqsəd 3 - Sağlam həyat tərzi; Qlobal məqsəd 6 - Təmiz su və sanitariya)
Mövzu 3: Təhsil, bacarıqlar və iş (Qlobal məqsəd 4 - Keyfiyyətli təhsil; Qlobal məqsəd 8 - Layiqli iş və iqtisadi artım)
Mövzu 4: Ədalətli dünya (Qlobal məqsəd 5 - Gender bərabərliyi; Qlobal məqsəd 16 - Sülh, ədalət və güclü institutlar)
Mövzu 5: Dayanıqlılıq (Qlobal məqsəd 7 - Ucuz və təmiz enerji; Qlobal məqsəd 9 - Sənayeləşdirmə, innovasiya və infrastruktur; Qlobal məqsəd 11 - Davamlı inkişaf edən şəhərlər; Qlobal məqsəd 12 - Düşünülmüş istehlak və istehsal; Qlobal məqsəd 17 - Dayanıqlı inkişaf naminə tərəfdaşlıq)
Mövzu 6: Ətraf mühit (Qlobal məqsəd 13 - İqlim dəyişikliyi ilə mübarizə; Qlobal məqsəd 14 - Su altında həyat; Qlobal məqsəd 15 - Yer üzündə həyat).