Statistiklər deyirlər ki, uşaq ilk addımı atana qədər 260 dəfə yıxılır. Ona kimsə “vaz keçməyin lazımdır”, “bu qədər uğursuzluq olmaz”, “başqa işlə məşğul ol” demir. Uşaq yeriyənə qədər bunu edir, çünki İlahi hədəfi yeriməkdir! Nə qədər yıxılarsa yıxılsın, addımlayacağına inandığı üçün uğursuzluq duyğusunu yaxın buraxmaz. Həyat da belədir.

 

Stiv Braunun dediyi kimi, “görəcəyin işi mükəmməl icra etməyi öyrənənədək zəif də başlaya bilərsən”. Qarşımıza qoyduğumuz məqsədin formasından asılı olmayaraq, çox nadir hallarda nəticə alınır.

 

Artilleriyaçılar hədəfi dəqiq vurmaq üçün düşmən tərəfdə seçilmiş bir nişangaha uyğun hesablama apararaq atəş açır, 3 yoxlama atəşindən sonra hədəfin dəqiq vurulma koordinatlarını müəyyən edirlər. Oxatanlar da həmçinin. Küləyin sürətini və səmtini dəqiqləşdirmək üçün bir yoxlama atışı edir, bundan sonra hədəfi dəqiq nişan alırlar. Biznesdə də elədir.

 

İlk cəhddən uğur qazanmaq mümkün olmur. Konsertə çıxacaq musiqiçinin alətdə ifa etməzdən öncə bir neçə dəqiqə kökləməsi lazım gəlir.

 

Tomas Edisson həyatı boyunca orta hesabla on nəfərin bacardığından daha artığına nail olub. Onun müasir cəmiyyətə verdiyi töhfə, demək olar ki, misilsizdir. O, saatlarla çalışır, bütün zehnini, canını və qəlbini bir layihəyə yönəldirdi. Onun əzmkarlığı əfsanəyə çevrilmişdi. Təkcə közərən lampanı ixtira edənədək 700 dəfə sınaq keçirmişdi. Bu sınaq üzərində işlədiyi müddətdə bezib Edissonu tərk edən 6-7 köməkçisi olub. Hamısı usanıb gediblər. Sonuncu köməkçisi 699-cu cəhddə dözməyib və “Bezmədinizmi 699 dəfə uğursuz olmağa?” soruşmuş, Edisson isə təhrini pozmadan “Mən 699 dəfə uğursuz olmadım, hədəfə doğru növbəti addımı atdım” deyib. Nəticədə 700-cü dəfədə közərən lampanı ixtira edib. Təsəvvür edirsinizmi, 700 sınaq! Siz bir işin arxasınca getdiyinizdə, neçənci cəhddən sonra ruhdan düşür, imtina edirsiniz?

 

Misallar çoxdur.

 

Bu gənc ilk vaxtlarında baqqal köməkçisi kimi işə başlayır. İlk biznesini 28 yaşında qurur. Qəhvə, kakao, şokolad, biskvit hazırlayan dükan açır. Əlində yetərli imkanı olmadığı üçün bu dükanı gediş-gəlişin az olan yerində, mərkəzdən bir az uzaqda ərsəyə gətirir. Ağır günlər yaşayır, iflasla üz-üzə qalır. Borc tapıb, başqa bir yerə köçür. Yenicə ayağa qalxır ki, Birinci Dünya müharibəsi başlayır və məxsus olduğu dövlət müharibə şəraitini nəzərə alaraq, kofe, kakao, şokolad məhsullarını nəzarətə götürür. Gəncin biznesi çökür, iflas olur. Amma xəyallarındakı hədəf yerində idi, dəyişməz olaraq qalırdı. Müharibə bitir, yavaş-yavaş yenidən biznesə başlayır, əvvəl dükan, sonra sex, daha sonra zavod qurur. Bu dəfə isə İkinci Dünya müharibəsi başlayır. Bu dəfə də iflas olur. Yenə də əl çəkmir. Yekunda 1946-cı ildə şirkətini yaradır. Bu şirkət “Jacobs Kaffe”dir.

 

Dünyaca məşhur siyasətçi Uinston Çörçilin seçki öncəsi çıxışı var. Ən qısa və motivasiyaverici çıxış kimi tarixə düşüb. Belə ki, toplantıda, Çörçilə söz verildiyində, o, səhnəyə qalxmış, uzun pauza vermiş və sadəcə 1 cümlə deyib: “Heç vaxt vaz keçməyin!”. Susub və bir daha deyib: “Əsla vaz keçməyin!”. Az fasilədən sonra “Heç vaxt!” deyib. Vəssallam.

 

Bütün uğurlu insanlar həyatlarındakı mümkün uğursuzluqla ciddi mücadilə aparan, vaz keçməyənlərdilər.

 

Tanınmış bir iş adamının fikirləri var: “Təxminən əlliyə yaxın müxtəlif biznes sahəsində  risklərə girmişəm. Bunlardan yalnız 15-i uğurlu alınıb. Bu, o deməkdir ki, mənim orta hesabla 30 faizim var. Amma sən də öz şansını yoxlamalısan. Və hətta uduzduqdan sonra da öz işindən əl çəkməməlisən. İnsan qalib gələrkən heç vaxt heç nə öyrənmir. Uduzmağı, itirməyi öyrənməlisən”.

 

Bu sətirlərin müəllifi olan Karni deyir ki, öz səhvlərindən nəticə çıxarmağı öyrənib. Oklahoma şəhərində yeni filial açmaq cəhdi boşa çıxanda anlayır ki, kafe üçün düzgün yer seçməyib və dizayn yaxşı deyil. Nyu-Yorkda satış aşağı düşəndə dilimi digər pitsalara nisbətən qalın pitsanı şəxsən özü alıcılara təqdim edib. O, bir neçə dəfə məğlub olsa da, bu şanslardan öz xeyrinə yararlandı. Bu isə pozitiv düşüncədən irəli gəlir.

 

Haqqında danışdığımız şəxs 1958-ci ildə kollecdə təhsil haqqını ödəmək üçün balaca pitsa salonu açmaqla biznesə başlayan, 19 il sonra 3100 filialla davam edən, hazırda bazar dəyəri 300 milyon dollardan artıq olan “Pitsa Hat” kafelər şəbəkəsinin sahibi Frank və Den Karnidən gedir.

 

Ötən illər ərzində bioloqlar və psixoloqlar düşüncə tərzimizin bizim həyatımızın gedişinə necə təsir göstərə biləcəyini təsdiqləyən təcrübə aparıblar. Con Hopkins Universitetinin alimləri laboratoriya şəraitində saxlanılan heyvanların təslim olmağı öyrəndiklərini kəşf ediblər. Belə ki, siçanı əlində möhkəm saxla, elə saxla ki, qaça bilməsin. Bir az keçdikdən sonra siçan buradan qurtulmağın mümkün olmadığını dərk edir və təslim olur. Daha sonra siçanı su dolu qaba qoyduqda o, özünü xilas etmək üçün üzməyə belə cəhd etmir.

 

İnsanlar belə deyillər, anlaşılandır. Amma həkimlərin dünyadan köçmüş insan haqda dediklərini xatırlayın: “Onun uğrunda yaşayacaq heç bir şeyi yox idi” və ya “O, həyatda qalmağı bacarmadı” və bir də “O, təslim oldu”.

 

Əlində kəpənək gizlədən şagirdin müəllimindən soruşduğu məşhur sualı xatırlayırsınız? O qız müəllimini sınağa çəkir: “Əlimdəki kəpənək sağdımı, ölüdürmü” dediyində müəllimin “sağdır” cavabı verdiyi halda kəpənəyi sıxıb öldürəcək, “ölüdür” dediyi halda əlini açıb, sağ kəpənəyi havaya buraxacaqdı. Müəllim şagirdinin hiyləsini başa düşür və sadəcə deyir: O, sənin əlində... Yəni istəyərsən öldürərsən, istəyərsən sağ buraxarsan.

 

İndi bütün dediklərimizdən bu nəticə çıxmır: bu həyat sizin əlinizdə, necə yaşamağı özünüz bilərsiniz?

 

NLP-yə görə ya qazanırsınız, ya öyrənirsiniz. Daha uğurlu etmək üçün öyrənməliyik. Nəticə əldə etmədiyiniz təcrübədən nəsə öyrənmədinizsə, uğursuzluq o nöqtədən başlayır. Uğur son uğursuzluğun ardından gəlir.

 

 

Sənan NƏCƏFOV