Yaxud yeni nəsil ixtiraçılar necə hazırlanır


Ötən sayımızda dünyanın ən yaxşı biznes məktəblərindən biri olan Babson Kolleci barədə söhbət açmışdıq. Babsonla qonşuluqda Olin Kolleci yerləşir. Olini də öz növbəsində dünyanın ən yaxşı mühəndis hazırlayan ali məktəblərindən biri hesab etmək olar.

 

ABŞ-ın Massaçusets ştatında 114 ali məktəb var. Onlardan yalnız üçü ötən əsrin 80-ci illərindən sonra açılıb. Olin Kolleci də yeni fəaliyyətə başlamış üç ali məktəbdən biridir. Bu təhsil ocağı kifayət qədər uğurlu layihə olsa da, ABŞ-ın universitetlərinin “coğrafiya”sına bələd olan istənilən şəxsdə belə suallar yaranır: bir ştatda kı, universitetlərin sayı az qala “fast-fud” məntəqələrindən çoxdur, yenisinə nə ehtiyac var idi? Yaxud dünyaca məşhur Massaçusets Texnologiya İnstitutu (MTİ) cəmi yarım saatlıq məsafədədirsə, nədən Olin məhz mühəndis məktəbi oldu?

 

 

Yeni nəsil mühəndis

 

 

Cavab “əfsanə”də gizlənir. Deyilənə görə, ötən əsrin 90-cı illərində bütün ölkəboyu təhsil proqramlarının sponsoru kimi tanınmış Franklin U.Olin Fondunun sədri Lorens Milas hesab edirdi ki, mühəndis təhsilində radikal transformasiya tədbirlərinin həyata keçirilməsi vaxtı çatıb. Xatırlayırsınızsa, qəzetimizdə universitetlərin transformasiyası mövzusuna toxunmuşduq. ABŞ-ın hər ali məktəbində yüzlərlə ömürlük professor işləyir. Onları nə işdən çıxarmaq mümkündür, nə də hər hansı bir problemlə bağlı fikirlərini dəyişmək. Ənənəyə görə, ABŞ universitetlərində “akademik azadlıq” deyilən bir anlayış var. Ona görə də professora nəyisə məcbur etmək çox müşkül məsələdir.

 

Həmin professorların böyük məzun orduları var. Onları hətta hərdən “qlobal şəbəkə” də adlandırırlar. Odur ki, hər hansı professora bir təzyiq cəhdi elə bir səs-küyə səbəb ola bilər ki... Məhz bu kontekstdən yanaşanda, Olindən yarım saatlıq məsafədə olan MTİ də yada düşür.

 

Yəni bu ali məktəb dünyaca çox məşhurdur, ancaq transformasiyasının çətinliyi səbəbindən L.Milas yeni mühəndislik universitetinin yaradılması qərarına gəlib. Çünki o, belə bir ali məktəbi tam fərqli standartlar və tələblər çərçivəsində görürdü: yeni nəsil mühəndislər sahibkarlıq bacarıqlarına malik olmalı, qeyri-standart qərarlar qəbul edə bilməli, hər bir mühəndis işinin iqtisadi, siyasi və sosial mahiyyətini dərk etməlidir. Məhz bu yanaşmanın nəticəsidir ki, bu gün İlon Mask kimi dahi, dünyanı qeyri-standart kəşfləri ilə təəccübləndirən mühəndis var. Və o, tək deyil.

 

1997-ci ildə L.Milas fondun İdarə Heyətini yeni tip kollecin maliyyələşdirilməsi ideyasına inandıra bilir. 1999-cu ildə fond kollecin işlərini həyata keçirmək üçün bir qrup inzibatçı ilə müqavilə bağlayır. 2001-2002-ci ildə isə mövcud olmayan kollecin müəllim heyəti ilə 30 gələcək tələbə birlikdə tədris planının hazırlanması işinə girişir. Bu gün həmin o 30 nəfər tələbəni “Olinin tərəfdaşları” adlandırırlar. Bu məqama xüsusi olaraq diqqət yetirmək lazımdır: mövcud olmayan kollecin gələcək tələbələri gələcək müəllimlərlə birgə gələcəkdə fəaliyyətdə olacaq tədris planını hazırlayırlar! Nəticə ortadadır: Olin Kollecində innovativ mühəndislik universitetinə maneə ola biləcək nə varsa, inkar olunur. Ömürlük professorluq yoxdur, kafedralar yoxdur, mühazirələr yoxdur. Layihə işi dərslərin ilk günündən başlayır. Bütün layihələr real olmalıdır!

 

 

Universitet deyil, emalatxanadır

 

Olin Kollecinə getsəniz, təqribən belə mənzərənin şahidi ola bilərsiniz: sanki tələbələr auditoriyada deyil, sexlərdə dərs keçirlər. Otaqlardakı alətlər az qala dəhlizlərə tökülür. Dəhlizlərdə masaların üstündə olan kobud taxta qutularda müxtəlif alətlər yığılıb. Elə buradaca belə bir elan oxuya bilərsiniz: “Sənə layihən üçün alət lazımdır? Buyur, nə istəyirsən, götür”.  Hansı tələbəyə baxırsan, əlində bizə yad olan bir ixtiranın modeli var - kosmik raket layihəsindən tutmuş adi məişət texnikasınadək. Hamının başı o qədər qarışıqdır ki, kənar şəxsin mövcudluğunu hiss edən olmur.

 

Olində “Collaboratory” adlı layihə fəaliyyət göstərir. Bu layihə vasitəsilə dünyanın müxtəlif universitetləri Olinlə birlikdə hansısa ideyaya həmmüəlliflik edə bilərlər. Mərkəzdə təbii ki, ali məktəbin transformasiyası prosesi durur. İndiyədək Olində dünyanın 800-ə yaxın ali məktəbinin nümayəndələri olub. Olin 4 illik bakalavr kollecidir. Tədris planı “Olin üçbucağı”na əsaslanır. Planın ucunda mühəndislik durur. Digər iki küncdə isə sahibkarlıq və azad sənətlər. Sonuncu blok kurslar həm “təmiz” (sırf humanitar istiqamət) ola bilər, həm də qarışıq. Qarışıq halda humanitar və texniki fənlər birlikdə keçilir. Məsələn, kursun adı belədir: “Palçıqdan köynəyə”. Tələbələr geyim sənayesini müzakirə edirlər - satışdan tutmuş sosial, iqtisadi və ekoloji aspektlərə qədər nə varsa. Kursların bəzilərini digər ali məktəblərdə də keçmək olar, bunun üçün xüsusi anlaşmalar mövcuddur. Tutaq ki, Babsonda, yaxud azad incəsənət kolleci - Uelslidə və ya Brandey Universitetində. Hamısı qonşuluqdadır.

 

Olində tədris planı belə demək mümkündürsə, “öyrədən problemlər” (learning problems) ətrafında qurulmuş layihə yanaşmasına əsaslanır. Bu elə problemdir ki, yeni yanaşma və biliklər tələb edir. Fikrimizi misalda izah edək: “Design Nature” kursu çərçivəsində ilk semestrdə tələbələr “Tullanan” layihəsini həyata keçirirlər. Məqsəd tam yeni oyuncaq yaratmaqdır. Bunun üçün tələbə “öz boyundan hündürə tullana bilən heyvanları” öyrənməlidir. Söhbət bu heyvan haqqında yalnız oxumaqla məlumat almaqdan getmir. Tələbə 3D modelləşdirmə, prototipləşdirmə metodları və s. barədə məlumatlı olmalıdır. Daha doğrusu, bunları etməyi bacarmalıdır.

 

Olin Kollecində dəmir ID-anbarla rastlaşsanız, təəccüblənməyin. İçi doludur, taxta, dəmir, şüşə və plastmasla. Burada çoxlu sayda tələbənin cəlb olunduğu tələbə klublarının intensiv işi gedir. Bu gün sürdüyümüz son model avtomobillər, seyr etdiyimiz fantastik görüntülü televizorlar, hətta yarpaqların tərpənməsindən doğan səsləri belə bizə çatdıran müasir tipli audio sistemlərinin bir çoxu məhz belə emalatxanalarda ərsəyə gəlir.

 

Məsələn, 35 tələbə universitetlərarası proqram çərçivəsində “SAE Mini Baja” layihəsi üzərində çalışır. Layihə yeni növ avtomobilin layihələndirilməsi, test və yoxlanılmasından ibarətdir. İş dərslərdən sonra da davam edir, vaxt məhdudiyyəti yoxdur və Olində bu, heç kimi bezdirmir.

 

 

Mühəndis cinsi

 

 

Olin Kollecinə qəbul çox çətin prosesdir. Gələcək tələbələr sərt seçim prosesindən keçirlər. Onların hamısı “mühəndis cinsi”ndən olmalı, bir-birləri ilə işləməkdən həzz ala bilməlidirlər. Seçim iki mərhələdən ibarətdir: əvvəl tələbələr ənənəvi test vasitəsilə seçilirlər, sonra Namizədlik Uikendindən keçməlidirlər. Namizədlərin mühəndis layihələri olur, sonra onlar komanda işi görür, sonda isə fərdi müsahibə gəlir. Olinə müraciət edənlərin yalnız 10%-i ali məktəbə qəbul olunur. Bu, ABŞ üzrə ən sərt seçimlərdən biridir. Eyni “süzgəc”dən müəllim heyəti də keçir.

 

Kollecin tələbələri üçün xüsusi Vicdan Məcəlləsi mövcuddur. Məcəllə 18 hissədən ibarətdir. Onların hər birinin sonunda tələbələrin imzaları var. Bu qaydalar kollecin daxili həyatını tənzimləyir. Ətraf alətlər, kitablar və bahalı texnologiyalarla doludur. Heç kim heç nəyi oğurlamayacaq. Kabinetlər və laboratoriyaların qapıları açıqdır. Kim nəyi götürdüsə, qaytarıb yerinə qoyacaq. Hətta zarafat edirlər ki, kimsə kitabını unudub pəncərə sürahisində qoyub gedər və 5 ildən sonra geri dönərsə, onu elə həmin yerdə də tapa bilər. Uzağı kimsə kitabın üzərindən tozu siləcək. Bu qaydalar ali məktəb daxilində komanda ruhu və təhlükəsizlik amilinin ən yüksək səviyyədə olduğunu göstərir.

 

Bir dəfə qruplardan biri “Products and Markets” kursu çərçivəsində “[Redacted]” sosial layihə həyata keçirib. İdeya çox sadədir: ortaya yeşik qoyulur və hər kəsdən xahiş olunur ki, ürəyində hansı sirri varsa, bir parça kağıza yazıb həmin qutuya atsın. İdeyanın məğzi bilirsiniz nədir? Olin Kollecində etik dəyərlərin nümayişi. Hər kəs öz sirrini kağız parçasına yazıb və qutuya atıb. O kağızları açıb oxumaq olar, ancaq heç kim bunu etmir.

 

Bizim nəsil “Leopoldun sərgüzəştləri”, yaxud “Gözlə, sənə göstərərəm” tipli cizgi filmləri ilə böyüyüb. Qərb dünyası isə tutaq ki, “Tom və Cerri” ilə. İndi biz “Hulk”, yaxud “Hörümçək adam” kimi filmlərə, “Kungfu Panda” kimi cizgi filmlərinə baxarkən, qeyri-adi, inanılmaz səhnələr görürük: qəhrəman 100 mərtəbəli binadan tullanır və ona heç nə olmur. Dövrümüzün uşaqları üçün isə bu, qeyri-adi deyil. Körpələrin fantaziyası bəzi hallarda bizimkindən zəngin olur. “Ted talk”ın 2009-cu ildəki saylarından birində 6-8 yaşlı uşaqlardan hansı heyvanların daha hündürə tullanması barədə soruşduqda saysız-hesabsız cavablar alınıb və bu cavabların bir çoxuna uyğun gələn canlılar Yer planetində yaşamır. Bu onu göstərir ki, nəyisə kəşf etmək üçün qorxu və məhdudiyyətləri kənara qoymaq lazımdır. Olin Kollecində də tələbələrə məhz bunu öyrədirlər. Olin mühəndisliyin qarşısında duran qorxuları neytrallaşdırır, ön plana yüksək, ixtiraçı mühəndislik çıxır, təxəyyülündə elə bir ideya görürsən ki, indiyədək mövcud olmayıb. Və başlayırsan onu həyata keçirməyə.

 

 

Rüstəm QARAXANLI