“Elm müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir. Alimlərimizin yüz illər boyu dəyərini itirməyən əsərləri bəşəriyyətin intellektual inkişafına xidmətin parlaq nümunəsidir”
İlham ƏLİYEV
Fəlsəfi anlamda elm hər bir cəmiyyətin üstqurum elementidir. Mahiyyət etibarilə bazis münasibətlərindən asılı olan bu element, eyni zamanda, nisbi müstəqildir və nəticə etibarilə siyasət, əxlaq və din kimi cəmiyyətin bazisinə fundamental təsir gücünə malikdir. Klassik iqtisadi nəzəriyyədə deyildiyi kimi, “ayrı-ayrı iqtisadi dövrlərin fərqi onda deyil ki, nə istehsal olunur, məhz bundadır ki, necə istehsal olunur, hansı əmək alətləri ilə istehsal olunur”. Təcrübə əsasında tamamlanmış biliklər olmadan nə əmək alətlərini təkmilləşdirmək, nə də istehsalın keyfiyyətli necəliyini təmin etmək olar.
Deməli, keyfiyyətli və səmərəli nəticə verən elmi fəaliyyət olmadan hər hansı bir toplumun strateji tərəqqisi ciddi basqı altına düşə bilər. Buna imkan verilməməsi üçün elmi fəaliyyətin bütün istiqamətləri cəmiyyətin diqqət mərkəzində saxlanılmalıdır.
İnkişaf etmiş müasir dünyada elmi fəaliyyət əsasən iki istiqamətdə: elmi-tədqiqat institutlarında və universitetlərdə reallaşdırılır. İstiqamətindən asılı olmayaraq əgər elmi fəaliyyət düzgün və səmərəli təşkil edilirsə, onda bu fəaliyyətə yönəldilmiş maliyyə kapitalı, tsiklin sonunda, müxtəlif iqtisadi məkanlarda 1:3-ə, 1:5-ə nisbətində yeni maddi dəyər yaratmış olur.
Dünyanın əksər dövlətlərində olduğu kimi Azərbaycanda da elmin maliyyələşdirilməsinin əsas mənbəyi dövlət vəsaitləri hesab olunur. Funksional istiqamətlərə uyğun olaraq 2019-cu il dövlət büdcəsinin xərcləri içərisində elmə çəkiləcək xərcləri aşağıdakı cədvəldə görmək olar.
2019-cu il dövlət büdcəsində elm üzrə proqnozlaşdırılan xərclər (min manatla)
İllər/ xərclər |
2017 (icra) |
2018 (proqnoz) |
2019 (proqnoz) |
2019-cu il proqnozunun 2018-ci il proqnozu ilə müqayisəsi |
2019-cu il proqnozunun 2017-ci il ilə müqayisəsi |
||
Fərq (+;-) |
Faiz (+;- ) |
Fərq (+;- ) |
Faiz (+;- ) |
||||
Ümumi xərclər |
17594,5 |
23100,0 |
25190,0 |
2090,0 |
9,0 |
7595,5 |
43,2 |
Elm üzrə xərclər |
109,8 |
128,1 |
142,2 |
14,1 |
11,0 |
32,4 |
29,5 |
Göründüyü kimi, 2019-cu ildə elmə çəkiləcək xərclər ümumi büdcə xərclərində nəzərəçarpacaq dərəcədə olacaq. Bu, 2017-ci ilin müvafiq göstəricilərindən 29,5 faiz, 2018-ci il proqnozundan isə 11,0 faiz çox olacaq. Elmə çəkilən xərclərin maiyyələşdirmə tempi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Qərbin inkişaf etmiş ölkələrində də bu sahəyə vəsait yönəldilməsi xüsusi prioritet kəsb edir. ABŞ, Çin, Almaniya kimi ölkələrdə də bu işdə böyük irəliləyişlərə nail olunub. İqtisadi potensial baxımından böyük olmayan Estoniya, Sloveniya, Slovakiya və başqa bu kimi Avropa Birliyi ölkələrində də innovasiya layihələrinə, elmi-tədqiqat hazırlıqlarına milyonlarla avro vəsait xərclənməkdədir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadi artım strategiyası YDM-nin, dövlət büdcəsinin gəlir və xərclərinin, əhalinin real pul gəlirinin artırılması yolunda nəhənq işlər görülür və daha böyük nəticələr əldə ediləcək. Bu isə o deməkdir ki, elm və təhsilə dövlət dəstəyinin dayanıqlı olmasına münbit şərait yaradılacaq.
Deməli, məhsuldar qüvvələrin sürətli inkişafı üçün elmə xüsusi diqqət verilməsi tarixi vacib məsələlərdən hesab olunmalıdır. Bu baxımdan istər elmi-tədqiqat institutları və universitetlər səviyyəsində, istərsə də sənaye klasterləri və startaplar miqyasında elmi tədqiqatlara bütün maliyyələşmə mənbələri vasitəsilə dəstək verilməlidir.
Bəllidir ki, çağdaş dünyamızda cəmiyyətin aparıcı qüvvələrindən biri də universitetlər hesab olunur. Müasir tələblərə və çağırışlara cavab verən universitetlər həmin cəmiyyətlərdə bir növ lokomotivlərə çevrilir və dövrünün ictimai, siyasi, iqtisadi təşkilati və mənəvi tərəqqisinin mənbəyi kimi çıxış edirlər.
Dünyanın hər yerində universitetlər 2 fundamental əsas üzərində fəaliyyət göstərir: tədris və elm. Elmi araşdırmaları zəif olan universitetlərin tədrisi də, təhsili də güclü ola bilməz. Bu baxımdan bu məsələnin elmi müstəvidə öyrənməsi özü-özlüyündə artıq çox böyük əhəmiyyət və aktuallıq kəsb edir. Tədqiq etdiyimiz bu məsələdə diqqətverici məqamlardan biri də bundan ibarətdir ki, universitetlərdəki elmin inkişafı ilə elmi-tədqiqat institutlarındakı elmin inkişafı anlayışlarını bir-birindən fərqləndirməyi bacarmalıyıq. Belə ki, birincinin özəlliyi, məhz elmi bilikləri anditoriyalara dərhal daşımaqdan ibarət olduğu üçün o, tədrisin keyfiyyətinin yüksəldilməsində, yeni biliklərin kütləviləşdirilməsində müstəsna əhəmiyyət daşıyır.
Bu baxımdan kafedralardakı elmin qayğısına qalmaq, onu metodiki, təşkilati-iqtisadi və informasiya baxımından möhkəmləndirmək, - hər bir universitetdə prioritet istiqamətlərdən hesab edilməlidir. Digər tərəfdən, kafedralardakı elmi inkişafı dəstəkləmək, elə mahiyyət etibarilə, ixtisasın keyfiyyətinin artırılması, onun müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi demək olardı.
Tam qətiyyətlə demək olar ki, məhz kafedralardakı elmi-tədqiqatların dərinləşdirilməsi son nəticədə ixtisas biliklərinin dərinləşməsinə və keyfiyyətli ixtisaslı kadrların hazırlanmasına şərait yarada bilər. Dünya təcrübəsi alternativ yola sahib deyil. Deməli, kafedradakı elmi işin dəstəklənməsi prosesi universitetlərdəki elmi fəaliyyəti nizamlayan bütün qurumlar tərəfindən diqqət mərkəzində saxlanılmalı və ona dəstək verilməlidir.
Bir məsələyə xüsusi aydınlıq gətirərək toxunmaq istərdim. Avropanın və ABŞ-ın bir sıra qabaqcıl universitetlərinin alimləri aspirantura, indiki dildə desək, doktorantura proqramlarına əsaslı şəkildə yenidən baxılmasını, bəziləri isə nə qədər paradoksal səslənsə də, mövcud şərtlər daxilində, ümumiyyətlə, ləğv edilməsini təklif edirlər.
Məncə, radikal islahatlar doktorluq tədqiqatlarının həm təşkilati, həm də mahiyyət tərəflərini bir kompleks şəklində əhatə etməlidir. Xüsusilə də tədqiqatların mahiyyət tərəfi belə bir sadə həqiqəti dərk etməyimizi tələb edir ki, əgər elmi-tədqiqat işinin praktiki tətbiqi mümkün deyilsə və o, konkret praktiki nəticəyə söykənmirsə, onda onun cəmiyyət üçün faydalılığı böyük sual doğurmaya bilməz.
Bəzən Qərb alimləri elmi tədqiqatların həddən artıq ixtisaslaşdırılmasının əleyhinə çıxır, mövzuların bir növ xırdalanmasını, onun praktiki nəticələr baxımından səmərəsizliyini vurğulayırlar. Həqiqətən real təcrübə artıq çoxdan sübut edib ki, elmi tədqiqatlardan hasil edilən real iqtisad səmərə, əsasən ixtisaslararası, fənlərarası layihələrin icrası nəticəsində əldə edilə bilər.
Lakin bu, eyni zamanda, zəruri ixtisaslaşmanı və onun daha da rasional dərinləşdirilməsini inkar etmir. Ən sadə şəkildə ifadə etmiş olsaq, bu, o deməkdir ki, institusional əsasları formalaşmış hər bir iqtisadi kateqoriya - bir ixtisas, hər ixtisas isə ayrıca bir kafedra ehtiva edir və etməlidir.
Fikrimcə, XXI əsrdə universitetlərdə doktorantura pilləsində elmi-tədqiqatların inkişafı vektoru məhz göstərdiyimiz 2 istiqamət üzrə, yəni bir tərəfdən ixtisasın dərinləşdirilməsi, digər tərəfdən isə fənlərarası, ixtisaslararası layihələrin kombinləşməsi yolu ilə aparılmalıdır. Son nəticədə doktorantura təhsili kafedral elmi-tədqiqatları stimullaşdırmalı və bu fəaliyyəti ən səmərəli şəkildə tənzimləməlidir. Çünki mahiyyət etibarilə yaradıcı insan əməyi olan elmi fəaliyyət heç bir bürokratik təsirlərlə hüdudlana və müəyyən çərçivələrə salına bilməz. Əksinə, reqlamentləşdirmədən kənar tam sərbəstlik, məsuliyyət və səmimi mühit elmi yaradıcılığı mənalı, həvəsli və dəyərli edə bilər.
Etiraf edək ki, universitetlərin bəzi strukturlarında elmi fəaliyyətlə bağlı qəbul edilən qərarlar peşəkar kargüzarlıq səviyyəsindən o tərəfə keçmir, elmi fəaliyyəti asanlaşdırmaq əvəzinə, onun yolunda mənasız sədlərə çevrilir. Nəticədə daha təhlükəli bir tendensiya - real işi stimullaşdırmayan, yaradıcılıqdan uzaq, onun ancaq imitasiyasını yaradan bir atmosfer formalaşır. Belə mühitdə yazılan və müdafiə edilən dissertasiya tədqiqatları isə heç kimə lazım olmur.
Bu baxımdan yaxın perspektivdə elmi fəaliyyətin yaradıcı mühitinin daha da yaxşılaşdırılması üçün kafedraların səlahiyyətlərinin və məsuliyyətinin artırılması işi davam etdirilməli, onların elmi potensialına arxalanmalı, idarəetmə strukturları ilə bir-birinin işinə mane olmaq deyil, əksinə, işbirliyinə söykənən tərəfdaşlıq etibarının möhkəmləndirilməsindən ibarət olmalıdır.
Universitetlərdə elmi fəaliyyətin təşkili işində hər şey istisnasız olaraq “əsas istehsal” prosesinə tabe edilməlidir. Ali məktəblərdə “əsas istehsalı”n məhz tədris və elmi fəaliyyət olduğunu, bunun mənbəyinin isə öz növbəsində məhz kafedralarla bağlılığını nəzərə alsaq, onda toxunduğumuz məsələnin aktuallığı bir daha aydın görünmüş olar. Dünyamızda daim gedən inkişaf prosesləri elm və bürokratiyanı bir-birindən istisna etməyə məhkumdur. Tarixi gerçəklik də bunu böyük alman kansleri Otto Bismarkın “Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir” kəlamında bir daha sübut edib.
Vurğulamaq istədiyim budur ki, universitet idarəetmə qurumları ixtisas kafedralarının fəaliyyətinə maksimum əlverişli mühit yaratmalı, onun səmərəliliyinin yüksəldilməsinə imkan verən təşkilati tədbirlər icra etməli, bürokratik kargüzarlıqdan uzaq olmalı və nəticə etibarilə, yaradıcı qurumlar kimi “əsas istehsal” prosesinə məhz xidmət etməlidirlər. Universitetlərin perspektiv inkişafı bu fundamental prinsipi nəzərə almadan mümkün deyil.
Ali məktəblərdə yaradıcı tədris və elmi mühitin formalaşmasında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da mühüm rolu şübhəsizdir. Bu baxımdan hər bir universitetdə tədris və elmi fəaliyyətin rəqabətliliyinin yüksəldilməsi üçün yaxın perspektivdə çox ciddi addımlar atılması məqsədəuyğun hesab edilməlidir.
Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim