Böyük Britaniyanın Kembric Universitetinin alimlərinin yaratdığı “Decoder” mobil proqramı konsentrasiya qabiliyyətini artırmağa və hazırda geniş yayılmış diqqət çatışmazlığı sindromu ilə mübarizə aparmağa imkan verir.
www.planet-today.ru saytının məlumatında bildirilir ki, alimlərin fikrincə, diqqətin bir yerə cəmlənməsi ilə bağlı problemlərin əsas səbəbi smartfon istifadəçilərinin diqqətini bitməyən bildirişlərlə yayındıran messencer və sosial şəbəkələrin populyarlığıdır.
“İndiki gənclər eyni anda bir neçə işlə məşğul olmağa məcburdurlar və bu, diqqəti konsentrasiya etmək qabiliyyətinə mənfi təsir göstərir. Buna stress, keyfiyyətsiz gecə yuxusu, eləcə də digər neqativ amillər əlavə etdikdə isə diqqət çatışmazlığı sindromu alınır”, - proqramın müəllifləri bildiriblər.
Alimlərin sözlərinə görə, proqram təminatı beynin fəaliyyətinin yaxşılaşdırılması üçün 3 qrupa bölünən 70 könüllü üzərində sınaqdan keçirilib. Qruplardan birinin könüllüləri “Decoder”, digər qrupun üzvləri başqa mobil proqramla oynayıblar, nəzarət qrupunun iştirakçıları isə heç bir oxşar proqramdan istifadə etməyiblər. Bir aydan sonra könüllülərin qabiliyyəti xüsusi test vasitəsilə yoxlanılıb. “Decoder” proqramının həqiqətən diqqət çatışmazlığını aradan qaldırmağa kömək etməsi müəyyən edilib.