Müasir smartfonlar çoxlu sayda komponentlərdən ibarətdir və onların istehsalı üçün ən müxtəlif kimyəvi elementlərdən istifadə olunur. Alimlərin sözlərinə görə, həmin kimyəvi elementlərin bəziləri məhdud saydadır, hətta bəziləri tükənmək üzrədir.
“Dünyada mövcud olan kimyəvi elementlərin hər biri məhdud saydadır və biz bu ehtiyatı çox sürətlə istifadə edirik, buna görə 100 ildən də az bir müddətdə hansısa kimyəvi element tükənəcək”, - deyə Şotlandiyanın Sent-Endryus Universitetinin alimi Devid Koul-Hamilton bildirib.
www.4pda.ru saytının məlumatında bildirilir ki, alimlər təbiətdə müxtəlif kimyəvi elementlərin tükənməsinin qarşısını almaq üçün insanları köhnə telefonları vaxtında utilizasiya etməyə səsləyiblər. Məlumata əsasən, Avropa Birliyi ölkələrində hər ay, təxminən, 10 milyon smartfon atılır və ya əvəz olunur.