“Təhsil sahəsində siyasət hədəflərə uyğun olmalıdır”


Dünya Bankı, Bill və Melinda Qeyts Fondu, Böyük Britaniyanın Beynəlxalq İnkişaf  Departamenti Londonda keçirilən Dünya Təhsil Forumunda yeni tərəfdaşlıq layihəsini təqdim ediblər. Bir sıra ölkələr adıçəkilən qurumların hazırlayacağı  alətlərdən istifadə etməklə öz təhsil sistemlərinin keyfiyyətli monitorinqini həyata keçirə biləcəklər. Yeni alətlər eyni zamanda siyasətçilərə real vaxt rejimində qərarlar qəbul etməyə imkan yaratmaqla bütün uşaqların təhsil almasına təminat verəcək. Bu əməkdaşlıq “İnsan kapitalı” layihəsinin hədəflərinə nail olmağa imkan verməklə təhsildə investisiyaların həcminin artırılması yönündə qlobal səyləri gücləndirəcək və iqtisadi artımı təmin edəcək. 

 

Forumda elan olunan çoxillik tərəfdaşlıq dünya ölkələrinin təhsil siyasətlərini nə dərəcədə uğurla həyata keçirməsi və hədəflərə nail olmaq yönündə səylərini izləməyə imkan verəcək. Dünya Bankı bütün ölkələrdən olan təhsil və idarəetmə üzrə ekspertlərlə birlikdə işləyərək təhsil sahəsində qlobal siyasətin monitorinqinin çoxplanlı paneli çərçivəsində yeni alətlərin hazırlanmasına başçılıq edəcək. Tezliklə panel 13 ölkədə testdən keçiriləcək və getdikcə daha çox ölkədə tətbiqi genişləndiriləcək.

 

“Bütün uşaqlar oxumaq  və yazmaq hüququna malik olmalıdır ki, özlərinin və cəmiyyətin gələcəyini təmin edə biləcək bilik və bacarıqlara sahib olsunlar. Britaniyanın dəstəyi sayəsində bütün dünyada milyonlarla uşaq 12 illik keyfiyyətli təhsilə giriş əldə edə bilər ki, bu da onlara öz potensiallarını üzə çıxarmağa və ölkələrini yoxsulluqdan xilas etməyə kömək edəcək”, - deyə Böyük Britaniyanın Beynəlxalq İnkişaf  Katibi və İnsan Kapitalı üzrə Komissarı Penni Mordaunt bildirib. Onun sözlərinə görə, Dünya Bankı və Qeyts Fondu ilə innovativ tərəfdaşlıq hökumətlərə faktiki məlumatları anlamaqda kömək edəcək. Aşkara çıxaracaqlar ki, niyə uşaqların təməl bacarıqları inkişaf etmir və təhsil sisteminin, onların ən vacib resursu - insanların inkişafı üçün hansı müdaxilələri etməlidirlər.

 

2018-ci il üzrə Dünya İnkişafı Hesabatında vurğulandığı kimi, məktəbdə təhsil almaq - heç də öyrənmək demək deyil.  Dünyanın bir çox ölkələri öyrənmə böhranı ilə üzləşir. Yeni əməkdaşlıq ölkələrə təlim nəticələrinin yaxşılaşdırılması ilə bağlı ən əhəmiyyətli məlumatlar verməklə bu böhranı aradan qaldırmaq məqsədi daşıyır. Bu göstəricilər sistemin müxtəlif səviyyələrində üç aspekti - göstərilən xidmətin keyfiyyətini, siyasət və təhsil siyasətinə öhdəliyi əhatə edir. “Təlimdə böhranı aradan qaldırmaq üçün hər bir məktəbdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq lazımdır”,  - deyə Dünya Bankının Təhsil üzrə Baş direktoru Cayme Saavedra bildirib. Onun fikrincə, inkişaf edən dünyada təhsil sahəsinin ən böyük maliyyəçisi olan Dünya Bankı tələbələrin necə oxuması və məktəb təhsilinin keyfiyyətinin  ölçülməsini dəstəkləyir. Bu, həlledici əhəmiyyət daşıyır və məqsəd odur ki, siyasətçilər təhsil sisteminin hansı aspektinin işlədiyini, hansıların isə möhkəmlənməsinə ehtiyac olduğunu görə bilsinlər. “Təlim böhranının öhdəsindən gəlmək üçün müəllimlərə dəstək göstərmək lazımdır, axı onların rolu unikaldır: şagirdlərin məktəbi hansı bilik yükü ilə tərk etmələri, ilk növbədə məhz onlardan asılıdır”, - deyə Cayme Saavedra qeyd edib. 

 

Təhsil sistemlərinin yaxşılaşması hərtərəfli yanaşma tələb edir: uşaqlar təlimə hazır olmalı, müəllimlər müvəffəqiyyətlə dərs deməli, məktəblər uyğun materiallara malik olmalı, məktəbin rəhbərliyi müvafiq idarəetmə və nəzarəti təmin etməlidir. Bunları düzgün etmək üçün təhsil sahəsində siyasət hədəflərə uyğun olmalıdır. Bu tərəfdaşlıq  eyni zamanda  ölkələrə müvafiq parametrlər üzrə bütün təhsil sisteminin fəaliyyəti haqqında etibarlı məlumatları verəcək, onların addımları ilə qabaqcıl təcrübə arasında  fərqi qeyd edəcək.

 

“3-cü sinifdə təhsilalanların sərbəst oxumaq bacarığı əhəmiyyətlidir və bu, sonrakı siniflərdə baza təlimin əsasını təşkil edir. Buna görə də informasiya panelində əsas nəticə kimi baza təliminə diqqət yönəldilir”, - deyə Bill və Melinda Qeyts Fondunun Qlobal Təhsil üzrə direktoru Qirindre Biharri bildirib. İnformasiya paneli təhsil sistemində təlimin əsas dar çərçivələri  haqqında kəsərli  informasiya verir,  bu isə təhsil sahəsində islahatlara meyilli olan siyasətçilər üçün qiymətli alətə çevrilir.

 

Beləliklə, təhsil sahəsində siyasətin qlobal informasiya paneli hökumətlərə sinifdə nələrin baş verməsindən tutmuş toplantılarda nazirlər səviyyəsində qərarların qəbuluna qədər təlimin yaxşılaşdırılması üçün siyasi islahatların və investisiyaların tərəqqisini izləməyə imkan yaradacaq. Panel insan kapitalını inkişaf etdirməklə və gələcək nəslə uğur qazanmaq imkanı yaratmaqla ölkələrə təhsilalanların təliminə real təsir edəcək qərarların qəbul olunması üçün məlumatlar verəcək.

 

Oruc MUSTAFAYEV