Poçt göyərçinləri ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu quşların saxlandıqları yerdən qapalı qəfəsdə çox uzağa aparılmalarına baxmayaraq, geri dönüşləri çətin olmur. Belə ki, göyərçin havaya buraxıldıqdan az sonra üç dəfə dövrə vurub minlərlə km. uzaqlıqda olan evin istiqamətini müəyyən edir və heç bir yanlışa yol vermədən həmin istiqamətə uçur. Alimlər qeyd edirlər ki, göyərçinin bu cür hədəf müəyyən edib, buna uyğun hərəkət etmək bacarığı canlılardan yalnız insanda var. Üstəlik, insan özü üçün aydın hədəf, məqsəd qoya bilirsə, ora getmək üçün marşrutu bilməsi vacib deyil, düşüncəsində yaxşı dizayn etdiyi “məqsəd” özü maqnit kimi çəkir. Sadə dillə izah etsək, tutaq ki, insanın arzusu, hədəfi, məqsədi iş tapmaqdırsa o, 200 manatlıq da olsa, iş tapacaq. Bir insanın hədəfi sağlam, maraqlı, zəngin, xoşbəxt həyat yaşamaqdırsa, o, ucqar kənd məktəbində hamıdan çox maaş alıb, sakit, xoşbəxt həyatını yaşayacaq. Yəni hədəfin böyük-kiçikliyi, yaxın-uzaqlığı olmur. Var düzgün qoyulan, dizayn edilən hədəf, bir də var hədəfi beyində əks etdirməmək, hərəkət etməmək. Xoşbəxt olmaq, çoxlu pul qazanmaq, yaxşı ailə qurmaq və s. oxşar arzularla yaşayanlar elə bilirlər ki, məqsədlərinə çatıblar, çünki hədəf qoyulub. Lakin bunlar məqsəd, hədəf deyil, arzudur. Məqsəd arzudan fərqli şeydir. Məqsəd aydın, yazılı və spesifik olur. Onu asanlıqla izah etmək, ölçmək və nail olacağınız vaxtı müəyyən etmək mümkündür.
Mark MakKormak “Harvard Biznes Məktəbində nəyi öyrətmirlər” kitabında 1979-1989-cu illərdə Harvardda aparılan araşdırma haqqında söz açır. Magistr diplomu almış məzunlara sual verilmişdi: Konkret yazılı məqsədiniz və onlara nail olmaq üçün hansısa planlarınız varmı? Məlum olmuşdur ki, məzunların yalnız 3%-nin yazılı məqsədləri və gələcəklə bağlı planları var. 13%-nin yalnız məqsədləri var, amma onlar qələmə alınmayıb. Yerdə qalan 84%-in bir məqsədi var: universitetdən canını qurtarıb, illərin əziyyətini yay tətilində çıxarmaq. On il sonra həmin məzunları yenidən araşdırıb, hazırkı durumları haqqında sual verilib. Məlum olub ki, məqsədi olan 13% məzun məqsədsiz məzunlara nisbətən 2 dəfə artıq gəlirə malikdir. Ən maraqlısı, gələcək haqqında həm yazılı, həm də şifahi məqsədləri olan 3% isə yerdə qalan 97%-dən 10 dəfə artıq gəlirə malikdir.
Bəli, konkretlik vacibdir. Təsəvvür edin ki, megapolislərdən birinə getmisiniz. Siz bir şirkəti tapmalı, ora işə düzəlməlisiniz. Yalnız şirkətin adını bilirsiniz və kommersiya qurumlarının qeydiyyat reyestrində həmin şirkət adında 10 min şirkət var. Təbii ki, ünvanı da bilmirsiniz. Bundan əlavə, küçə adlarını və rəqəmləri göstərən tablolar da yoxdur. Şirkəti tapmaq sizin üçün mümkün ola bilərmi? Buna nə qədər vaxt gedər? Təəssüf ki, çoxumuz həyatımızı bu cür yaşayırıq. Adi insan həyatda xəritəsiz gəzən turist kimi yaşayır. Nə plan var, nə də məqsəd. Sual yaranır: yaxın 2 il üçün meqapolisdə axtardığınızı tapmaq üçün xəritəniz-planınız varmı?
***
2007-ci ildə Roba Raynerin “Hələ ölməmişəm” filmi (The Bucket List) prokata buraxıldı. Filmdə Morqan Friman mexanik işləməyə məcbur olmuş istedadlı tarixçi, Cek Nikolson isə öz pul kisəsinin boşalmasına dözə bilməyən milyarder rollarını oynayırdılar. Hər iki qəhrəmanın ciyərlərində xərçəng aşkar olunur və onlar qərara gəlirlər ki, bir az qəribə, bir az da ciddi olan siyahı - həyatlarının qalan hissəsində reallaşdırmaq istədikləri arzularının siyahısını (The Bucket List) tutsunlar.
Bu filmdən sonra “BucketList” ideyası dəbə mindi. İngilis dilindən hərfi tərcümədə “siyahı zənbili” olan bu söz məcazi mənada işlədilir və təxminən “ölənə qədər tutulacaq siyahı” mənası verir. Bəs bu siyahı nədir? Əslində, yuxarıda qeyd etdiyimiz kimi, bu, təkcə arzular siyahısı deyil. Bu, özünü aşma, yeni mərhələyə qədəm qoyma, fərqli mühitə addımlamaq metodudur. Konkret desək, bu bizi xoşbəxt edəcək arzuların reallaşması siyahısıdır. Bununla sən əminsən ki, xərclədiyin resurslar ürəklə istədiyin arzuya çatmaq üçündür. Bu siyahı həyatda durğunluq yarananda, depressiya əlamətləri görünəndə, xaosdan çıxmaq yolları arananda daha çox lazım gəlir. Burada daha bir psixoloji məqam: siyahı bizə yaşadığımız həyatın necə qısa olduğunu xatırladır, “bütün bunları necə çatdıracağam”, - deyə narahatlıq baş qaldırır. Saniyələrin qədrini bil. İnsanlar var ki, sirkdə ayılarla birlikdə velosiped sürməyi həyati əhəmiyyətli arzu kimi yazır. Əmək haqqını son qəpiyinə qədər xeyriyyəçiliyə xərcləməyi düşününənlər də var. Bəs sizin, “BucketList”-niz varmı? Yoxdursa, elə bu məqaləni oxuduqdan sonra tərtib edəcəyiniz arzular siyahısında ilk nəyi yazardınız?
***
Aleksandr Qreham Bell “Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz”, - deyir. Türkiyənin məşhur yazarlarından Həkimoğlu İsmayılın insanın hədəflərinə bağlanması mövzusunda tövsiyələri çox mənalıdır: “Sizdən biriniz roman yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı sürəti ilə çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Aradabir qaçan olimpiada rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o, çalışmalıdır”.
Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək. Mahiyyəti nə olursa olsun, mütləq sizə hədəflərinizi xatırladacaq bir yol seçin.
4 iyul 1952-ci il. 34 yaşlı qadın Florens Çadvik Sakit okeanında Katalina adasından 21 mil məsafədə olan Kaliforniya sahillərinə doğru üzməyə başlayır. Əgər müvəffəq olarsa, bu uğura ilk imza atan qadın olacaqdı. Bu xanım İngiltərə və Fransa arasındakı La-Manş boğazını hər iki yöndə üzüb keçən ilk qadın idi. Kaliforniya sahillərinə az qalmış dəniz üzünü sıx duman tutmuşdu, su isə olduqca soyuq idi. Florenslə bərabər hərəkət edən qayıqda TV reportyorlar, jurnalistlər, anası və həyat yoldaşı həyəcanla onu izləyirdi. Dondurucu soyuğa və köpək balığı təhlükəsinə baxmayaraq, tam 15 saat üzdü. Kaliforniya sahillərinə çatmağa yarım mil qalmış Florens yarışmanı dayandırmaq istədiyini bildirir. Anasının, yoldaşının, məşqçisinin xatırlamalarına baxmayaraq, yarışı yarımçıq saxlayır. 6 ay sonra eyni marşrutu seçən xanım Çadvik bu dəfə həmin 21 mil məsafəni rahatlıqla üzüb keçir. Jurnalistlərin “İlk dəfə daha çox şanslı idin. Niyə 1,5 mil qalmış yarışı dayandırdın” sualına Florens qısa və konkret cavab verir: “Hava dumanlı idi, hədəfi görmürdüm”.
***
Hədəf qoymağa və onu reallaşdırmağa bu gündən başlayın. Gözləməyin. O ruh halı əsla gəlməyəcək. Və bacardığınız qədər tez hərəkət edin.
Hər bir Böyük İnsan həyatını bir cümləyə həsr edər. Kimisi hərəkəti ilə, kimisi sözləri ilə adını tarixə yazdırır. Məsələn, Sokrat deyirdi ki, “sorğulanmamış həyatı yaşamağa dəyməz”. Və yaxud “Ya bir yol tapacağıq, ya bir yol tapacağıq” Hannibalın həyat şüarıdır. Marks yaddaşlarda “Fəhlənin zəncirlərdən başqa itirəcəyi heç nəyi yoxdur” ifadəsi ilə qalıb. Martin Lüter Kinqin “Bir röyam var” fikri, Dekartın “Düşünürəmsə, demək varam”, Mövlananın “Nə olursan ol, gəl”, Mömin Sökmenin “Hər şey səninlə başlar”, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz”, Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadələri yaddaşlara əbədi həkk olunub. Elə isə sualım sadədir: Bəs sənin şüarın nədir? Nə ilə yadda qalacaqsan?
Sənan NƏCƏFOV