“Təhsil dünyanı dəyişə bilər”
“Təhsil üstünlük deyil, başlıca hüquqdur. Mən təhsilin gücünü və onun həyatı dəyişmək qabiliyyətini anlamaqda uşaqlara kömək etmək istəyirəm”.
Aişvarya Ganapatiraman
Braziliya
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu YUNESKO-nun Assosiativ məktəblər şəbəkəsinə üzv qurum kimi bu beynəlxalq təşkilatın qlobal məqsədlərinin təbliğinə həsr olunmuş dərsləri Azərbaycan dilinə tərcümə edərək öz rəsmi saytında yerləşdirib. Həmin icmallar əsasında öz siniflərində dərs keçmək müəllimlərə təklif olunur. “Azərbaycan müəllimi” müəllimlərə kömək məqsədi ilə həmin icmalların bir neçəsini dərc edib. Bu sayımızdan başlayaraq icmalların dərcini davam etdiririk. Xatırladırıq ki, müəllimlər bu dərsləri münasıb bildikləri və ya imkanları olduqları vaxt keçə bilərlər. Təqdim olunan materiallar dərsləri keçməkdə müəllimlərə kömək edər. Onlar materialları tədris üsullarına və məktəb şəraitinə uyğunlaşdırıb istifadə etməkdə də müstəqildirlər. Materiallar 8-14 yaşlı uşaqlar üçün hazırlansa da onları istənilən yaş qrupuna uyğunlaşdırmaq olar.
4-cü mövzu: Təhsil dünyanı dəyişə bilər
Fənn:
İctimai fənlər, vətəndaşlıq, coğrafiya, dil dərsləri
Təlim nəticələri:
• Həyatı dəyişmək üçün təhsilin gücünü anlamaq.
• Təhsilə hamının eyni çıxış imkanı olmadığını anlamaq.
• Onlayn görüntülərdən istifadə etməklə qlobal təhsil məlumatlarının şərhi.
• Dəlilli yazı texnikasının məşqi.
• Dünyada hamının təhsilə bərabər çıxış imkanı üçün təbliğat aparmaq.
Hazırlıq:
• II fəaliyyətdə istifadə olunan xəritəni göstərin və ya çap edin.
• Rəsm çəkmək üçün kağızlar hazırlayın.
Ümumi vaxt: 60 dəq.
Təlim fəaliyyəti: 20 dəq.
Şagirdləri 3-4 qrupa bölün. Hər bir qrupdan böyük bir insan sifəti konturu çəkməyi xahiş edin. Onlardan təhsilli insanın hansı keyfiyyətlərə və xüsusiyyətlərə malik ola biləcəyi barəsində fikirləşməyi xahiş edin. Şagirdlər bunları insan sifəti konturunun daxilində yazmalıdırlar.
Sonra onlardan insan sifətinin ətrafında dünyanı təmsil edəcək böyük bir dairə çəkməyi xahiş edin. İndi şagirdlər təhsilli insanlarla dolu olan dünyanın hansı keyfiyyət və xüsusiyyətlərinin olmasını müzakirə edə və bunları yaza bilərlər. Şagirdlər həmçinin öz rəsmlərinə şəkillər və simvollar əlavə edə bilərlər.
Qruplardan öz ideyalarını paylaşmağı xahiş edin.
Yaxşı təhsil əldə etməyin nəticəsi olaraq hansı imkanların açıla biləcəyi barədə cütlərə sual verin. Bütün siniflə paylaşmaq üçün 5 imkan yazılmış bir siyahı fikirləşməyi xahiş edin.
Diferensiasiya və alternativlər
Əgər sizin kifayət qədər yeriniz və böyük kağızınız varsa, şagirdlər insan sifətinin konturunu çəkmək əvəzinə döşəmənin üzərində uzanmış bir şagirdin konturunu çəkə bilərlər.
Sinif bütün xüsusiyyətlər siyahısına qulaq asıb 10 ən əsasını seçə bilər.
Şagirdlərə yaxşı təhsil almağın inanılmaz nəticələri haqqında bir necə faktlar göstərin.
Təlim fəaliyyəti: 20 dəq.
Əlavə 2-ni şagirdlərə göstərin. Bu xəritə dünyada təhsilə qeyri-bərabər çıxış imkanlarını nümayiş etdirir.
Şagirdlərdən aşağıdakı sualları müzakirə etməyi xahiş edin:
• Öz ölkələrində və qitələrindəki təhsilə çıxış imkanları haqqında məlumat nə göstərir?
• Dünyadakı digər ölkə və qitələrlə müqayisə edin.
• Bu xəritə dünyada təhsilinin səviyyələri və ya təhsilə çıxış imkanları barədə nə deyir?
• Şagirdlər hesab edirmi ki, bütün dünyada təhsilə ədalətli çıxış imkanı var?
Qeyd: Əgər sizə ölkə və qitələrin adlarını göstərən əlavə dünya xəritəsi lazımdırsa, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun saytında verilmiş elektron variantlardakı əlavə 3-dən istifadə edə bilərsiniz.
Diferensiasiya və alternativlər
Daha gənc və hazırlıqsız şagirdlərə dəstək üçün məlumat haqqında spesifik suallar verin və ya məlumatlardan bir neçə sitat yazaraq onların düz və ya səhv olduğunu soruşun.
Təlim fəaliyyəti: 20 dəq.
Qlobal məqsədləri təqdim edin, izah edin ki, bu hədəflər kompleksi 2015-ci ilin sentyabrında qəbul edilmişdir, ifrat yoxsulluğa və iqlim dəyişikliyinə son qoymağı nəzərdə tutur. Qlobal məqsədlərdən biri hamının keyfiyyətli təhsilə çıxış imkanına malik olmasıdır. Şagirdlərə tapşırın ki, yerli və ya milli siyasətçilərə bu qlobal məqsədə dəstək olmağı xahiş edən məktub yazsınlar. Öz məktublarında şagirdlər əvvəlki fəaliyyətlərindən bəzi məlumatlara istinad edə bilərlər. Şagirdlər nə üçün onların bu Qlobal məqsədin xüsusi əhəmiyyət daşıdığını düşündüklərini izah etməlidirlər və öz ideyalarını misallardan istifadə edərək genişləndirməlidirlər. Şagirdlər dəlilli yazı texnikası nümayiş etdirməlidir.
Diferensiasiya və alternativlər
Daha azyaşlı və hazırlıqsız şagirdlərə başlanğıc üçün cümlələr və ya məktubun hər bir hissəsi üçün izah verin.
Qlobal məqsədlərə çatmaq üçün fəaliyyətə başlayın
Müəllim olaraq sizin şagirdlərin müsbət enerjisini düzgün istiqamətləndirmək və onları aciz olmadıqlarına, dəyişikliyin mümkün olduğuna inandırmaq imkanınız var. “Design for Change” hərəkatı tərəfindən keçirilən “Mən bacarıram” məktəb müsabiqəsi uşaqları əməkdaşlığa çağıraraq öz mühitlərində dəyişikliklər etməyə və öz təcrübələrini dünyadakı uşaqlarla bölüşməyə dəvət edir.
Başlamaq üçün www.dfcworld.com saytına daxil olun. “Design for Change”in dərslər və ya şagirdlərə sərbəst fəaliyyətləri üçün www.globalgoals.org/ worldslargestlesson sayta daxil olun.
Həyatı dəyişmək üçün təhsilin imkanları:
Davamlı inkişaf təhsillə başlayır.
Təhsil xroniki yoxsulluğun aradan qaldırılmasında əsasdır.
Təhsil valideynlərə onların uşaqlarının sağlamlığı və gigiyenası haqqında düzgün bilik verir.
Təhsil uşaqlara sağlam qalmağın ən yaxşı yolları haqqında düzgün bilik verir.
Təhsil dayanıqlı kənd təsərrüfatının inkişafına kömək edə bilir.
Təhsil bu gün aclığa son qoyulmasına kömək edə bilir.
Təhsil sabahın qidalanmasını təmin edə bilər.
Təhsilli analar dünyada minlərlə uşaq həyatı xilas etmişlər.
Təhsil qadınlara əmək bazarına daxil olmağa imkan verən pasport kimidir.
Təhsil qadınlara səs hüququ verməyə kömək edir.
Gənc yaşlarında uşaq dünyaya gətirənlər və evlənənlər təhsilli qadınlar arasında daha azdır.
Təhsilli insanlar evdə su filtri və qaynadılmış su kimi təmizləyici metodlardan daha çox istifadə edirlər.
Keyfiyyətli təhsil iqtisadi və davamlı inkişaf üçün həyati əhəmiyyət kəsb edir.
Dünyada orta təhsil
Orta təhsilə cəlbolunma əmsalı (2015)
Xəritəyə əsasən aşağıdakı suallara cavab verin:
1. Hansı qitələrdə şagirdlərin orta təhsilə cəlbi ən yüksək və ən aşağı səviyyələrə malikdir?
2. Dünyanın hansı hissələri ən yüksək və ən aşağı səviyyələrə malikdir? Siz cavablarınızda kompas istiqamətlərindən (Ş, C, Q, Ş) və ya ekvator xəttindən istifadə edə bilərsiniz.
3. Ümumi mənzərəyə uyğun olmayan ölkələr varmı?
Dünyada ibtidai təhsil
İbtidai təhsilə cəlbolunma əmsalı (2015)
Xəritəyə əsasən aşağıdakı suallara cavab verin:
1. Hansı qitələrdə ibtidai sinif şagirdlərinin sayı ən yüksək və ən aşağıdır?
2. Siz cavablarınızda kompas istiqamətlərindən (Ş, C, Q, Ş) və ya ekvator xəttindən istifadə edə bilərsiniz.
3. Ümumi mənzərəyə uyğun olmayan ölkələr varmı?
4. Fərqlər ola bilərmi? Nə üçün?
5. Təhsildə bu bərabərsizliyin nə kimi təsiri ola bilər?