Oxucular arasında sorğu keçirilib
Amerikalılar deyirlər ki, kitabxanalar onlara saxta informasiyalar dənizində boğulmamağa və özünü inkişaf etdirməyə kömək edir. Onlar kitabxanalarda etibarlı və inandırıcı məlumatları daha asan tapırlar. Xüsusilə də bu, 18-35 yaşda olan gənclərə aiddir.
ABŞ-ın "Pew Research Centeru" Tədqiqat Mərkəzi ictimai kitabxanalardan istifadəyə dair illik sorğu keçirib. Sorğuda ölkənin bütün 50 ştatından olan 16 və daha yuxarı yaşlı 1601 amerikalı iştirak edib. Tədqiqatın nəticələri statistik əhəmiyyət daşıyır. Tədqiqatlara əsasən, yaşlı amerikalıların 78 faizi hesab edir ki, ictimai kitabxanalar onlara səhih və etibarlı informasiyanı axtarıb tapmaqda kömək edir. 76%-i isə kitabxanalarda yeni ədəbiyyatlar oxuyur. 56% amerikalının fikrincə, səhih məlumatlar onlara qərarların qəbul olunmasında kömək edir. Sorğuya əsasən, amerikalılar hesab edirlər ki, ictimai kitabxanalar onlara digər sahələrdə - streslərlə mübarizədə və hətta şəxsi məlumatların mühafizəsində kömək edir.
Kitabxanalara maraq 18 - 35 yaşlı insanlarda daha böyükdür. Bu yaşda insanların 53 faizi son il ərzində heç olmasa bir dəfə şəxsən kitabxanaya getdiklərini, kitabxana saytından və ya əlavədən (proqramdan) istifadə etdiklərini deyiblər. Kitabxanaları yaşlı amerikalılarla müqayisədə daha tez-tez ziyarət edən cavanlar qeyd edirlər ki, kitabxana onlara etibarlı informasiyanın axtarışında daha çox kömək edir.
Kağız kitablar hələ də kitabxanaya getmək üçün ən məşhur səbəbdir. Rəyi soruşulan 16 yaşdan yuxarı kitabxana istifadəçilərinin 64 faizi kitablara, 29 faizi isə kompüter arxasında əyləşməyə üstünlük veriblər.
Amerikalılar kitabxanalardan nə gözləyirlər? Respondentlərin 80 faizi hesab edir ki, kitabxanalar rəqəmsal bacarıqları öyrənmək üçün proqramlar təklif etməlidir. Rəyi soruşulanların tam yarısı istəyir ki, kitabxanalar ziyarətçilərə yeni yaradıcı texnologiyalara (məsələn, 3D-printerlər) yiyələnməkdə kömək etsin. 57% amerikalı hesab edir ki, kitabxanaların oxuma, iş və istirahət üçün daha rahat yerlər təklif etmələri lazımdır, 24% isə texniki mərkəzlər, mədəni tədbirlər, oxuma və ünsiyyət üçün yer yaratmaq məqsədilə kağız kitabların bir hissəsinin kitabxanadan çıxarılmasını arzu edir.
Qeyd edək ki, adıçəkilən tədqiqat mərkəzi məlumatlara əsaslanan ictimai rəy sorğuları, demoqrafik tədqiqatlar, məzmun-analizi və başqa sosioloji tədqiqatlar keçirən informasiya mərkəzidir.
Oruc MUSTAFAYEV