Əllər vasitəsilə sıxma gücü sağlamlıq vəziyyətinin göstəricisi ola və xəstəliklərin aşkar edilməsində diaqnostika vasitəsi kimi istifadə edilə bilər.

 

www.robo-hunter.com saytının məlumatına əsasən, bu məqsədlə “IBM” korporasiyası tərəfindən hazırlanmış və əl dırnağına bərkidilən kiçikölçülü daşınan sensor sıxma gücünü aşkar edə bilir. Bundan sonra sensor vasitəsilə toplanmış məlumatlar süni intellektin tətbiqi ilə analiz edilir. Sensorlar dərman qutularının açılması, əllə mətn yazmaq kimi hərəkətləri aşkar etmək üçün kifayət qədər həssas və dəqiqdir.

 

Sensordan əldə olunmuş məlumatlar “ağıllı” saata ötürülür və orada informasiyanın emalı həyata keçirilir. “Ağıllı” saatlarda tətbiq olunan kompüter təlimi sistemi parkinson xəstəliyinin müxtəlif əlamətlərini aşkar etmək qabiliyyətinə malikdir.

 

Qeyd edək ki, sensor əvvəlcə parkinson xəstəliyindən əziyyət çəkən insanların sağlamlıq vəziyyətini müşahidə etmək üçün yaradılıb. Lakin şirkət nümayəndələri bildiriblər ki, qurğunu digər xəstəliklərin simptomlarının təyini və müalicənin effektivliyinin qiymətləndirilməsi üçün də tətbiq etmək olar. Qurğunun satışa çıxarılma tarixi haqda məlumat verilməyib.