Azərbaycan pedaqoji fikrinin inkişaf tarixində özünəməxsus yeri və görkəmli xidmətləri olan professor Əhməd Seyidov öz elmi pedaqoji fəaliyyəti, zəngin pedaqoji irsi, yetişdirdiyi elmi pedaqoji kadrları ilə Azərbaycan pedaqoji fikir tarixində silinməz izlər qoymuşdur. İstər onun çoxsaylı əsərləri, çox yönlü elmi-pedaqoji fəaliyyəti və istərsə də görkəmli pedaqoq Əhməd Seyidova həsr edilmiş əsərlər Azərbaycan pedaqoji elminin inkişafında böyük rol oynamışdır.
Budur, daha yeni bir əsər - SDU -nun pedaqogika və psixologiya kafedrasının müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru Aytəkin Məmmədovanın “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilmiş “Professor Əhməd Seyidov və Azərbaycanda pedaqoji elmin inkişafı” adlı monoqrafiyası (Bakı, “Elm və təhsil” 2018-ci il, 192 səh.) Azərbaycan pedaqoji elminin inkişafına dəyərli bir töhfə olaraq pedaqoji fikir tariximizi xeyli zənginləşdirmişdir.
Monoqrafiyanın ön sözünün müəllifi və elmi redaktoru Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, rəyçiləri isə professorlar Hüseyn Əhmədov, Əjdər Ağayev və Sərdar Quliyevdir.
Monoqrafiya ön söz, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
Ön sözdə professor F.Rüstəmov haqlı olaraq qeyd edir ki, Azərbaycanda elm və mədəniyyətin inkişafında böyük fədakarlıqlar göstərmiş elə şəxsiyyətlər var ki, onların şərəfli həyat yolu, elmi-pedaqoji fəaliyyəti zaman keçdikcə parlaq nümunəyə çevrilir və qüdrətli təsir gücü ilə nəsillərə nümunə olur.
Professor Əhməd Seyidovun elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pedaqoji elminin və təhsilinin inkişafında, milli elmi pedaqoji kadrların yetişməsində, eləcə də gənc nəslin və tələbə-gənclərin milli -mənəvi ruhda tərbiyəsində müstəsna xidmətləri olmuşdur.
Professor Əhməd Seyidov Azərbaycan elmi-pedaqoji fikrinin təməlini qoyanlardan biri olaraq pedaqoji cameəmizdə obrazlı şəkildə belə deyilmişdir: Əhməd Seyidov, Mərdan Muradxanov, Mehdi Mehdizadə üçayaqlı saca bənzər ki, pedaqoji elmimiz bu böyük alimlərin çiyinləri üzərində ucalmışdır.
Monoqrafiyanın I fəsli - “Prof. Əhməd Yusif oğlu Seyidovun həyatı və elmi -pedaqoji fəaliyyəti” adlanır ki, bu fəsildə Ə.Seyidovun həyatı və elmi-pedaqoji fəaliyyəti, yaşadığı mühit, tələbəlik illəri, onun haqqında müasirlərinin söylədikləri fikirlər, xatirələr əsas yer tutur. Bu fəsildə verilən materialları oxuduqca, yalnız Ə.Seyidovun həyat və fəaliyyəti deyil, bütövlükdə Azərbaycan təhsilinin, Azərbaycan pedaqoji fikrinin, ilk ali təhsil müəssisələrimizin tarixi, onların keçdiyi şərəfli yol yaddaşımızda, xatirimizdə bir daha canlanır. Burada deyilən fikirlər, yazılan sözlər, həm də bizim pedaqoji fikir tariximizin, təhsilimizin bir çox maraqlı məqamlarını əks etdirir, hətta bir çox unudulmuş səhifələri də öyrənməyə imkan verir. Elə buradaca mən, “İstiqlal” ordenli, Əməkdar müəllim, dosent, atam Lətif Hüseynzadənin Əhməd Seyidovla bağlı bir xatirəsini də bura əlavə etmək istərəm ki, onlar Bakı Dövlət Universitetində eyni vaxtda oxumuş və eyni vaxtda da bu təhsil ocağını bitirmişlər. Onlar təhsil aldığı dövrdə Rusiyadan və Türkiyədən dəvət edilmiş çox görkəmli alimlər - Rusiyadan - Komarovski, Makovelski, Seredinski, Marr, Meşşaninov və başqaları, Türkiyədən - İsmayıl Hikmət, Xəlil Fikrət, Əhməd Cövdət, Nazim Hikmət, Möhyəddin, Bəkir Çobanzadə və başqaları onlara dərs demişlər. Tələbələr burada dərin və hərtərfəli bilik qazanmaqla bərabər, həm də ciddi elmi - tədqiqat işləri ilə də məşğul olmuş, ictimai işlərdə fəal iştirak etmiş, faydalı təşəbbüslər irəli sürmüşlər. L.Hüseynzadə xatirələrində yazır ki, 1928-29-cu tədris ilində Lenin adına Azərbaycan Dövlət Darülfünununun 10 illik yubileyində Şərq fakültəsi nəzdində jurnalistika şöbəsi yaradıldı. Fəal tələbələr dərsdən sonra jurnalistika şöbəsinin məşğələlərində iştirak edirdilər. Bu şöbədə Əhməd Seyidovla birlikdə təhsil alır və birlikdə fəaliyyət göstərirdik. Burada qəzetçilik, müxbirlik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair çox maraqlı dərslər keçirdik. Jurnalistika fakültəsinin və jurnalistika şöbəsinin rəhbəri professor S.Seredinski idi. Bir gün rektorumuz Tağı Şahbaziyə müraciət etdik ki, darülfünunda çoxtirajlı bir qəzet nəşr edək. Rektor da fikrimizi razılıqla qarşıladı və 1929-cu ilin iyun ayında Azərbaycan Dövlət Darülfünununda “Stident jurnalist” adlı çoxtirajlı universitet qəzetinin ilk nömrəsini buraxmağa nail olduq. Bu ilk nömrədə Əhməd Seyidovun “Tibbi fakültədə yeni tədbirlər” adlı məqaləsi də getmişdir. Qırmızı rənglə buraxılmış bu qəzetin redaksiya heyətində Əhməd Seyidov və Lətif Hüseynzadənin adları görünməkdədir. Həmin qəzetin birinci orijinal nömrəsi bu günədək ailə arxivimizdə saxlanılır.
Monoqrafiyanın II fəsli “Əhməd Seyidovun elmi yaradıcılığının əsas istiqamətləri” adlanır. Burada Ə.Seyidovun pedaqoji fikir tariximizin inkişafındakı rolu, Azərbaycan və xarici ölkələrin pedaqoji fikir tarixinə dair tədqiqatları, tərtib etdiyi dərslik və dərs vəsaitləri haqqında qiymətli məlumatlar verilir, ümumiləşdirici təhlillər aparılır. Burada Əhməd Seyidov Azərbaycan pedaqoji fikrinin böyük bir tarixi dövrünün yaradıcısı kimi təqdim və A.A.Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Məhəmməd Füzuli, F.B.Köçərli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə haqqında dəyərli tədqiqatların müəllifi kimi təqdir olunur.
Müəllif Aytəkin Məmmədova monoqrafiyada daha bir maraqlı, diqqəti cəlb edən məsələyə toxunmuş, Əhməd Seyidovun Hacı Kərim Sanılı ilə birlikdə yazdığı “Türk əlifbasi” və ali pedaqoji məktəblər üçün yazdığı “Pedaqogika tarixi” dərsliklərini geniş təhlil etmişdir ki, burada çox yeni məlumatlarla zənginləşmək olur.
Monoqrafiyanın nəticələrində Əhməd Seyidovun həyat və elmi pedaqoji fəaliyyətinə ətraflı yekun vurulur.
Monoqrafiyanın həm ədəbiyyat siyahısından və həm də mətnlərdən Əhməd Seyidov haqqında yazan müəllifləri öyrənmək olur ki, onlardan professorlar Hüseyn Əhmədovu, Mərdan Muradxanovu, Fərrux Rüstəmovu, İramin İsayevi, Əjdər Ağayevi, Yusif Talıbovu, Fikrət Seyidovu, Sərdar Quliyevi, Əliheydər Həşimovu, Müseyib İlyasovu, Rüfət Hüseynzadəni, Həsən Bayramovu, dosentlər Aytəkin Məmmədovanı, Miri Həsənovu, Allahverdi Eminovu, Əlibala Zalovu və başqalarını göstərmək olar.
Dosent Aytəkin Məmmədovanın “Professor Əhməd Seyidov və Azərbaycanda pedaqoji elmin inkişafı” adlı monoqrafiyası Ə.Seyidovun həyat və fəaliyyətini kompleks şəkildə öyrənmək baxımından çox faydalıdır. Bu əsər pedaqoji fikir tariximizi xeyli zənginləşdirir və pedaqoji elm tədqiqatçılarına dəyərli materiallar verir, pedaqoji təmayüllü magistrlər, tələbələr, müəllimlər üçün qiymətli bir vəsait olur.
Rüfət HÜSEYNZADƏ,
pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim