Dövlətin milli təhlükəsizlik maraqları təhsilin rəqabət qabiliyyəti ilə müəyyən edilir


“Təhlükəsizlik” geniş anlayışdır və qədim dövrlərdən etibarən təhdidləri qabaqlayıb neytrallaşdırmağı ehtiva edir. Təsadüfi deyil ki, müasir dünyada qlobal təhlükəsizlik ümumbəşəri maraqların mərkəzində dayanır, fərdin, cəmiyyətin, dövlətin təhdidlərdən qorunması kimi izah olunur. Elmi sosial-fəlsəfi yanaşmada təhlükəsizlik maddi dəyər deyildir, bilik prosesində dünyanın, ətraf aləmin dərkində, qnoseoloji kateqoriya kimi təqdim olunur. İnsan ehtiyaclarının, tələbatlarının, maraqlarının gerçəkləşməsinə istənilən təhlükə yarandığı halda “təhlükəsizlik” amili meydana çıxır və formalaşır. İnsanın təhlükəni potensial zərər mənbəyi kimi dərketmə qabiliyyəti təhlükəsizliyin təminatı səviyyəsinin əsas meyarıdır.

 

Beləliklə, təhlükəsizlik bəşəriyyətin təbii və sosial təhlükələrdən qorunmasına dair fəlsəfi sahədir. Bu anlayış fəlsəfə, hüquq, iqtisadiyyat, texnologiya, siyasət, idarəetmə, tarix, sosiologiya, etika, estetika, psixologiya kimi elmlərin kəsişməsindən yaranan inteqral sahədir. Onun əsas subyekti, “əsas iştirakçısı” insandır və təhlükəsizliyin təminatı obyektləri sırasına şəxsiyyət, cəmiyyət və dövlət daxildir.

 

Müasir dövrdə təhlükəsizliyin əhatə dairəsi və miqyası genişdir: qlobal, siyasi, geosiyasi, iqtisadi, genetik, mənəvi-əxlaqı, sosial-mədəni, şəxsi, korporativ, daxili, hərbi, texnoloji, informasiya, regional, strateji, demoqrafik, tibbi, ekoloji və sairə.

 

Bu gün Azərbaycan Respublikasında gedən sosial-siyasi və iqtisadi dəyişikliklər təhsil sahəsində də  təhlükəsizliyin təmin edilməsinin yeni elmi, metodoloji və konseptual inkişafını tələb edir. Təhsil doktrinasında, hökumət orqanlarının, Təhsil Nazirliyinin təhsillə bağlı normativ-hüquqi sənədlərində, ali təhsil müəssisələrinin nizamnamələrində milli təhlükəsizliyin vacib komponenti olan təhsil sahəsinə, xüsusən də ali təhsilə, təəssüf ki, kifayət qədər diqqət yetirilmir. İddia edilir ki, strateji baxımdan dövlətin təhlükəsizliyinin səviyyəsi onun təhsil sisteminin vəziyyəti ilə müəyyən olunur. Əlbəttə, dövlətin təhlükəsizliyini yalnız təhsil siyasətinin icra vasitələri ilə təmin etmək olmaz. Lakin bu amil olmadan təhlükəsizliyə zəmanət vermək mümkün deyildir.

 

Biz hazırda bütün dünyanı bürüyən və daim dəyişən iqtisadi, sosial-mədəni və siyasi dəyişikliklərin əhatəsində yaşayırıq. Müasir dünyada baş verən qloballaşma şəraitində təhsildə təhlükəsizlik probleminə yanaşmada müxtəlif fikirlər və münasibət mövcuddur. Əsas məsələ onları sistemləşdirib ortaq məxrəcə gətirməkdir. Ölkə təhsilinin ümumi təhlükəsizlik sistemində konkret məzmunu və mövqeyi təyin edilməlidir. İlk növbədə mürəkkəb xarici və daxili şərtlərin təsiri öyrənilməli, milli təhsilin rəqabətə davamlılığı ilə yanaşı sosial-iqtisadi sahələrə dair siyasətin səmərəsi təhlil olunmasıdır. Çünki dövlətin milli  təhlükəsizlik maraqları həm də sosial sahədə yerli təhsilin rəqabət qabiliyyəti ilə də müəyyən edilir.

 

Təhsil təhlükəsizliyinin meyarları, göstəriciləri və əhatəsi müəyyən edilməlidir. Onların keyfiyyət və kəmiyyət baxımından kompleks tətbiqinə nail olunmalıdır. Təhsil təhlükəsizliyinin ümumi artım meylini və səviyyəsini qiymətləndirmək və mahiyyətini müəyyən etmək üsulları işlənməlidir. Hazırda dövlətin təhsil təhlükəsizliyinin təmin edilməsi mexanizminin hazırlanması üçün iqtisadi-sosial təhdidlərin ölçülməsinə və dəqiqləşdirilməsinə sistemli yanaşma gündəmə gəlməkdədir. Sistemli yanaşma belə bir nəticəyə gəlməyə imkan verir ki, ölkənin iqtisadi-sosial təhlükəsizliyinin təminatının əsasında dövlətin sabit və məqsədyönlü fəaliyyəti dayanmalıdır. Buradan da aydın olur ki, təhsil siyasətinin prioritetləri məhz iqtisadi-sosial təhlükəsizliyin dövlət tərəfindən təmin olunmasının konkret şərtləri aşağıdakı istiqamətlərdə öz əksini tapmalıdır:

 

- milli iqtisadiyyatın rəqabətqabiliyyətli olmasına və rəqabət üstünlüklərinin dövlət tərəfindən himayəsinə dair tədbirlər;

- əhalinin yaşayış səviyyəsinin artması, onların güzəranının yaxşılaşması, təhsilin rəqabətədavamlı olması məqsədilə dövlətin həyata keçirdiyi tədbirlər.

 

Təhsil hər hansı bir dövlətin təhlükəsizliyinin mühüm komponentlərindən biri olaraq bilavasitə onun inkişaf səviyyəsindən asılıdır. Dövlətin təhsil siyasəti onun milli təhlükəsizliyinin təmin olunması sisteminin vacib elementlərindən biridir. Təhsil milli təhlükəsizliyin bütün səviyyələrinə (cəmiyyət, dövlət, vətəndaş) öz təsirini göstərir.

Bəllidir ki, ixtisaslı kadrlar olmadan Azərbaycanın iqtisadi və hərbi təhlükəsizliyinin təminatı qeyri-mümkündür. Elmi araşdırmalar olmadan isə texnoloji təhlükəsizliyi təsəvvür etmək olmaz. Xalqın intellektual potensialının qorunması və inkişafı ölkənin sürətli iqtisadi və sosial tərəqqisi üçün dövlətin imkan potensialını genişləndirir. Azərbaycan Respublikasının milli təhlükəsizliyi təhsil siyasətinin bir sıra əsas sahələrində fundamental dəyişiklik aparılmadan təmin edilə bilməz. Bu gün təhsilə yönəldilən xərclər əslində “gələcəyə investisiya” deməkdir.

 

Aparılan tədqiqatların təhlilləri nəticəsində belə qənaət yaranır ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan tədbirlər ardıcıllıqla həyata keçirilməlidir. İlk növbədə təhsilin daxili və xarici “intellektual bazarlarda” rəqabətə davamlılığı qorunmalıdır. Bunu isə yalnız rəqabətin real imkanlarının daim inkişafı və təkmilləşdirilməsi hesabına həyata keçirmək olar. İkinci, Azərbaycan əhalisinin yaşam səviyyəsinin Avropa standartlarına yaxınlaşdırılmasına əsas etibarı ilə həyatın keyfiyyətinə xarici və daxili amillərin təsir və əks-təsirini nəzərə almaqla nail olmaq olar.

 

Qloballaşmanın müasir meyar və göstəricilərinə müvafiq olaraq, inkişaf etmiş ölkələr milli iqtisadiyyatının rəqabət qabiliyyətini artırırlar. Azərbaycanın həmin göstəricilər üzrə layiqli yerlərdən birində qərar tutması qardaş Türkiyə Respublikası da daxil olmaqla Cənubi Qafqaz və Qara dəniz hövzəsi iqtisadi zonasının aparıcı dövləti olaraq önə çıxması ən vacib amil kimi bu irəliləyişə şərait yaradır. Bu problemə Türkiyənin də ciddi yanaşması nəticəsində aparılan uğurlu neft və investisiya qoyuluşu siyasəti ilə xarici iqtisadi təhlükəsizliyin təmin olunması beynəlxalq müqavilələrlə möhkəmləndirilmişdir.

 

Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması təhsilimizin təhlükəsizliyinə mane olan amillərin aradan qaldırılmasına zəruri şərait yaradır. Ölkənin iqtisadi təhlükəsizliyinə təhlükə yaranmaması üçün qeyri-neft təhsil sahələrinin davamlı inkişaf etdirilməsinə diqqət yetirilir. Bunun üçün xarici ölkələrin investisiyasına deyil, daxili resurslara söykənən investisiyalara daha çox üstünlük verilir.

 

Bununla yanaşı, bu gün MDB-də ali təhsilin iqtisadiyyatın məqsəd və tələblərinə uyğunlaşdırılması tendensiyası mövcuddur. Belə şəraitdə ali təhsilin missiyası dar, praqmatik düşüncəli və eqoist maddi maraqları ilə fərqlənən iş adamı və ya məmurdan ibarət birtərəfli tələbatın uyğunlaşdırılmasına yönəldilir. Bu sifarişlərin ali təhsilin müasirləşdirilməsi və modernləşdirilməsinə qadir olduğunun zənn edilməsi gənclərin intellektual və mənəvi inkişafına, ölkələrin sivil inkişafına ciddi təhlükə yaradır.

 

Son on il ərzində Azərbaycan Respublikasında təhsilin təhlükəsizliyi köhnə təhsil sisteminin əsaslı şəkildə dəyişdirilərək onu Qərbin inkişaf etmiş ölkələrindəkinə  uyğun yeniləşdirmək səyləri ilə müşayiət olunmuşdur. Bəllidir ki, Avropa təhsil ictimaiyyəti hazırda “Bolonya prosesi” adlanan transformasiya dövrü keçirir. Məqsəd fundamental prinsiplərə əsaslanan ümumavropa təhsil sisteminin formalaşdırılmasıdır. Sirr deyil ki, avropalılar bu gün bütün Avropanı “vahid dünya” kimi tanıdırlar. Lakin ali təhsil cəmiyyətin formalaşmasına böyük təsir göstərən olduqca mühüm sahədir və bu səbəbdən təhsil sistemlərinin parçalanması və  “müxtəlifliyi” Avropa birliyinin “möhkəmlənməsinin” qarşısını alır.

 

Birlik əmək, əmtəə və kapitalın azad dövriyyəsini nəzərdə tutur. Təbiidir ki, belə halda ali təhsildə ixtisas dərəcəsi üçün ortaq meyarın müəyyən edilməsinə ehtiyac yaranır. Çünki bunsuz yüksək ixtisaslı kadrların sərbəst fəaliyyət mübadiləsi mümkün deyildir. “Bolonya Bəyannaməsi”nin icrası nəticəsində Avropa ali təhsili əsasən daha çox əmək bazarına yönəlmiş praqmatik prosesə çevrilir. İki mərhələli sistem təhsildə “istehsal dövrünün” azaldılmasına, kütləvi təlimin əsas səviyyədə aparılmasına və sonrakı mərhələdə seçimli (əsasən ödənişli) təhsilin həyata keçirilməsinə imkan yaradır. Bu isə Avropa təhsilinin rəqabət qabiliyyətini artıran amil kimi dərk olunur.

 

Azərbaycan iqtisadiyyatının aparıcı sahələrinin rəqabət üstünlüklərinin gələcəkdə qorunub saxlanılmasına yönəldilən iqtisadi siyasətin prioritetləri təhsil təhlükəsizliyinin səviyyəsinin artırılmasına təminat verməlidir. Bu məqsədlə Azərbaycanın milli iqtisadiyyatında əsaslı struktur dəyişikliklərinə daha çox sürət verilməlidir. İqtisadiyyatda ayrı-ayrı müəssisələrlə yanaşı, bütünlükdə sənaye sahələrinin strukturca yenidən qurulması layihələri çoxaldılmalıdır. Nəzərə alınmalıdır ki, layihələrin hazırlanması zamanı dəyişikliyin məqsədi yalnız iqtisadiyyatın texnika, texnologiya çərçivəsi ilə deyil, daha çox insan amilinin həyat şəraitinin yaxşılaşdırılmasına, millətin sağlamlığının qorunmasına, təhsilin inkişafına təminat verən şərtlərlə əhatələnməlidir. Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bununla bağlı deyib: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.

 

Bu məsələ Azərbaycan Respublikası üçün Avropa inteqrasiyası kontekstində də vacibdir. Öz inkişafında dövlət hansı yola üstünlük verəcək. Ən yaxşı Avropa nümunələrini əldə edərək, eyni zamanda yerli ənənələri, mədəniyyəti, təhsilin yüksək səviyyəsini qorumaq  və ya əksinə - əvvəlki nəsillərin elmi irsindən imtina edərək, Avropa təhsil ənənəsini qəbul etmək? Azərbaycanın təhsil sistemi I Pyotrun əsasını qoyduğu və Avropa köklərinə malik olan  rus təhsil sistemi - Çar və Sovet imperiyaları əsasında qurulduğu nəzərə alınmalıdır.

 

“Bolonya Bəyannaməsi”nin tələbləri Azərbaycan Respublikasında ali təhsildəki bəzi taktiki məsələləri həll etməyə kömək edə bilər. Lakin strateji məsələlərin heç də hamısı həll olunmayacaqdır. MDB ölkələrinin ali təhsili Avropa təhsilinə bənzəyə bilər. Amma bununla o, Avropanın arxasınca itaətkar bir şəkildə düşünmədən gedərək bəlkə də, çox şey itirə bilər.

 

Eyni zamanda, milli məktəbin elmi ənənələrini nəzərə alaraq, Bolonya prosesindən MDB dövlətlərinin təhsil sisteminin fəaliyyətinin effektivliyinin artırılması üçün bir mənbə kimi istifadə etmək olar. Strategiyanın başlanğıc nöqtəsi məqsədin qoyulmasıdır. Fikrimizcə, təhsil strategiyasının məqsədi XXI əsrin meyarları və sivilizasiyanın tələblərinə uyğun olaraq MDB dövlətlərini dünyanın ən yüksək təhsilli ölkələrinin sırasına daxil edilməsidir. Yerli şəraiti nəzərə almadan, hətta ən inkişaf etmiş ölkələrin təhsil sistemlərinin birbaşa müxtəlif siyasi quruluşa malik dövlətlərin təhsil sistemləri ilə əvəzlənməsi fəsadlar yarada bilər.

 

Müasir dövrdə elm və elmi-texnoloji tərəqqi ölkənin sosial-iqtisadi inkişafını müəyyənləşdirən əsas faktorlardan biridir. Hətta təkcə iqtisadi inkişafı nəzərə alsaq belə, onun kifayət qədər uzun müddətdə davam etməsi yalnız intellektual biliyə əsaslanan innovativ iqtisadiyyat çərçivəsində əldə edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda deyildiyi kimi, “Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar”.  Məhz belə siyasət ölkənin gələcək rifahı və milli təhlükəsizliyinin təməlinə qoyulmalıdır, çünki təhsil sistemi maddi və mənəvi istehsalın inkişafına fəal təsir göstərə bilən və cəmiyyətin əsas qüvvəsi olan istehsalçı işçilərin formalaşdırılmasını təmin edir. Təhsil sistemi, həmçinin, dəyişən sosial struktur proseslərinə fəal təsir göstərir; əsrlər boyu sələflərin yadigar qoyduğu əxlaq dəyərlərinin gənc nəslə ötürülməsini təmin edən ən vacib vasitədir. Nəhayət, təhsil sistemi insanların siyasi baxışlarını təşkil edir, sosial fəaliyyətin ilkin bacarıqlarını artırır, onlara siyasi və hüquqi mədəniyyətin əsaslarını verir. Milli-mənəvi və bəşəri dəyərlərə, kreativ düşüncə tərzinə malik, müxtəlif xarici dillərə yiyələnmiş, yüksək ixtisaslı milli mütəxəssis kadrların yetişdirilməsi ali təhsil müəssisələrinin ümdə vəzifəsidir.

 

Hümeyir ƏHMƏDOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-pedaqoji  kadr  hazırlığı  şöbəsinin  müdiri, pedaqogika  üzrə elmlər doktoru, professor