Layihəli tədris fəaliyyətindən dərslərimdə yararlanıram
Müasir cəmiyyətdə baş verən dəyişikliklər təhsil sahəsinin sürətlə təkmilləşdirilməsini, dövlət, sosial-iqtisadi və şəxsi maraqları nəzərə alan yeni təhsil hədəflərinin müəyyənləşdirilməsini tələb edir. Bununla əlaqədar olaraq, prioritet istiqamət yeni təhsil standartlarının inkişafetdirici potensial ilə təmin edilməsidir. Yeni təhsil standartlarının işlənilməsinin əsasını təşkil edən sistem - fəaliyyətli yanaşma, təhsil və tərbiyənin əsas nəticələrini təyin etməyə və şagirdlərin tədris fəaliyyətinin inkişafı proqramının işlənib hazırlanmasına, informasiya və kommunikasiya texnologiyaları, tədris-tədqiqat və layihə fəaliyyəti sahəsində biliklərinin formalaşmasına imkan verir. Şagirdlərin həyata, əməyə və yaradıcılığa hazır olmalarının əsası, təməli ümumtəhsil məktəblərində qoyulur. Buna görə də müəllimin əməyi bu gün bir qədər şəklini dəyişir və öz metodikasına görə ənənəvi təhsil və tərbiyə formalarından fəqrlənir. Bunun üçün dərs metodikası elə qurulmalıdır ki, yeni biliklərin mənimsənilməsi və onları praktikada uğurlu tətbiq etmək üçün şagirdləri sərbəst yaradıcılıq fəaliyyətinə cəlb etmək mümkün olsun.
XXI əsr zəka əsri kimi xarakterizə olunur. Yaradıcı təfəkkürə, yüksək elm qabiliyyətlərinə malik şəxsiyyətin formalaşdırılması müasir təhsil sisteminin əsas strateji məqsədidir. Aydındır ki, bu məqsədə ənənəvi təhsil üsulları ilə nail olmaq mümkün deyil. Şagirdlərin intellektual bacarıqlarının inkişaf etdirilməsi üçün yeni yanaşmalar, yeni semantik tapşırıqlar lazımdır. Bu, nəticə etibarilə təhsil üsulunun dəyişdirilməsi, yəni biliklərin verilməsindən həmin biliklərin şagirdlərin özləri tərəfindən əldə edilməsinə keçid deməkdir.
Şagirdlər tərəfindən yeni biliklərin əldə edilməsi malik olduqları təcrübə və biliklərin əsasında baş verir. Müəllimin burada rolu isə şagirdləri keyfiyyətcə yeni biliklərə aparıb çıxaran, onların yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün düşündürücü fəaliyyəti təşkil etməkdən ibarətdir. Öyrənmə prosesi özü idraki proses olub mənimsəmə (assimilyasiya), uyğunlaşma (akomodasiya) və nizamlama (ekvilibasiya) kimi 3 əsas mərhələdən keçir. Özlüyündə təfəkkürün formalaşması prosesi mürəkkəb, uzunmüddətli və ziddiyyətli bir prosesdir. Yaradıcı təfəkkürün formalaşması isə insanın idrak fəaliyyəti ilə əlaqədar olan, onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb prosesdir. Belə təfəkkür təlim prosesində, elmi axtarışlar və tədqiqatçılıq fəaliyyəti zamanı meydana çıxır. Belə ki, insan daim təbiətin, cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi onda müxtəlif hisslər doğurur.
Təfəkkür proseslərinin başlanğıc məqamı, adətən, problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem-situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, hər hansı nəzəri və praktiki məsələnin həlli ilə əlaqədar olur. Qədim yunan filosofları Platon və Aristotelin fikrincə, hər cür yeniliyin başlanğıcı təəccübdür. Onların bu sözünün nə qədər böyük idraki əhəmiyyəti vardır. Belə ki, insan təəccübləndikcə onu ciddi axtarışa təhrik edən, ona motivasiya verən mühüm zehni işə tələbat yaranır. Bunları tətbiq edərək, müasir təlimi şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin təşəkkülünə yönəltmək olduqca önəmlidir.
Müasir dərs ənənəvidən məqsədləri, məzmunu, təşkilati-metodiki tərəfi, şagirdlərin yaradıcı fəaliyyətinin fəallıq səviyyəsi, strukturu və tempi ilə fərqlənir. Belə məsələlərin reallaşdırılması üçün müasir müəllim praktikaya qeyri-ənənəvi dərs növlərini daxil etməlidir. Bunlar dərs-layihə, tədqiqat tipli dərs, dərs-ekskursiya, dərs-seminar, biliklərin təkmilləşdirilməsi dərsi, birləşdirilmiş və binar dərslər, dərs-oyun, dərs-səyahət, nitq inkişaf dərsi və s. ola bilər. Çox vaxt özünü pedaqoji təcrübə ilə doğrultmuş oyun tərkibli dərslər keçirilir. Şagirdlərlə uzunmüddətli iş prosesində müşahidələr sübut edir ki, kiçik və orta yaşlı məktəblilər əqli oyunlara, məsələlərə və bilməcələrə daha həvəslə və maraqla müraciət edirlər. Onlar oyunlu dərslərdə sevinərək iştirak edirlər. Əvvəlcə şagird yalnız oyuna, daha sonra oyunu mümkün edən tədris materialına həvəs göstərir. Bu da əksər hallarda motivasiyaya uyğun olaraq şagirdləri düşünməyə yönəldir.
Layihələr metodu pedaqogikada prinsipial olaraq yeni deyil, lakin müasir mərhələdə, onu sürətlə dəyişən dünyaya uyğunlaşmağa kömək edən metod kimi, XXI əsrin pedaqoji texnologiyalarına aid edirlər. Bu metod XIX əsrin ikinci yarısında ABŞ-da, öz nəzəriyyəsinin konseptual əsasnamələrini yaratmış, filosof və pedaqoq C.Düyi tərəfindən elmi cəhətdən əsaslandırılmışdır: praktika nəticəsində əldə edilən həqiqi və qiymətlidir; uşaq ontogenezdə ətraf mühiti dərk edərkən bəşəri yolu təkrarlayır; biliklərin mənimsənilməsi - təbii prosesdir; uşaq yalnız biliyə ehtiyac yarandığı zaman informasiyanı mənimsəyə bilir, o, öz təhsilinin aktiv subyektidir.
Layihələr metodunun əsas məqsədi yaradıcı, aktiv fəaliyyət göstərən şəxsiyyətin inkişafına kömək etməklə şagirdlərdə intellektual bacarıqların formalaşmasına imkan verir. Əslində bu metod şagirdlərin yaş imkanlarına uyğun olaraq, işin gedişatında öz bilik və bacarıqlarını artırmağa kömək edən sərbəst yaradıcı tamamlanmış işdir. Belə fikir var ki, layihə - "fikrin gələcəyə sıçrayışıdır". Başqa sözlə, bu, fəaliyyətin son nəticəsinin mükəmməl təsviridir - nail olunacaq, yaradılacaq "fikirdəki son nəticə"dir (latınca projectus - irəli atılmış fikir, layihə deməkdir). Bu prosesdə müəllimin mövqeyi - fasilitator mövqeyidir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər arasında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir. Əsas cəhət odur ki, bu interaktivlik şəraitində əməkdaşlıq edən öyrədənlərlə öyrənən eyni hüquqi mövqedə dayanırlar. Nəticədə şəxsiyyətlərarası münasibətlərin yaxşılaşması zəminində şagirdlərin özünə inamı artır. Onlarda bilik və bacarıqlara müstəqil yiyələnmək, yenilərini əldə etmək və sonradan bu biliklərdən həyat məqsədlərinə çatmaq üçün istifadə etmək vərdişlərini formalaşdırır. Beləliklə, layihələrin hazırlanması metodu müəyyən nəticələrə əsaslanan layihənin təqdim olunması və müdafiəsi yolu ilə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin təşəkkülünə zəmin yaradır. Təfəkkür prosesində şagirdlər öz biliklərini təcrübədə tətbiq edərək, tədqiqatçılıq fəaliyyəti ilə məşğul olur, nəticə etibarilə qabiliyyətlərinin daha dərin qatlarına nüfuz edə bilirlər. Vaxtilə təfəkkürün təbiətini açan A.N.Leontyev qeyd edirdi ki, təfəkkürün quruluşu praktik fəaliyyətin quruluşuna yaxınlığı ilə prinsipial xarakter daşıyır. Belə ki, təfəkkür vasitəsi ilə insan dünyanı dərk edir, ona təsir edərək dəyişdirir. Yaradıcı təfəkkür insanın əmək fəaliyyətindən doğur və məqsədə çatmaq yolunda, müvəffəqiyyət qazanmaqda qarşıya çıxan maneələri aradan qaldırmaqla inkişaf edir. Ən əsası, yaradıcı təfəkkür şagirdlərin təlim, əmək, oyun fəaliyyətində tədqiqatçılıq qabiliyyətlərinin inkişafı ilə şəxsiyyətə çevrilməsində xüsusi rol oynayır.
Layihəli tədris fəaliyyəti şagirdlərin yaradıcı təfəkkürünün və tədqiqatçılıq qabiliyyətlərinin inkişafı üçün daha böyük imkanlar yaratdığına görə mən çox zaman ondan dərslərimdə yararlanmağa çalışıram. İşlədiyim məktəbdə rus bölməsinin IV-XI siniflərində informatika fənnini tədris edirəm. İlk öncə bütün dərs dediyim siniflərdə müşahidə, sorğu və söhbət yolu ilə şagirdlərin meyil və marağını müəyyənləşdirirəm. Adətən, bu diaqnostik proses dərs ilinin ilk ongünlüyündə olur. Sonra isə məzmun standartlarına əsasən hər dərsimin məqsədini müəyyənləşdirirəm.
Dərslərimdə vaxtaşırı layihəli fəaliyyət metodunu tətbiq edərək, şagirdlərin diferensiyaya uyğun sərbəst işləməsini təşkil edirəm. Bu metodun əsas üstünlüyü ondadır ki, bu zaman təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə, informasiya ilə zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi yolu ilə daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərinin qazanılmasına yönəlir.
Şagirdlərə müxtəlif proqramlarla: Paint qrafik redaktoru (4-5-ci siniflər), Microsoft Office və OpenOffice.org paket proqramları (6-10-ci siniflər), LOGO proqramlaşdırma dilinin ALPLogo mühitində proqramlaşdırma (5-7-ci siniflər), Python proqramlaşdırma dilinin İDLE mühitində proqramlaşdırma (8-9-cu siniflər), Google SketchUp qrafik redaktoru (8-10-cu siniflər), Paint.Net rastr qrafikası ilə (9-10-cu siniflər), Web alətlərindən isifadə ilə proqramlaşdırma (9-11-ci siniflər) və s. işləmək qabiliyyəti aşılayıram. İnformatika fənni həftədə 1 saat olduğundan şagirdləri dərsdən sonrakı saatlarda (rəhbərlik və valideynlərin razılığı ilə) müxtəlif yönümlər üzrə yaratdığım “İstedad və yaradıcılıq laboratoriyası”na dəvət edirəm. Burada onlar informatika fənninin dərinliklərinə yiyələnərək, yaradıcı bacarıq və qabiliyyətlərini inkişaf etdirir və robototexnika (4-11-ci siniflər) ilə məşğul olurlar. Burada onlar ən sadə Lego WeDo konstruksiyalarından tutmuş daha mürəkkəb “Lego EV3 Mindstorms” və “Arduino” tipli robotların layihələndirilməsi və proqramla idarə olunması ilə məşğul olurlar. Sonra isə şagirdlərimin işlərinin daha geniş auditoriyanı əhatə etməsi məqsədilə yaratdığımız 3 müxtəlif dildə olan www.sites.google.com/site/robototexnika0/ sayta yerləşdirir və həmyaşıdlarının da faydalanmaları üçün şərait yaradıram. Məqsədim şagirdlərimin asudə vaxtını onların maraq və istəklərinə uyğun olaraq səmərəli keçməsini təmin etməklə yanaşı onların intellektual bacarıqlarının formalaşmasına çalışmaqdır. Xüsusi istedada malik şagirdlərin aşkarlanması və onların yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi yönümündə daima çalışıram. Təsadüfi deyildir ki, şagirdlərim dəfələrlə müxtəlif yarışmaların, olimpiada və müsabiqələrin qalibləri olublar. Dərslərimi maraqlı və müasir interaktiv metodlarla keçməyə çalışır, hər şagirdin xüsusiyyətindən və işə hazırlığından asılı olaraq, yaradıcı fəaliyyətin bir və ya bir neçə variantını seçirəm. Layihəli fəaliyyət metodunun tətbiqi qısa və uzunmüddətli olduğundan həll olunacaq məsələnin həm seçilməsi, həm də plan və strukturunu tərtib etməkdə şagirdlərimə maksimum sərbəstlik verirəm. Çünki layihələr metodu elə bir texnologiyadır ki, burada şagird sərbəst olaraq yeni ideyanı fikirləşir, işləyib hazırlayır, redaktə edir, tətbiqetmə ilə bağlı işləri həyata keçirir. Burada şagird daha çox tədqiqatçıdır. Sinfin ab-havasını layihənin həllinə kökləmək üçün şagirdlərin istəyinə uyğun gözəl musiqi parçalarından da istifadə edirəm. Layihələrin qruplar üzrə və fərdi olaraq həyata keçirilməsini reallaşdırıram. Sonda isə ən maraqlı hissə: layihələrin təqdimatı, nəticələrin müzakirəsi, layihələrin müdafiəsi və qiymətləndirilməsi olur. Beləliklə, layihələrin hazırlanması metodu ilə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünü inkişaf etdirməyə çalışıram. Dərslərin şagirdlərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi yolu ilə səmərəli keçirilməsi üçün müəllim yoldaşlarıma bir sıra təkliflər vermək istəyirəm:
1. Hər bir müəllim təlim prosesində şagirdlərin idrak fəaliyyətini, onların intellektual hisslərini (şübhə, inam, təəccüb, heyrət və s.) fəallaşdırmaq yolu ilə gücləndirməlidir. Bu, çox önəmlidir. Bu cür fəallıq nəticə etibarı ilə yaradıcı təfəkkürün, ağılın inkişafına xidmət edəcəkdir. Yeni pedaqoji təfəkkür, dünya təhsilinə inteqrasiya, təhsilin humanistləşdirilməsi, interaktiv təlim metodlarının geniş vüsət aldığı bir şəraitdə, şagird təfəkkürünün emosional cəhətdən, zehni hisslərin köməyi ilə fəallaşdırılması müasir dərsə verilən əsas psixopedaqoji tələbdir. Təfəkkür ilə hisslərin sinxron surətdə inkişaf etdirilməsi isə şəxsiyyətin yetişdirilməsinin ana xəttini təşkil edir;
2. Dərslərdə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına nail olmaq üçün hər bir müəllim layihə metodunun informasiyayönümlü, tətbiqi və ya praktikyönümlü, tədqiqatyönümlü və yaradıcı kimi növlərindən yararlana bilər. Şagird təfəkkürünün fəallaşdırılması üçün motivasiyanın düzgün qurulması, dərslərin şagirdlərin xüsusiyyətlərini nəzərə almaqla diferensiyaya uyğun keçirilməsi çox önəmlidir;
3. Təlimin subyekt-subyekt xarakter daşıması, tədqiqat üsulu vasitəsilə həyata keçirilməsi, dərsin interaktivlik və dialoq əsasında aparılması, qrup, cütlük və fərdi yanaşma əsasında müəllim - şagird qarşılıqlı əməkdaşlığının qurulması, müasir təlim vasitələrinin tətbiqi və tapşırıqların müxtəlifliyi və s. müəllimdən yüksək təşkilatçılıq qabiliyyətinin olmasını tələb edir ki, son nəticədə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin təşəkkülünə zəmin yaransın.
XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi, dünya təhsilinə inteqrasiyası zəminində istər ölkədaxili, istərsə də xarici ölkələrin təhsil sahəsindəki innovasiyaların, müasir innovativ təlim metodlarının sistemli və ardıcıl şəkildə öyrənilməsinə ehtiyac duyulur. “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil olunan pedaqoji mühazirələrin keçirilməsi də, zənnimcə, bu pedaqoji təcrübələrin təhsil sferasına gətirilməsini və bütövlükdə texnoloji yanaşmaların tətbiqini aktuallaşdırır.
Sənubər MƏMMƏDOVA,
ARTİ Psixologiya və yaş fiziologiyası şöbəsinin fəlsəfə doktoru proqramı üzrə dissertantı, Bakı şəhər, 267 nömrəli məktəb-liseyin riyaziyyat-informatika müəllimi