Fidan Hüseynova: “Dünya şöhrətli müğənni Laura Fabianla səhnəni bölüşdüm”
...Bəlkə də bu yazımı haqqında söhbət açacağım qeyri-adi istedad sahibinin - Fidan balamızın ecazkar səsinin təsiri altında qələmə alsaydım, bu, sadəcə bir məqalə deyil, şeir, romans, nə bilim yeni bir mahnı mətni, gözəl, hətta poema da alına bilərdi. Yəqin nə vaxtsa bir şairin, nasirin nəzm əsərlərinin, povest və romanlarının baş qəhrəmanı kimi də təqdim oluna bilər bu “qəhrəmanım”. İstedad da qəhrəmanlıq kimi daxili qüvvənin təzahürü nəticəsində özünü büruzə verir. O, sanki vulkan mənbəyi olur və məqamında püskürür. Hələ kiçik yaşlarında Avropanın ən izdihamlı konsert salonlarında dünya şöhrətli vokal ifaçıları ilə bərabər səhnə bölüşən bu yeniyetmə istedad sahibinin canlara məlhəm olan ecazkar səsinin vurğunu olmamaq mümkün deyil. Dünyaca məşhur olan artistlərin özlərinin məftun olduqları bu səsin sorağı artıq milyonlarla tamaşaçının və dinləyicinin sevgisini, məhəbbətini qazanıb. Onun Azərbaycan, rus və ingilis dillərində məharətlə təqdim etdiyi mahnılar musiqi bilicilərinin, bəstəkar və tənqidçilərin, vokal ustalarının müzakirə mövzusuna çevrilib. Artıq haqqında yeniyetmə bir ifaçı kimi deyil, səhnədə sözünü deyən, özünü təsdiq edən bir ifaçı kimi danışılır. Böyük məmnuniyyətlə bu kiçik yazımın baş “qəhrəmanını” sizə də təqdim edirəm və həmsöhbət olmaqdan doymaq mümkün olmayan Fidan balamızın özü haqda və yaradıcılıq uğurları barədə söylədiklərini qələmə aldım.
5 yaşımdan şahmatla məşğul oluram
Mən 2005-ci ildə Moskva şəhərində anadan olmuşam. “Baku Oxford School”da təhsil alıram. Fransız və ispan dillərini öyrənirəm. Orta təhsilimlə yanaşı paytaxtdakı Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbində vokal ixtisasına yiyələnirəm. Həmçinin 5 yaşımdan şahmatla da məşğul oluram. Artıq bir çox şahmat turnirlərinin iştirakçısı olmuşam və diplomlar qazanmışam. 4 yaşımdan isə rəsm çəkməklə də məşğul oluram və əl işlərim “Azərbaycanın uşaq təsviri sənəti” jurnalında dərc olunub.
“Je suis Malade” mahnısını ifa etdim
YARAT Müasir İncəsənət Mərkəzinin Yay Qalereyasının təşkil etdiyi avstriyalı rəssam Dejan Kaludjerovicin sərgisində iştirak etdim və orada fransız dilində “Je suis Malade” mahnısını ifa etdim. Həmin mahnını 2014-cü ildə Bakıya öz möhtəşəm konsert proqramı ilə təşrif buyuran dünya şöhrətli müğənni Lara Fabian ilə də bir səhnədə bölüşdük. 2015-ci ildə isə Lara Fabianın İstanbuldakı konsertində də müğənni ilə birgə “Je t'aime” mahnısını səsləndirdim və tamaşaçıların alqışlarını qazandım.
“Biz uşaqlara müharibə verməyin”
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci ildə keçirilən “İstedadlı uşaqlar festivalında” iştirak etdim və uğurlu çıxışıma görə diplomla mükafatlandırıldım. Həmin il “Saf rənglər” adlı I Beynəlxalq Uşaq Yaradıcılıq Festivalına da qatıldım və diploma layiq görüldüm.
Bakıda 2016-cı il 25-27 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan sonrakı konsertdə Xalq artisti Teymur Göyçayevin rəhbərliyi və Uşaq Kamera Orkestri solistlərinin müşayiəti ilə “Tell me Why” mahnısını ifa etdim və mahnım bitdikdən sonra zaldakı tamaşaçılara müraciətlə “Biz uşaqlara müharibə verməyin” deyə səsləndim. Bu sözlərimlə tamaşaçılarda xoş ovqat yaratdım.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 6 oktyabr 2016-cı il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan şəxs kimi adım Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib və xüsusi aylıq təqaüdə layiq görüldüm.
Yaradıcılıq hesabatlarımdan biri
2016-cı ildə Heydər Əliyev adına Sarayda keçirilən “ZİMA” Uşaq Estrada musiqi festivalında iştirak etdim. Festival çox maraqlı keçdi. Oxuduğum mahnılara görə qazandığım alqışlar ruhuma rahatlıq bəxş edirdi. İtaliyada keçirilən “Sanremo Junior 2018” festivalına qatıldım və III yerə layiq görüldüm. Bu, mənim bəlkə də ən məsuliyyətli yaradıcılıq hesabatlarımdan biri idi.
Vokal üzrə I yer
2017-ci ilin martında İtaliyanın “TESTENE ART BAKU” Beynəlxalq İncəsənət Festivalı Müsabiqəsində iştirak edib, 9-12 yaşlı uşaqlar arasında vokal üzrə I yerin sahibi oldum. 2018-ci ilin yanvarında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Mahnılarla körpü yaradaq” adlı konsert proqramı təqdim etdim. Konsertdə çoxlu tanınmış musiqiçilər, sənət adamları və musiqisevərlər var idi. Təqdim etdiyim hər mahnı yüksək alqışlarla qarşılanırdı və bir ifaçı olaraq bu, mənə ruh yüksəkliyi bəxş edirdi.
Klipin təqdimatı uğurlu keçdi
2018-ci ilin fevralında müğənni Elnur Hüseynovla birlikdə “Say Hallelujah” mahnısını birgə ifa etdik və həmin mahnıya klip çəkdirdik. Klipin təqdimatı Flame Towersda uğurla baş tutdu və bütün iştirakçıların marağına səbəb oldu. Tanınan, sevilən müğənnilərlə bir səhnəni bölüşmək, onlarla bir klipdə çəkilmək sevinclə bərabər məsuliyyəti də artırır. Kim bilir, bəlkə də mənim inkişafıma belə tarixçələr daha çox təkan verir.
Hədəfim qalib olmaq idi
2018-ci il sentyabrın 18-də İctimai Televiziya və Radio Yayımları Qrupunda iclas keçirildi və həmin iclasda Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyim açıqlandı. Bu mötəbər yarışda Azərbaycanı təmsil etməli olduğumu biləndə çox həyəcanlandım. Axı, necə olmasa bu, nə sıradan bir konsert olacaq, nə də ki, bir festival, bu, mənə görə olduqca çətin və məsuliyyətli musiqi yarışması olacaq və bu yarışmada yalnız güclülərin güclüsü qalib ola bilər. Bu məsuliyyəti mən dərindən dərk edirdim. Ancaq bununla bərabər açığını deyim ki, sevinirdim də. Çünki bu, mənə yönələn böyük etimad idi və mən onu doğrultmalı idim. Bacardığım qədər doğrultdum da. Bir aydan sonra Avroviziya səhnəsində ifa edəcəyim “I Wanna Be Like You” (Sənin kimi olmaq istəyirəm) mahnısının təqdimatı baş tutdu. Mahnının müəllifləri İsa Məlikov və Aytən İsmixanova, klipun yaradıcı heyəti isə Alexey Krupina və Maxim Tsurkov idilər. Müsabiqənin qaydalarına əsasən ifa olunacaq mahnının geniş hissəsi ifaçının doğma dilində olmalı idi. Buna görə də “I Wanna Be Like You” mahnısının 60 faizi Azərbaycan, 40 faizi isə ingilis dillərindədir. Nəhayət, 2018-ci ilin noyabrında Azərbaycanı “I Wanna Be Like You”( Sənin kimi olmaq istəyirəm) ifam ilə Belarusun Minsk şəhərində keçirilən “Junior Eurovision” mahnı yarışmasında təmsil etdim və 47 xalla 16-cı yeri tutdum. Özümü çox xoşbəxt sayıram.
Qızıl medala sahib oldum
2018-ci ilin dekabrında “4th Science Fair” 4-cü Elm Sərgisində Baku Oxford Məktəbini təmsil etdim və yarışın qalibi olaraq qızıl medala sahib oldum. Həmçinin bir çox dövlət tədbirlərində fəal iştirakıma görə dəfələrlə fəxri fərmanlara və diplomlara layiq görülmüşəm.
... Hə, dəyərli oxucular, əminik ki, 13 yaşlı istedadlı bir məktəbli qızın yaradıcılıq tarixçəsi və bu çətin yolda- vokal ifaçılığı sahəsində qazandığı uğurlar sizi də hədsiz sevindirdi. Çox vaxt istedadı bəxt ulduzu adlandırırlar, kimin taleyinə qondu, qondu deyirlər. Biz də həmin fikirlə razılaşırıq bir şərtlə ki, o ulduzu daim parlaq, uzunömürlü etmək üçün Fidan balamız kimi öz üzərində çalışmaqdan bezməyəsən.
Sifai SƏFƏROVA