Bayram şənliyinə valideyn himayəsindən məhrum olan uşaqlar da qatılmışdılar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaçaşılar Teatrında məktəblilər üçün “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə və Yeni ilə həsr olunan bayram şənliyi keçirildi. Bayram şənliyinə həvəslə hazırlaşan uşaq və yeniyetmələr tədbir boyu öz istedad və bacarıqlarını məharətlə nümayiş etdirirdilər. Yeni ilin elementləri nümayiş olunan, zövqlə bəzədilən səhnə göz oxşayır, könül açırdı. Hamı bayram əhval-ruhiyyəsində idi. Uşaqların şaqraq gülüşləri isə bayram şənliyinə xüsusi ahəng qatırdı. Onlar deyir-gülür, şənlənirdlər. Elə bu vaxt Şaxta Babanın gur səsi eşidildi. Onun özünəməxsus tərzdə bayram çağırışları ilə səhnədə görünməsi uşaqların ovqatını yenidən köklədi. Şaxta Baba öncə məktəbli dostlarını Yeni il bayramı münasibətilə təbrik etdi və onlarla birlikdə “Yeni il gəlir” mahnısını səsləndirdi...
Sonra isə meydan sənət bilicilərinin - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının və Mərkəzin “Məktəb teatrı” dərnək üzvlərinin ixtiyarına verildi. Aktyorlar dərnək üzvləri ilə birlikdə həvəslə hazırladıqları “Bremen musiqiçiləri” tamaşasını nümayiş etdirdilər. Bayram şənliyində paytaxtın 86, 98, 116, 279 nömrəli və digər orta ümumtəhsil məktəblərinin şagirdləri fəallıq göstərdilər.
Valideyn himayəsindən məhrum olan uşaqların iştirakı şənliyi daha yaddaqalan etdi.
Sifai SƏFƏROVA