Şaxta Babadır gələn...

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaçaşılar Teatrında məktəblilər üçün  “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə və Yeni ilə  həsr olunan bayram  şənliyi keçirildi. Bayram şənliyinə həvəslə hazırlaşan  uşaq və yeniyetmələr  tədbir boyu öz istedad və bacarıqlarını məharətlə nümayiş etdirirdilər. Yeni ilin elementləri nümayiş olunan, zövqlə bəzədilən səhnə göz oxşayır, könül açırdı. Hamı bayram əhval-ruhiyyəsində idi. Uşaqların şaqraq gülüşləri  isə  bayram şənliyinə xüsusi ahəng qatırdı. Onlar deyir-gülür, şənlənirdlər. Elə  bu  vaxt Şaxta  Babanın  gur  səsi eşidildi. Onun  özünəməxsus tərzdə bayram çağırışları ilə səhnədə görünməsi uşaqların  ovqatını  yenidən köklədi. Şaxta Baba  öncə məktəbli dostlarını Yeni il  bayramı münasibətilə təbrik etdi və onlarla birlikdə “Yeni il gəlir” mahnısını səsləndirdi...

 

Sonra isə meydan sənət bilicilərinin - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının və Mərkəzin “Məktəb  teatrı” dərnək üzvlərinin ixtiyarına verildi. Aktyorlar dərnək üzvləri ilə birlikdə həvəslə hazırladıqları “Bremen musiqiçiləri” tamaşasını nümayiş etdirdilər. Bayram şənliyində paytaxtın 86, 98, 116, 279  nömrəli  və digər orta ümumtəhsil məktəblərinin şagirdləri fəallıq göstərdilər.

 

Valideyn himayəsindən  məhrum olan  uşaqların  iştirakı şənliyi  daha yaddaqalan  etdi.

 

Sifai SƏFƏROVA



25.12.2018 | 11:23