Şagirdlər vurğu haqqında ilkin biliklərə ibtidai sinifdən yiyələnməlidir


Azərbaycan dilçiliyində, daha konkret desək, dilçiliyin fonetika bölümündə mühüm mövzulardan biri də vurğudur. Sözlərin düzgün orfoepik səslənməsini məhz vurğu tənzimləyir. Qrammatikaya aid ədəbiyyatlarda vurğunun bir çox növündən bəhs olunsa da (dinamik vurğu, sərbəst vurğu, sabit vurğu və s. Bax: Ə.Dəmirçizadə “Müasir Azərbaycan dili”, 2007), orta məktəb dərsliklərində vurğunun, əsasən,  üç növü tədris edilir:  heca vurğusu,   məntiqi vurğu,    həyəcanlı vurğu.

 

Bu vurğu növlərinin içərisində daha geniş tədris olunansa, əlbəttə ki, heca vurğusudur. Sözdə hecalardan, daha dəqiq desək, saitlərdən birinin daha qüvvətli səslənişi heca vurğusu adlanır. Azərbaycan dilində, o cümlədən, türk dilləri ailəsinə mənsub olan dillərdə vurğunun əsas mövqeyi son hecadır. Bunu aşağıdakı nümunələrdə aydın müşahidə etmək olar: ana`, baba`, torpaq, kəpənə`k, qonaqları`n və s. Biz, həmçinin, onun da şahidi oluruq ki, vurğu bir sıra şəkilçiləri də özünə təhkim etmiş olur. Baxmayaraq ki, vurğu sözə aid fonetik qaydadır, şəkilçilər, adətən, vurğusuz olur. Lakin sözün sonuna bitişdirilən şəkilçilər vurğunun təhkimçisinə çevrilmiş olurlar. Əgər çiçə`k sözündə vurğu sonuncu “çək” hecasındadırsa,  -lar2 şəkilçisini bu sözə artırdıqda vurğu sözün sonuna doğru hərəkət edərək yerini dəyişir, ardınca hal şəkilçisi olan -ın4 şəkilçisini artırsaq, bu dəfə də ən sonuncu şəkilçinin üzərində qərarlaşır. Nümunələrdə bunu tam aydın görə bilərik: çiçə`k-çiçəklə`r-çiçəkləri`n.

 

Bununla yanaşı, o cəhəti də nəzərə almaq lazımdır ki, dilimizdə vurğu qəbul etməyən şəkilçilər də var. Belə şəkilçilər sözə qoşulduqda isə yuxarıda müşahidə etdiyimiz halların əksinə olaraq  vurğu sözün sonuna doğru  yönlənmir, sabit qalır. Bunlar vurğu qəbul etməyən şəkilçilərdir: -gil, -ma2 (inkarlıq şəkilçisi), -casına2, -ca2, -madan2, -ov, -ova, -yev, -yeva, -arkən2, -ınca4, -araq2 və s.

 

Buradan aydın olur ki, dilimizdə heca vurğusunun əlamətləri təkcə söz kökü deyil, eyni zamanda onlara bitişdirilən şəkilçilərin xüsusiyyətləri ilə bağlıdır. Buna görə də vurğunun əsas xüsusiyyətini dəqiq təyin etmək və şagirdlərə mənimsətmək üçün sözlərlə yanaşı şəkilçilərin də vurğuya görə nə kimi özəlliklərə malik olduğunu  müəyyənləşdirmək  lazımdır.

 

Vurğunun tədrisinə hələ ibtidai sinifdən başlamaq məqsədəuyğundur. Şagird vurğu haqqında ilkin biliklərə məhz ibtidai sinifdən yiyələnməlidir. Daha sonra isə vurğu haqqında öyrəndikləri məlumatlar sistemləşdirilməli və dərinləşdirilməlidir. Müşahidələrimizə əsasən deyə bilərik ki, duyumu güclü olan şagirdlər sözlərdə vurğunun yerini təyin etməkdə heç bir çətinlik çəkmirlər. Lakin zəif şagirdlərə vurğu bəhsi mənimsədilərkən bir çox çətinliklər meydana çıxır. Bu mərhələdə vurğuya aid bütün məqamları ən kiçik detalına kimi şagirdlərə tədris etmək lazım gəlir.

Vurğunun əsas xüsusiyyətləri sırasına daxil olan aşağıdakı məqamlar şagirdlərin diqqətinə çatdırılarsa, bu sahədəki çətinliklər də aradan qaldırılmış olar:

 

1. Milli sözlərimizdə, adətən, vurğunun sözün son hecasına düşməsi: qoru`q, baba`, əlcə`k, bildiri`ş və s.

2. Alınma sözlərdə vurğunun əsasən əvvəlki hecalara düşməsi: o`pera, ko`smos, rea`ksiya, ele`giya və s.

 

Qeyd: Eyni zamanda istisna olaraq vurğusu əvvələ düşən milli sözləri (dü`nən, ba`yaq, so`nra) və vurğusu sona düşən alınma sözləri (dialo`q, enerji`, qələ`m, məktu`b) şagirdlərin diqqətinə çatdırmaq lazımdır.

 

Vurğusu son hecaya düşməyən sözlər müasir ədəbi dilimizdə azdır və belə sözlərin çoxu alınmadır:

 

a) Bəzi coğrafi adlar:  Avro`pa,  A`siya, Lo`ndon, Tü`rkiyə, Fra`nsa, Pra`qa və s.;

 

b) Ərəb və fars dillərindən keçmiş bəzi zərf, bağlayıcı və ədatlar: xüsu`sən, mə`sələn, həqi`qətən, bə`zi, bə`lkə, a`mma, hə`mişə, la`kin;

 

c) Rus və Avropa dillərindən alınan sözlər, xüsusən, terminlər: o`çerk, si`ntaksis, la`va, kome`diya, rema`rka, si`nus və s.

Bu bölmədən bəhs edərkən şagirdlərin nəzərini vurğusu əvvəlki hecalara düşən milli sözlərlə alınma sözlərdə şəkilçi qəbul edərkən baş verən dəyişikliklərə cəlb etmək lazımdır. Belə ki, vurğusu əvvələ düşən  milli sözlərə vurğu qəbul edən şəkilçi artırdıqda vurğunun yeri dəyişir. Əgər “ba`yaq” sözündə vurğu ilk hecanın üzərinə düşürsə, bu sözə vurğu qəbul edən şəkilçi qoşulduqda vurğu sözün son hecasına, yəni şəkilçinin üzərinə düşür: ba`yaq-bayaqda`n

vurğusu əvvəlki hecalara düşən alınma sözlərə şəkilçi artırdıqda isə vurğunun yeri sabit qalır: e`tika-e`tikanın-e`tikaya

 

3. Vurğusu əvvələ düşən bəzi mürəkkəb sözlər: rə`ngbərəng, gü`nbəgün, qızı`lgül, dünya`görüşü və s.

 

4. Morfoloji üsulla yaranan (m, p, r, s samitlərinin köməyi ilə) sifətin çoxaltma dərəcəsinə aid olan sözlərdə də vurğu əvvəlki hecaya düşür: sa`psarı, dü`mdüz, qı`pqırmızı və s.

 

5. Vurğu qəbul etməyən şəkilçiləri şagirdlərə əzbərlətmək:

a) İsim düzəldən -gil və soyad düzəldən -ov, -ova, -yev, -yeva şəkilçiləri:  əmi`mgil,  Əli`yev,  Həsə`nova və s.

b) İsim və feillərdə şəxs (xəbərlik) şəkilçiləri: -am2, -san2, -dır4, -ıq4, -sınız4, -dır4, lar2. Məsələn,

şagi`rdəm   şagi`rdik

şagi`rdsən   şagi`rdsiniz

şagi`rddir    şagi`rddirlər

 

Qeyd: -lar2 şəkilçisi adlarda vurğu qəbul edir: kitabla`r, birincilə`r, yuxarıla`r. Feillərdə -lar2 şəkilçisi şəxs sonluğu qismində çıxış edərkən vurğu qəbul etmir: yazı`rlar, oxuyası`dırlar, gələcə`klər. Lakin feillərdə aşağıdakı hallarda -lar2 şəkilçisi vurğuludur:

* Şühudi keçmiş zamanda: bildilə`r, oxudula`r;

* Əmr şəklində: bilsinlə`r, oxusunla`r;

* Şərt şəklində: bilsələ`r, oxusala`r;

 

c) Əmr şəklinin qəbul etdiyi şəxs (xəbərlik) şəkilçiləri vurğu qəbul etsə də, II şəxs cəminin şəxs(xəbərlik) şəkilçisi -ın4 şəkilçisi vurğu qəbul etmir: düşü`nün, ya`zın, daya`nın

 

d) Zərf düzəldən şəkilçilər:

-la2 -  təla`şla, həyəca`nla;

-ca2 - tü`rkcə, ru`sca;

-casına2 - igi`dcəsinə;

-ən-qə`lbən, ru`hən.

 

Qeyd 1: -la2 feil düzəldən şəkilçi kimi vurğuludur: başla`, işlə`, səslə`.

 

Qeyd 2: -ca2 zərf düzəldən şəkilçi qoşma kimi vurğu qəbul etməsə də, ədat kimi vurğu qəbul edir: yaxşıca`, körpəcə`.

e) İdi, imiş, isə hissəciklərinin qısalmış formaları: gəli`rdim, oxuyaca`qmış, deyi`rəmsə.

ə) Feli bağlama şəkilçiləri: -araq4, -arkən2, -dıqca4,-ınca4: anlaya`raq, eşidə`rkən, gəzdi`kcə, danışı`nca.

 

Qeyd: Bu sadalanan şəkilçilərin 1-ci hissəsi vurğu qəbul edir, 2-ci hissəsi isə qəbul etmir, -madan2  şəkilçisi isə bütövlükdə vurğu qəbul etmir: unu`tmadan, de`mədən.

f) Şəkilçiləşmiş qoşmalar: -dək, -tək, -can2, -ca2: evə`cən, qapıya`dək, qu`ştək.

g) -mı4 sual ədatı: aldı`nmı, yazı`mmı;

ğ) -ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş variantı: dostu`mla, qələ`mlə;

h) -ma2 inkarlıq şəkilçisi: danı`şma, axta`rmamışam.

 

Qeyd: -ma2 feildən isim və sifət düzəldən şəkilçi kimi vurğu qəbul edir: dondurma`,  qovurma`,  burma`  (saç).

 

Qeyd 2: Vurğu qəbul etməyən şəkilçidən sonra vurğu qəbul edən şəkilçi işlənsə belə, vurğunun yerini dəyişmir: qurta`rmayıb.

 

6. Adi tələffüz qaydasında vurğusu sona düşən söz xitab kimi işləndikdə vurğu əvvələ keçir:

 

Yanında balası yağış gölündən

Əyilib su içir bir ana ceyra`n!

Bir mən deyiləm ki, hüsnünə heyran.

Şöhrətin yayılıb hər yana, ce`yran!

        

7. Vurğusu dəyişməklə mənası dəyişən sözlər: oyu`n-o`yun, dimdi`k-di`mdik, liri`k-li`rik, akademi`k-akade`mik (Bu sözləri şagirdlərə əzbərlətmək lazımdır).

 

Vurğuya aid bu sadalanan xüsusiyyətlər mənimsədildikdən sonra şagirdlərdə vurğu haqqında aydın təsəvvür formalaşır. Eyni zamanda, müəllim öz təcrübəsinə əsaslanaraq qazandığı, müşahidə etdiyi müəyyən kiçik detalları da bu siyahıya daxil edə bilər:

* Sonu -at2 hissəciyi ilə bitən sözlərdə vurğu son hecaya düşür: islaha`t, məluma`t, demokra`t, adekva`t.

* Sonu-ji hissəciyi ilə bitən sözlərdə vurğu son hecanın üzərinə düşür: enerji`, nostalji`, ideoloji`, morfoloji`.

* Tərkibində -logiya hissəsiyi olan sözlərdə vurğu -lo hecasının üzərinə düşür: astrolo`giya, ekolo`giya, leksikolo`giya.

* Sonu -ka hissəciyi ilə bitən alınma sözlərdə vurğu əvvəlki hecaların üzərinə düşür: fone`tika, kli`nika, aku`stika.

 

Qeyd: Bu sözlərin bir qisminin sonundan”a” saiti atılıb yeni mənalı söz yaradıldıqda isə vurğu son hecaya düşür: foneti`k, eti`k, esteti`k, sintakti`k.

 

Bundan başqa, səs uzanması olan saitlə vurğu qəbul edən saitin üst-üstə düşməməsi vəziyyətini də diqqətdən kənar saxlamaq olmaz. Məsələn: musiqi, rütubət, səliqə, ədalət kimi səs uzanması olan sözlərdə vurğunu səs uzanmasından sonrakı hecalarda axtarmaq lazımdır. Məsələn: nadir sözündə səs uzanması “a” saitinin üzərindədirsə [na:dir], vurğu son hecanın üzərindədir: nadi`r. İstisna olaraq, məsələn, səs uzanması ilə vurğusu eyni hecaya düşən sözlər də var: yəni, bəli, sonra, lakin, bəzi, daim, daima.

 

Vurğuya aid nəzəri hissənin mənimsədilməsi ilə yanaşı əyani və praktik olaraq da iş aparılması xüsusi önəm kəsb edir. Təlim texnologiyalarının inkişaf etdiyi müasir dövrdə təlim prosesində bu vasitələrin istifadəsi, əlbəttə, zəruridir. Tədris olunan mövzuların müasir texniki təlim vasitələri ilə mənimsədilməsi onların daha tez dərk olunması və yadda qalmasına səbəb olur. Buna görə də vurğu bəhsini tədris edərkən xüsusi səsləndirmələrlə sözlərin düzgün tələffüz qaydasını dərs prosesində şagirdlərə dinlətmək sözlərdə vurğunun yerini dəqiq təyin etməkdə onlara istiqamət vermiş olar. Sözdə vurğunun yerini dəyişdikdə mənanın necə dəyişdiyini (vurğusu dəyişməklə mənası dəyişən sözlər) və ya  vurğunu hecada düzgün tələffüz etmədikdə sözün mənasının itdiyini səs yazısı şəklində əyani olaraq şagirdə dinlətmək onların vurğu haqqındakı dumanlı təsəvvürlərinə aydınlıq gətirmiş olar.

 

Aygün ƏZİZOVA,

Salyan şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi