Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...
Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə, ilk növbədə, müəllimlərə minnətdar olmalıyıq. İnsan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. İnsanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngülləşdirmişlər.
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın kəşməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin - Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Aşağıdakı misralarda şair insanların ilk müəllimləri ilə bağlı xoş arzularını səmimi şəkildə ifadə etmişdir:
Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!
Belə müəllimlərdən biri də Bakı şəhər 254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nərgiz Mirzəliyevadır. Nərgiz müəllim 1961-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə 62 nömrəli məktəbdə orta təhsil alıb. 1980-1985-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində bədii özfəaliyyət rəhbəri fakültəsində oxuyub.
Pedaqoji fəaliyyətə 1986-cı ildə 62 nömrəli tam orta məktəbdə dərnək rəhbəri kimi başlayıb. 1988-1990-cı illərdə məktəb psixoloqu kursunda təhsil alıb. Həmin kursu bitirdikdən sonra 1991-1995-ci illərdə 109 nömrəli tam orta məktəbdə psixoloq kimi fəaliyyətini davam etdirib.
1995-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma kursunda ibtidai sinif müəllimliyi peşəsinin sirlərini öyrəndikdən sonra 1995-2011-ci illərdə 109 nömrəli tam orta məktəbdə yeni ixtisası üzrə çalışıb.
2011-ci ildən 254 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Nərgiz müəllim də belədir. Sonralar ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açır. Belə yetirmələri isə çoxdur. Onların uğurları müəllimə sanki yeni güc verir, onu daha şövqlə işləməyə ruhlandırır.
Sona MƏMMƏDOVA,
Azərbaycan Respublikası Vergilər Nazırliyi yanında Milli gəlirlər departamentinin, hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin müfəttişi