Cümhuriyyət dövrünün mütərəqqi elm, təhsil ənənələri


“...Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni, bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır... 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Tarix boyu bir çox böyük sərkərdələr, dövlət xadimləri Azərbaycan torpaqlarını vahid bayraq altında birləşdirmək, milli dövlət qurmaq istəsələr də, obyektiv səbəblərdən qarşıya qoyduqları məqsədə nail ola bilməmişlər. Xalqımız üçün belə bir tarixi şans yalnız 100 il əvvəl çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslərin - imperiya daxilində zorla bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması nəticəsində yaranmışdır.

 

Bu il yaranmasının 100-cü ildönümünü təntənə  ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti ilk gündən müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı  mühüm vəzifələr kimi müəyyənləşdirmişdir. Müsəlman dövləti üçün səciyyəvi olmayan türkçülük, müasirlik kimi ideoloji istiqamətlərin dəstəklənməsi, elmi-mədəni, siyasi və iqtisadi intibaha zəmin yaradan konkret təkliflərin irəli sürülməsi deməyə əsas verir ki, Cümhuriyyəti yaradanlar tarixin, dövrün və millətlərin ən mütərəqqi ideya və saf düşüncəsi ilə tərbiyə almış vətənpərvər insanlar, dəyərli ziyalılar olmuşlar.

 

Cümhuriyyətin baniləri əsasən Qərbi Avropa ölkələrində, habelə Türkiyədə yüksək təhsil almış irfan sahibləri olduqlarından ilk gündən ölkədə təhsilin, maarif işinin təşkilinə də xüsusi diqqət və qayğı ilə yanaşmışlar. Xatırlatmaq lazımdır ki, Cümhuriyyət hökumətinin ölkədə milli özünüdərki gücləndirməyə xidmət edən ilk addımlarından biri də 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında” qərarın qəbulu olmuşdu. Həmin qərar Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsi vacibliyini önə çəkən ilk rəsmi sənəd idi: həmin qərarla, faktiki olaraq, Azərbaycan-türk dili bütün ölkə ərazisində dövlət dili elan edilmişdi. Cümhuriyyət hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməli idi.

 

Həmin dövrdə Azərbaycanda elm və təhsilə göstərilən yüksək qayğı dahi mütəfəkkir və ziyalı Əlibəy Hüseynzadənin hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü “Türkləşmək, müasirləşmək, islamlaşmaq” devizindən qaynaqlanırdı. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; müasirləşmək - Avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrini milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindən istifadə etmək məramını önə çəkirdi.

 

Xatırlatmaq lazımdır ki, vaxtilə çar hökuməti Rusiyanın müstəmləkə əsarətində olan xalqlarının milli-siyasi mənlik şüurunun oyanmasına hər vasitə ilə mane olmuşdu. Buna görə də 1918-ci il mayın 28-də - Azərbaycanın müstəqilliyi elan olunan gün Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumət kabinəsində Xalq Maarif Nazirliyi təsis edilmişdi. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi nazirlik fəaliyyətinə Azərbaycan xalq maarifinin vəziyyətinin və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başlamışdı.

 

Həmin dövrdə təhsili milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllimlərə və dərs vəsaitlərinə böyük ehtiyac var idi. Bu problemin həlli üçün Azərbaycan hökuməti 1918-ci il iyulun 23-də Türkiyədən müəllim kadrlarının dəvət edilməsi və dərs vəsaitinin tədarükü haqqında xüsusi qərar qəbul etmişdi.

 

Təhsil müəssisələrinin milliləşdirilməsinin uğurla həyata keçirilməsi məqsədilə 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərinin milli kadrlarla təmini üçün qısamüddətli pedaqoji kurslar təşkil olunmuşdu. Hökumətin qərarına əsasən Bakı, Gəncə, Şəkidə kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılmışdı. Kursları bitirənlərin, demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi.

 

Cümhuriyyət hökumətinin gənclərin maariflənməsi sahəsində həyata keçirdiyi tədbirlərdən biri də ibtibai təhsil müəssisələri şəbəkəsini genişləndirmək idi. 1919-cu il sentyabrın 15-dən etibarən Bakı, Gəncə, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini tədris edən kurslar açılmışdı.

 

Təhsilin, elmin inkişafı sahəsində fəal iş aparan Azərbaycan Xalq Cümhuriyyətinin mühüm xidmətlərindən biri də ölkədə ali məktəblərin açılmasıdır. Xüsusilə də Bakı Dövlət Universitetinin yaradılması məsələsi parlamentdə bir neçə ay qızğın müzakirəyə səbəb olmuşdu. Gənclərin ali təhsilini həyati əhəmiyyətli məsələ kimi diqqətdə saxlayan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1919-cu ilin mayında professor V.İ.Razumovskinin rəhbərliyi ilə təşkil olunmuş komissiya Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun layihəsi hazırlamışdı. Layihə Bakı şəhərində Avropa tipli ilk universitetin açılmasını nəzərdə tuturdu. Parlamentin qəbul etdiyi 10 maddəlik qanunda universitetdə 4 fakültənin - tarix-filologiya (Şərq bölməsi ilə birlikdə), riyaziyyat (fizika-riyaziyyat), hüquq (müsəlman hüququ və tarixinin tədris edilməsi) nəzərdə tutulmuşdu. Zaqafqaziya Universiteti bağlandıqdan sonra Tiflisdən Bakıya köçmüş bir qrup rus ziyalısının - V.İ.Razumovski, N.A.Dubrovski, L.A.İşkov, İ.S.Sitoviç, İ.İ.Şirokoqorov və başqalarının da Bakı Dövlət Universitetinin yaradılmasında böyük xidmətləri olmuşdu.

 

Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi ilə yanaşı, azərbaycanlı tələbələrin təhsil almaq üçün xarici ölkələrin müxtəlif ali məktəblərinə göndərilməsi kimi mütərəqqi ənənənin əsası da məhz həmin dövrdə qoyulmuşdu. Cümhuriyyət hökumətinin yüz nəfər azərbaycanlı gənci xarici ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərmək haqqında hazırladığı qanun layihəsi parlamentdə geniş müzakirə edilərək qəbul olunmuşdu.

 

1919-1920-ci tədris ilində 100 abituriyent və tələbənin xaricə göndərilməsi nəzərdə tutulmuşdu. Gənclərdən 45 nəfəri Fransanın, 23 nəfəri İtaliyanın, 10 nəfəri İngiltərənin, 9 nəfəri Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmişdi. Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc bu ölkədə vətəndaş müharibəsinin başlaması ilə əlaqədar ora gedə bilməmişdi. Avropaya göndərilən gənclərin hər birinə 1000 frank yol xərci, eyni zamanda aylıq 400 frank vəsait ayrılması nəzərdə tutulurdu. Dövlət təqaüdü alan tələbələr dördillik təhsili başa vurduqdan sonra hökumətin təyinatı ilə ölkədə ən azı 4 il çalışmalı idilər. Xaricə göndərilən gənclər 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli surətdə yola salınmış, tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11-də Fransaya çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılanmışdı.

 

Cümhuriyyət dövründə maarif işinin təşkili tədbirləri ilə yanaşı, milli mədəniyyəti təbliğ edən, yayan cəmiyyətlərin, xeyriyyə təşkilatlarının, ittifaqların fəaliyyəti də geniş vüsət almışdı. Xalqımızın qədim dövr mədəniyyətini araşdırmaq məqsədilə 1920-ci ilin əvvəllərində Xalq Maarif Nazirliyində arxeologiya şöbəsi yaradılmışdı. “Yaşıl qələm” ədəbi birliyi, “İslam incəsənətini və mədəniyyətini mühafizə”, “Türk ocağı” və s. cəmiyyətlər maarifləndirmə prosesində fəal iştirak edirdilər.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənc gimnaziya və məktəb müəllimlərinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri də diqqətdə saxlanılırdı. Həmin dövrdə qiymətlərin bahalığı, məvacibin aşağı olması müəllimlərə öz peşələri üzrə çalışmağa imkan vermirdi. Hökumət bəzi təxirəsalınmaz tədbirləri həyata keçirmək üçün 20 milyon pul ayırsa da, bu vəsait problemin tam həllinə imkan verməmişdi. Qanunverici orqan mövcud problemləri nəzərə alaraq 1919-cu ildə “İbtidai məktəblərin müəllim və qulluqçularının peşə və kənd təsərrüfatı məktəblərinin və onların nəzdində olan bölmə, əl əməyi siniflərinin və əl işləri kurslarının təminatı haqqında müvəqqəti qanun”u təsdiq etmişdi. Qanunda gənc müəllimlərə aylıq 1200 rubl məvacib, işıq və mənzil pulu üçün əlavə olaraq 100 rubl müavinət verilirdi.

 

Bəli, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğu ilə sübut etdi ki, heç bir qüvvə xalqımızın azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşamalı olan Azərbaycan xalqının qəlbində kök salmış dövlətçilik nisgilini, qubarını isə dünya şöhrətli dahi şəxsiyyət - ümummilli lider Heydər Əliyev xalqın qəlbindən silib atmışdır.

 

Milli idrak və özünüdərkin ali təzahür forması olan müstəqil dövlət ideyasının praktik həyata vəsiqə alması da məhz Heydər Əliyev şəxsiyyətinin qətiyyət və uzaqgörənliyi sayəsində mümkün olmuş, ümummilli lider ölkəyə rəhbərliyinin hər iki mərhələsində elmin, təhsilin inkişafı, cəmiyyətin hərtərəfli maariflənməsi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir.

 

AXC dövründə əsası qoyulmuş mütərəqqi varislik ənənələri bu gün də yaşadılır, irs-varislik əlaqələri şanlı keçmişimizə böyük hörmət və ehtiramla qorunur. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları bu gün  uğurla davam etdirilir, respublikamız yüksək intellektual potensialı, habelə biliklərə və innovasiyalara əsaslanan tərəqqi modeli sayəsində inkişaf etmiş ölkələrlə bir sırada dayanır.

 

Aytən  BAĞIYEVA,

Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi