Cəmi bir neçə il əvvəl görmə qabiliyyəti məhdud olan insanlar üçün müstəqil onlayn alış-veriş tamamilə əlçatmaz idi. Mətnin nitqə çevrilməsi funksiyasına malik smartfonlar satışa çıxarılanda onlar yalnız “iPhone” ala bilərdilər, çünki digər modellər görmə məhdudiyyətli insanlar üçün yararsız idi.

 

Bu gün müasir smartfon ekranları xüsusi proqramlar sayəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün böyük imkanlar açır. Lakin ekranda artıq informasiya çox olur. Belə ki, rəqəmsal hesablayıcılar insan düşüncələrini deşifrə etmir, buna görə də görmə məhdudiyyətli insanlar elektron kommersiya proqramları ilə işlədikdə lazımi məhsulun axtarışını çətinləşdirən yanlış, qeyri-dəqiq təsvirlər əldə edirlər.

 

www.techcult.ru saytının məlumatına görə, son 2 il ərzində Çinin “Alibaba” konserni “Alibaba Damo Academy” adlı qlobal təşəbbüsə 15 milyard dollar vəsait yatırıb. Layihə çərçivəsində görmə məhdudiyyətli insanlar üçün smartfon interfeysinin yaxşılaşdırılması üzrə tədqiqatlar aparılır. Ən son yenilik isə Sinxua Universiteti ilə birgə hazırlanmış ucuz (cəmi 1 dollar) plastik örtükdür.

 

Ekrana yapışdırılan sensor örtük, demək olar ki, görünmür. Ona ehtiyatla toxunduqda 3 ədəd şaquli yerləşdirilmiş düyməni hiss etmək olar. Onlardan hər birini sıxdıqda müəyyən əmr (məsələn, “geri” və ya “təsdiq etmək”) işə salınır.

 

Sensor örtük görmə qabiliyyəti məhdud olan və zəif görən alıcılara müstəqil onlayn alış-veriş etməyə imkan verir. O, hazırda yalnız “Alibaba”nın 2 ən məşhur proqramı - “Taobao” İnternet mağazası və “Alipay” ödəniş sistemi ilə işləyir. Unikal örtük 2019-cu ilin ilk aylarında istifadəçilər üçün əlçatan olacaq.

 

Yusif ƏLİYEV