Təhsil Nazirliyi və “ASAN xidmət” mərkəzinin birgə layihəsi olan “Məktəblinin dostu”nun təşkil etdiyi “Səndən öyrəndim” müsabiqəsi başa çatıb. 189-190 nömrəli məktəbdə təşkil olunan tədbirdə müsabiqənin nəticələri açıqlanıb.
Qeyd edək ki, “Məktəblinin dostu" layihəsinə daxil olan 31 məktəb “Səndən öyrəndim” müsabiqəsi çərçivəsində videoçarx hazırlayıb. Bu videoçarxlar müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirib.
Feysbuk sosial şəbəkəsi üzərindən ən çox baxış sayı toplayan və bəyənilən 10 videoçarx münsiflərə təqdim olunub və onların qiymətləndirməsindən sonra üç qalib seçilib. Birinci yer 139, ikinci yer 57 və üçüncü yer isə 158 nömrəli məktəbə verilib.
Tədbirdə iştirak edən qonaqlar “Məktəblinin dostu” layihəsinin fəaliyyətini yüksək dəyərləndiriblər. Çıxışçılar belə əhəmiyyətli müsabiqələrin məktəblilərdə müəllimlərə qarşı böyük sevgi aşıladığını vurğulayıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.