Təhsilə ayrılan vəsait digər sahələrdən üstün idi


Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Yurdumuzu qucmuşdur!

 

Cəfər Cabbarlının dillər əzbəri olan “Azərbaycan bayrağına” şeirini dinləyəndə hər bir azərbaycanlı qürur  hissi  duyur.  Çünki  şeir  elə  bir  tarixi  dövrün məhsuludur  ki, onu unutmaq qeyri-mümkündür.  İlham qaynağı yazıldığı dövrün hadisələri olan “Azərbaycan bayrağına” şeiri həmin dövrdə müəllifin yaşantılarının, həyəcanlarının, düşüncələrinin  məhsulu olaraq ortaya çıxmışdır. Bu dövr Azərbaycanın neçə minillik tarixində ən ziddiyyətli, keşməkeşli, çətin və şərəfli dövrlərdən biri olan  XX əsrin ikinci onilliyinin axırlarına  təsadüf  edir.  Məhz  o  zaman  yüz  ilə  yaxın  bir  müddətdə rus müstəmləkəçiliyi boyunduruğu altında qalmış Azərbaycanın istiqlaliyyəti  elan edilmiş və türk milli-demokratik zəmininə əsaslanan ilk türk dövləti yaradılmışdır. Bu, Azərbaycan Demokratik Cümhuriyyəti idi. Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə məşəl alovlandırdı. AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində başladığı mühüm işləri başa çatdıra bilməsə də, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində misilsiz rol oynamışdır.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti o dövrün son dərəcə mürəkkəb ictimai-siyasi durumuna və iqtisadi  çətinliklərinə baxmayaraq, ölkədə maarif və təhsilin, bütövlükdə milli mədəniyyətin inkişafını təmin etmək üçün bir sıra real addımlar atmışdır. Bu dövrdə təhsilin milli yönünün yaranması ilə bağlı əhəmiyyətli tədbirlər görüldü.  Hökumət  milli  təhsil  quruculuğu   sahəsində elə bir təməl yaratdı  ki, ondan sonrakı  mərhələdə təhsil, elm, mədəniyyət də həmin bünövrə üzərində yüksəldi. Dövlət büdcəsində təhsilə ayrılan vəsait başqa sahələrlə müqayisədə üstünlük təşkil edirdi.

 

AXC elan edilənə qədər Azərbaycanda öz doğma dilimizi tədris edən məktəb yox idi, “realnı” məktəblərdə isə  Azərbaycan dili məcburi deyildi və ona həftədə cəmi 1 saat ayrılırdı.  Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Ümumiyyətlə, Azərbaycan hökuməti ilk günlərdən başlayaraq milli kadrların hazırlanmasına, bu sahədə  təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi.

 

Azərbaycan Xalq  Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi.  Lakin Azərbaycan dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanları, məhkəmə işi və s. sahələrdə müvəqqəti olaraq rus dilindən istifadəyə də yol verilirdi.

 

Təhsil  sahəsində  həyata  keçirilən daha bir mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Tədris  müəssisələrinin milliləşdirilməsini daha  uğurla həyata keçirmək üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı  siniflərini  müvafiq milli  müəllim  kadrları  ilə  təmin  etmək  məqsədilə qısamüddətli  pedaqoji  kurslar  təşkil  olundu.   Hökumətin qərarına görə, bu məqsədlə Xalq Maarif Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrıldı. Bakı, Gəncə və  Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açıldı. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alırdı. Kursları bitirənlərin, demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi.      

 

Cümhuriyyət hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”,  “İkinci il”, “Yeni məktəb”, “Müntəxəbat” və s. dərsliklər nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycanın maarif və ədəbiyyatının görkəmli nümayəndələri  Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Səməd ağa Ağamalıoğlu və başqa şəxslər fəal iştirak etmişdilər.

 

Bu dövrdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin də gördüyü işləri unutmaq olmaz. “Nəşri-maarif” cəmiyyəti fəaliyyətinin ilk mərhələsində “Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyəti” də adlandırılırdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək “Nəşri-maarif”in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular. Kitabxana və qiraətxanaların təşkilinə xüsusi əhəmiyyət verən “Nəşri-maarif” 1907-ci ilin mayından həftədə iki dəfə xalq arasında açıq oxular təşkil edirdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali  təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə  ali  təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı  gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı.  Azərbaycan Hökuməti  Xalq  Maarif Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin-Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

 

1919-cu il mayın əvvəllərində Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin təsis edilməsi ilə əlaqədar sənədləri və müvafiq tədbirləri hazırlamaq, eləcə də universitetin açılmasını sürətləndirmək üçün  komissiyanın yaradılması haqqında 8 maddədən ibarət olan əsasnamə qəbul edir. Komissiyanın 21 may 1919-cu ildə keçirilən birinci iclasında xalq maarif naziri Rəşid bəy Qaplanov çıxış edərək  universitetin açılması barədə hökumətin mövqeyinin qəti olduğunu və bütün arzu edənlərin burada təhsil ala biləcəklərini bildirir. O göstərirdi ki, hökumət universitetin açılması və avadanlıqla təchiz edilməsi üçün lazım olan vəsaiti əsirgəməyəcək.

 

Hökumətin qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust aylarında əvvəlcə parlamentin qanunvericilik, büdcə-maliyyə komissiyalarında və parlamentdə təmsil olunan  partiyaların  fraksiyalarında qızğın müzakirə olunur. Bu müzakirələr zamanı aydın olur ki, ictimaiyyətin, hökumətin və həm də parlamentin içərisində universitetin açılmasının  əleyhdarları da var.

Universitetin açılmasına qarşı çıxanlar belə hesab edirdi ki, tədrisin rus dilində aparılması buraya dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma təbliğatı aparmaq imkanı verəcək. Onların fikrincə, bu alimlər tələbələrə elm öyrətməkdən daha çox missionerlik edərək çarizmin milli siyasətini təbliğ edəcəklər. Bu amili əsas göstərərək onlar  milli kadrlarımızın yetişməsinə qədər gözləməyi məsləhət görürdülər. Lakin 3 aylıq gərgin müzakirələrdən sonra Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də ilk universitetin açılması haqqında qanun qəbul etdi.      

 

Hökumət universitetin lazımi avadanlıqla təmin edilməsi üçün 10 milyon manat pul ayırdı. Bir il ərzində tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri açılmalı idi. Azərbaycan türk dili bütün fakültələrdə məcburi fənn kimi tədris edilməli idi. Buna görə milli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 100 nəfər tələbəni xaricə təhsil almaq üçün göndərdi. Bu tələbələrin seçilməsi işinə M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən ibarət xüsusi müsabiqə komissiyası qərar verdi. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi getdiyi üçün təhsil almağa gedə bilməmişdi. Azərbaycan  Xalq Cümhuriyyəti Parlamentinin 1919-1920-ci tədris ilində xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən Xalq Maarif Nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar.

 

Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti zamanında “dünyəvi dövlət, dünyəvi təhsil və mədəniyyət” prinsipləri ardıcıl həyata keçirilmişdir. Bu danılmaz bir həqiqətdir ki, Xalq Cümhuriyyəti Hökuməti həmin məsələlərin həlli istiqamətində elə tarixi addımlar atdı, elə möhkəm təməl qoydu ki, XX əsr Azərbaycan təhsili, elmi və mədəniyyətinin Cümhuriyyət dövründən sonrakı mərhələsi məhz həmin təməl üzərində boy atıb inkişaf etdi.

 

AXC bu vaxta qədər coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi ki, ondan sonra bütün tarixi ədəbiyyatda Azərbaycan sözü dövlətin adı kimi işlənməyə başladı. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamlar imzalamışdır. 1918-20-ci illər bizim şərəf, qürur tariximizdir. Tariximizə sahib çıxmalı və düzgün qiymət verməliyik!

 

Aynurə BAĞIROVA,

Bakı şəhəri, Qaradağ rayonu, Zəngilan rayon 30 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi