Azərbaycanın pedaqogika elmi və təhsil ictimaiyyəti bu payız  3 böyük alimini itirdi. Təxminən, bir ay  öncə Şəmistan Mikayılov dünyasını dəyişdi. Haradasa on gün əvvəl Əjdər Ağayev əbədiyyətə qovuşdu.  Dünən-dekabrın 6-da isə Nurəddin Kazımovun vəfat etməsi xəbəri yayıldı. Hər üç alim pedaqoji elmimizin ünlü siması idi. 

 

Pedaqogika elminin korifeylərindən olan Nurəddin Kazımov mənalı ömrünün altmış beş ilini elmə, xalqının maariflənməsinə həsr etmişdir. Öz dəyərli əsərləri ilə ölkəmizdə və xaricdə yüksək nüfuz qazanan, milli və bəşəri ideyaları ilə pedaqogika nəzəriyyəsi elmini zənginləşdirən, ictimai-siyasi, sosial-mədəni və ideya-əxlaqi mühitimizin aparıcı ziyalılarından olan, xalqını, vətənini dərin məhəbbətlə sevən, neçə-neçə nəsillərə maarifləndirici çıraq tutan, nümunəvi övladlar ərsəyə gətirən uzun illər Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına rəhbərlik etmiş, Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov şərəfli bir ömür sürmüş, xalqımızın dərin rəğbətini qazanmışdır.

 

93 illik ömrünü halal əmək və saf əqidə ilə fəth edən Nurəddin Kazımovun həyat və fəaliyyəti haqqında oxuculara dəyər verəcək sonsuz sayda biblioqrafik məlumatlar vardır. Onun maraqlı görünən həyat xronikasının bəzi səhifələrini bir daha vərəqləyək.

 

N.Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-1943-cü illərdə orada III İnternasional adına orta ümumtəhsil məktəbində təhsil almışdır. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir.

 

1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir.   Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.

 

Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır.

 

Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur.

 

Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.

 

Onun elmi-pedaqoji fəaliyyətinin nəticələri dissertasiyalarında daha bariz şəkildə öz ifadəsini tapmışdır. Ona 1958-ci ildə “Müqayisə haqqında K.D.Uşinskinin fikirləri və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti” mövzusunda dissertasiyasına görə pedaqoji elmlər namizədi, 1969-cu ildə isə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” mövzusunda əsərinə görə pedaqoji elmlər doktoru elmi dərəcəsi verilmişdir. 1973-cü ildə professor elmi adına layiq görülmüşdür.

 

Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.

 

1984-cü ildən etibarən, təxminən, 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının rəhbəri olmuş, onlarla gəncə elmi rəhbərlik etmişdir.

 

Professor Nurəddin Kazımovun həyat salnaməsindən gətirilən tərcümeyi-hal fraqmentləri bir daha sübut edir ki, qəlbində paklıq, qurub-yaratmaq şövqü yaşadan insan övladının əbədiyaşar keyfiyyətləri onu həmişə müdrik saxlayır, ixtiyar çağında da “qocalmağa”, “giley-güzar” etməyə qoymur.   Nurəddin müəllimin çoxcəhətli fəaliyyəti və elmi təfəkkürü, məntiqi düşüncə tərzi, tədris və idrak bacarığındakı metamorfozalar da təsdiq edir ki, o, yaradıcılıq yoluna ehtişamlı görünmək üçün yox, real gerçəklikləri olduğu kimi obyektiv baxım mövqeyindən dəyərləndirdiyi üçün cəsur və iradəli görünür. O, tədqiq etdiyi problemə, təhlilini apardığı fakt və hadisələrə elmi-nəzəri, qanunauyğun baxışlar sistemi ilə nəzər saldığı üçün daim metodik təhkiyələrində, pedaqoji mühakimələrində sərrast bilik və bacarıq nümayiş etdirə bilirdi. Onun mükəmməl və novator ruhlu konseptual baxışlarında gerçək elmi metodologiya, real ideya-nəzəri əsaslandırma yozumu çox qüdrətli idi.

 

Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyət yolu ilə tanış olanlar yaxşı bilirlər ki, o, apardığı tədqiqatlar sahəsində  nüfuzlu alimə çevrilmiş, pedaqoji problemlər üzrə xeyli sayda yeni fikir və nəzəriyyələr formalaşdırmışdır. O, xüsusən son illərdə qələmə aldığı monoqrafik nəşrlərində dinamik və təşəbbüskar əməl nümayiş etdirərək pedaqoji elm və təcrübəyə milli pedaqogika prizmasından yanaşmış, ən böyük uğurlarını tarixi-müqayisəli şərhlərlə sübut edərək, ənənəvi pedaqogikanın uğursuzluqlarının səbəblərini tənqidi təhlil əsasında tam ortaya çıxararaq, ideyalarındakı elmi yeniliklərə mənəvi dəstək vermişdir.

 

Elm və təhsil yolunda fədakar ömür yaşamış professor Nurəddin Kazımov daim yeni elmi axtarışlar sorağında olmuşdur. Onun düşüncələrinin, həyat prinsiplərinin əsasını dialektik təfəkkürün inkişafı təşkil etmişdir. O, bütün bilik və erudisiyasını “yaxşı insan”, sağlam cəmiyyət ruhunda kökləyən şəxsiyyət hazırlığına sərf edir, mövcud cəmiyyət prinsiplərinə mübariz, vətəndaşlıq mövqeyindən, lazımi hallarda isə tənqidi rakursdan, radikal münasibətdən yanaşmağı da çox doğru-düzgün bacararaq, elmi-diaqnostik həqiqəti tam açmaq üçün fakt və hadisələrin obyektiv təhlil süzgəcindən keçirilməsinə və dəqiqləşdirilməsinə böyük rəvac verirdi.

 

Professor Nurəddin Kazımovun fəaliyyəti çoxcəhətli olması ilə fərqlənirdi. Ona görkəmli alim, ustad müəllim, mahir pedaqoq, müdrik filosof, yenilikçi metodist, kamil insan, yenilməz şəxsiyyət və nəhayət, böyük vətəndaş demək olar. Öz fikrini formal məntiqə yox, dialektik məntiqə istinadən qurmağı yaxşı bacaran professor Nurəddin Kazımov elmi araşdırmalarını sırf yeni pedaqoji təfəkkürlə, nəzəri konseptual baxışlarını müasir cəmiyyət psixologiyasına uyğun zəmində hasilə gətirə bilmişdir.

 

Alimin uğurlu axtarışlarının möhkəmlənməsinə xidmət edən qənaətlərindən biri də onun pedaqogikada ilk dəfə olaraq milli və dünyəvi zəmində pedaqoji proses anlayışlarının tədqiqat prinsiplərini yeni texnologiya əsasında işləyib, bu məzmunda inikas olunan təlim, tərbiyə, təhsil və psixoloji inkişaf vəhdətini qarşılıqlı, əks-əlaqə yaradan, unikal obyektiv qanunauyğunluq kimi dəyərləndirməsi olmuşdur. Yəni o, pedaqoji prosesin öz əhəmiyyətinə görə bütün istiqamətlərdə və sahələrdə məzmununa pedaqoji anlayış kimi baxaraq və bu anlayışları daxil etməklə, müasir elmi pedaqogikanın inkişaf dinamikasına təkan verəcək qüdrətli bir yenilik gətirmişdir.

O, elmi və pedaqoji fəaliyyətində irsiyyət, mühit, tərbiyə və şəxsi əmək yolunun qarşılıqlı vəhdəti ilə şəxsiyyət formalaşdırmağın mümkünlüyünü; adamlarda qabiliyyətlərin formalaşması mexanizmini; müqayisə probleminin elmi-nəzəri əsaslarını; təlim texnologiyasının üsul, qruplaşma, mərhələlik prosesləri ilə xarakterizə olunan ünsürlərlə vəhdət nəzəriyyəsini; pedaqoji proses qanunauyğunluqlarını; dünyagörüşü anlayışına elmi istiqamət verən metodologiyanı; təlim zamanı müəllimin öz psixoloji vəziyyətini tənzimləmə mexanizmini; “Müəllim kimdir?” dilemmasının məntiqi-sosial köklərini; pedaqogikada əyanilik prinsipinə yeni məzmunda - konkret anlayış və təsəvvür yolu ilə gerçəkləşməsini və bir sıra digər sanballı elmi axtarışları ilə bu elm sahəsinin inkişafını daha yüksək mərhələyə qaldırmışdır.

Onun yaradıcılıq fəaliyyətinin parlaq təzahürləri olan “Nurlu yol” (1983), “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983), “Pedaqogika” (müştərək) (1996), “Ali məktəb pedaqogikası” (1999), “Milli pedaqogika yollarında” (2001), “Məktəb pedaqogikası” (2002), “Məktəb pedaqogikası sxemlərdə” (2003), “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (müştərək) (2005), “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005), “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (müştərək) (2005), “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007), “Pedaqoji ustalığın problemləri” (2009), “Tətbiqi pedaqogika” (2010), on altı cilddən ibarət “Seçilmiş əsərlər” (2011) və bir çox digər kitabları respublika və dünya ictimaiyyətinə təqdim edilmişdir. Onun dərslik və dərs vəsaitləri hazırda da ali təhsil müəssisələrində tədris olunur.

 

N.Kazımovun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün “Ana dili” (1970-2003) və “Oxu” (1970-2005) dərslikləri və 500-dən artıq müxtəlif səpgili əsəri təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsini xeyli zənginləşdirmişdir.

 

O, elmi-pedaqoji fəaliyyətini bir qabaqcıl təhsil təşkilatçısı kimi də şərəflə doğrultmuşdur. Uzun illər (1976) Respublika Pedaqoji Cəmiyyətinə başçılıq etmişdir.

 

Nurəddin müəllim tələbələrin də sevimlisi idi. Müstəqil həyata vəsiqə alan gənclərlə daim təmas qurmaq, onlara peşə və sənət yollarında məsləhətçi olmaq onun yüksək iradi-mənəvi keyfiyyəti olmuşdur. Xüsusən tələbə mənəviyyatına halallıq, pak və saf əqidə nuru çiləmək bu müdrik şəxsiyyətin həyat kredosu idi.

 

Professor Nurəddin Kazımov daim həyat eşqi, geniş və çoxşaxəli yaradıcılığı ilə seçilmişdir.

 

Müstəqilliyimizin ilk illərindən ta bu günədək o, mübariz vətəndaş kimi mənfur erməni diasporasına qarşı yüksək vətəndaş-alim mövqeyindən ciddi münasibət bildirmiş, doğma Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qarabağın azadlığı və müstəqilliyi yolunda axıdılan qanların baiskarlarına qarşı çıxmışdır.

 

Onun pedaqoji fəaliyyətinin ən qaynar məqamları uzun illər çalışdığı Azərbaycan Dillər Universiteti ilə bağlı olmuş, xarici dil ixtisası üzrə pedaqoji kadrların hazırlığına həsr olunmuşdur.

 

Uzun illər rəhbərlik etdiyi pedaqogika kafedrasında formalaşdırdığı işgüzar mühit, çalışdığı tədris ocağında ağsaqqallıq nüfuzu onu kollektivin sevimlisi etmişdir.

 

Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilib,  şərəfli fəaliyyət və uğurlarına görə “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adını almışdır.

 

Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir.

 

Nurəddin müəllimin əziz xatirəsi onu tanıyanların və pedaqoji ictimaiyyətin xatirəsində əbədi yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor,

Hümeyir ƏHMƏDOV,

Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor,

Vidadi BƏŞİROV,

ADU-nin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru