Xaricdə təhsil alan gənclər yeni Dövlət Proqramı haqqında
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ölkəmizin təhsil ictimaiyyətində maraqla qarşılanıb. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə xidmət edən bu sənəd dünyanın nüfuzlu universitetlərində təhsil alan və məzun olaraq hazırda əmək fəaliyyəti ilə məşğul olan gənclərimiz tərəfindən də maraqla qarşılanmaqdadır. “Azərbaycan müəllimi” qəzetinə fikirlərini bölüşən gənclər yeni Dövlət Proqramının qəbulunu ölkəmizin elmi potensialının inkişafına mühüm töhfə kimi qiymətləndirirlər.
“Proqram ölkəmizin təhsil sisteminə müsbət təsirini göstərəcək”
Ümid MEHDİYEV, Liverpul Universitetinin məzunu, ADPU-nun prorektoru: - Məlumdur ki, müasir dövrdə təhsil öz strateji əhəmiyyətinə görə dünyanın yeni inkişaf trendlərini, tərəqqinin konseptual əsaslarını, cəmiyyətin hərtərəfli inkişafını şərtləndirir. Qloballaşan dünyada dinamik inkişaf edən təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyini təmin edən və gücləndirən həlledici faktorlardan biri kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu proqramın həyata keçirilməsi gənclərə həm işlə təmin olunmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradacaq. İkili diplomlar ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin rəqabət qabiliyyətinin artırılması, ali təhsil müəssisələrinin Avropa məkanına daxil olması, tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətin təmin olunması, universitetlərdə infrastrukturun və idarəetmənin daha səmərəli qurulması, Bolonya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından da çox faydalı olacaq.
Dövlət Proqramında əksini tapmış strateji vəzifələr universitetlərimizin ikili diplom və doktorantura proqramları çərçivəsində dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığına təkan verəcək. Proqramın əhatə dairəsinin genişlənməsi, beynəlxalq təcrübənin öyrənilməsi gənclərin təhsilinə, onların zəruri bilik və səriştələr əldə etməsinə töhfə verəcək.
Proqram doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə, məzunların işlə təmin olunmasına imkan yaradacaq. Həmçinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq. Proqramda nəzərdə tutulmuş hədəflərə nail olunması gələcəkdə ölkəmizin təhsil sisteminə müsbət təsirini göstərəcək.
“Proqram təhsilin inkişafında gənclərin rolunun artırılmasına yönəlib”
İnqilab ŞAHBAZOV, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu: - Dövlət Proqramının qəbul olunmasında qarşıya qoyulan əsas hədəf bundan ibarətdir ki, vətəndaşlarımız, bütövlükdə Azərbaycan gəncliyi elm və təhsilin inkişafında xarici təcrübədən faydalansınlar. Biz bunu ikili diplom və doktorantura təhsil proqramları, xaricdə təhsilin maliyyələşdirilməsi, xarici universitetlərlə əməkdaşlıq, nüfuzlu ali məktəblərin alimləri ilə birgə fəaliyyətin dəstəklənməsində görürük. Bu sərəncam həm də elm və təhsilin inkişafında xüsusən də gənclərin rolunun artırılmasına yönəlib. Burada diqqəti doktorantura təhsilinə cəlb etmək istəyirəm. Əvvəlki xarici təhsil proqramında əsas diqqət bakalavr və magistratura təhsilinin maliyyələşdirilməsinə ayrılırdısa, növbəti proqramda doktorantura təhsilinə ciddi üstünlük verilir. Bu da onu göstərir ki, dövlət sırf elm sahəsində ixtisaslaşan insanların yetişdirilməsində və onların işlə təmin olunmasında olduqca maraqlıdır.
Bundan əlavə, proqramda xarici alimlərlə əməkdaşlıq nəzərdə tutulur, bu isə xarici təcrübənin öyrənilməsi, xarici təcrübə və biliyin Azərbaycana axını baxımından olduqca vacibdir. Qloballaşan dünyada mütləq şəkildə alimlərin birgə işləməsi elmin və ölkələrin inkişafına xidmət edir. Proqram çərçivəsində ölkəmizdə xüsusi qıtlıq hiss olunan elm sahələri - sosiologiya, mühəndisliyin bir sıra qolları, aviasiya və s. üzrə doktorantların yetişdirilməsi və onların işlə təmin olunması məsələsi də həllini tapacaq.
Təcrübəyə baxsaq, doktorantlar əsasən akademik mühitdə fəaliyyət göstərir, təlim və tədrislə məşğul olur. Hesab edirəm ki, sərəncam vasitəsi ilə pedaqoji heyətin cavanlaşması, yeni müəllimlərin yetişdirilməsi, yeni biliklərin tələbələrə çatdırılması təmin olunacaq ki, bu da çox mühüm vəzifədir. Çünki məhz doktorantura təhsili bu hədəflərə çatmaqda kömək edir. Doktorantura vasitəsi ilə boşluq olan sahələrdə mütəxəssislərin hazırlanması təmin olunacaq.
Doktorantlara ayrılan dəstək eyni zamanda ölkədə elmi tədqiqatların inkişafında mütləq rol oynayacaq, gənclərin elmə marağını artıracaq, onlar tədqiqatların aparılmasında maraqlı olacaq və beləliklə, araşdırılmamış mövzular araşdırılacaq. Doktorantlar lazım gəldikdə müvafiq sahələrdə məsləhət xidmətləri də göstərə biləcək. Xarici təcrübədə biz bunların bir çoxuna əmin ola bilərik. Doktoranturada təhsil alanlar oxuduqları müddətdə və ya məzun olduqdan sonra bu işlərlə məşğul olurlar.
“Dəyişiklikləri böyük bir qürur hissi ilə izləyirəm”
Mədinə QULİYEVA, London Universitet Kollecinin doktorantı: - London Universitet Kollecində (UCL) və Böyük Britaniyanın digər aparıcı universitetlərində doktorantlar tədqiqat aparmaqla yanaşı, Ali Təhsil Akademiyası (Higher Education Academy) tərəfindən müəyyənləşdirilmiş mühüm peşəkar dəyərləri də öyrənirlər. Britaniya ali təhsilinin əsas dəyərlərini bilməklə mən həmişə bu ölkənin təhsil sistemini doğma təhsil sistemimiz ilə müqayisə edirəm. Azərbaycan təhsil sistemindəki təkmilləşdirmələri və dəyişiklikləri böyük bir qürur hissi ilə izləyirəm. İldən-ilə bu inkişaf daha aydın görünür. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın bu müsbət dəyişiklikləri və proqram çərçivəsində ikili diplom proqramlarının təsis olunması və icrası milli təhsildə aparıcı təhsil sistemlərinin inteqrasiyasını sürətləndirəcəyinə ümid edirəm. İnanıram ki, xarici ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə tədris proqramlarının hazırlanması təcrübəsindən yararlanmaq, xarici professor-müəllim heyətinin kurikulumun yeniləşdirilməsində iştirakı, əlavə olaraq elmi-tədqiqat strukturlarının yaradılması və aparıcı mütəxəssisləri və istedadlı tələbələri bir araya gətirmək üçün elmi-tədqiqat proqramlarının hazırlanması Azərbaycan Respublikasının ali təhsil mütəxəssislərinin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsini asanlaşdıracaq və dünya reytinqində irəliləməsini təmin edəcəkdir. İnanıram ki, Azərbaycan təhsil sistemində tədqiqatlı təhsilin inteqrasiyası müsbət dəyişikliklərə səbəb olacaq. Hesab edirəm ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları olaraq xarici professorların və müəllimlərin cəlb olunmasına, xarici və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqənin genişləndirilməsinə kömək edə bilərik. Doktorantura səviyyəsində xaricdə təhsilin maliyyələşdirilməsi və Təhsil Nazirliyinin süni intellekt istiqamətində müraciətlərə müsbət yanaşacaqlarını bildirməsi sevindirici bir haldır. Süni intellekt səhiyyə, maliyyə, hüquq və neft-qaz sektoru daxil olmaqla bir çox sahəyə böyük təsir göstərir. Bu istiqamətdə milli kadrların təhsili prioritet sahələrdə yeni metodların tətbiqinə təkan verəcək.
“Ali təhsil müəssisələrinə gətiriləcək innovativ investisiya”
Aysel MUSAYEVA, Ankara Universitetinin və London Diplomatiya Akademiyasının məzunu: - Dövlət Proqramı Azərbaycan təhsil sisteminə innovasiyalar gətirəcək mühüm bir qərardır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə xaricdə təhsil alaraq ölkəmizə qayıdan gənclərimizə, universitetlərə qoyulan bu investisiya artıq yeni bir mərhələdə birbaşa ali təhsil müəssisələrinə gətiriləcək innovativ bir investisiyaya çevrilməkdədir. 2007-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etməsi ilə ölkəmizin kadr siyasətində güclü və potensiallı dəyişikliklər müşahidə olundu. Bu proqram hazırda qəbul olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə həyata keçiriləcək tədbirlər üçün sağlam zəmin yaradıb. Əvvəlki Proqramın nəticəsi olaraq, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin nüfuzlu dünya universitetləri ilə ikili diplom proqramlarının sayının artırılması hədəfi son illərdə müsbət hal kimi qarşılanıb. Çünki Azərbaycan gəncləri nüfuzlu universitetlərdə təhsil alan digər gənclər ilə eyni səviyyəli mütəxəssislər kimi formalaşacaqlar. Proqram çərçivəsində qabaqcıl universitetlərdə təhsil alacaq gənclər akademik kadr potensialının, tədris proqramlarının və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəklər.
Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi üzrə verilən bu qərar gənclərin gələcəyinə dair yüksək ümidlər vəd edir. Doktorantura səviyyəsi üzrə universitetlərdə akademik heyətin ixtisasca təkmilləşdirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsini təmin edəcək. Doktorantların elm sahəsində ixtiraları, beynəlxalq indeksli jurnallarda məqalələrinin çap olunması, beynəlxalq konfranslarda azərbaycanlı gənclərin iştirakı, qabaqcıl universitetlərdə mühazirə oxuması bu dövlət proqramının uğurlu nəticəsi olacaq.
Azərbaycanlı doktorantların nüfuzlu universitetlərdə təhsil alması, birgə tədqiqatların aparılması, birgə kitab və məqalələrin hazırlanması, dünya miqyasında inkişaf edən sahələrdə Azərbaycanın dünyada daha da tanınması üçün müsbət rol oynayacaq. Bütün dünyada aktual mövzu olan təhsilin keyfiyyətinin dövlət səviyyəsində innovativ proqramlarla dəstəklənməsi nəzarətin, nəticələrin və uğurların müşahidə olunmasında mühüm əhəmiyyət daşıyacaq.
Azərbaycan gənclərinin beynəlxalq səviyyədə həm ikili diplom, həm də doktorantura sahəsində dövlət səviyyəsində dəstəklənməsi müsbət bir hal kimi uğurların əldə edilməsində üstünlük təşkil edəcək.
“Proqramın Azərbaycan gəncliyinə böyük töhfələr verəcəyi şübhəsizdir”
Səncər ƏHMƏDOV, Kolumbiya Universitetinin doktorantı: - Bu proqramın Azərbaycan gəncliyi və elmi üçün böyük töhfələr verəcəyi şübhəsizdir. Həm gənclərimizin xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi, həm də ikili diplom layihəsinin əhatəliliyinin genişləndirilməsi müasir Azərbaycan elminin, təhsilinin daha da güclənməsinə, inkişafına və dərinləşməsinə yol açacağına inanıram. Xüsusən, kompüter elmlərinin bu proqram tərəfindən əhatə olunan əsas sahələrdən biri kimi diqqətə alınması məni çox sevindirdi. Çünki bu istiqamət çağdaş dünya elminin ən aktual sahələrindən biridir. Ölkəmizdə bu sahədə xeyli istedadlı və peşəkar gənclərin olduğunu düşünürəm. Proqram gənclərin dünyanın aparıcı təhsil ocaqlarında təhsil almalarına və tədqiqat aparmalarına şərait yaradacaq, gənclərimizin təkmilləşməsində, öz sahələrində dünya səviyyəli yaxşı mütəxəssis olmalarında çox böyük rol oynayacaq. Düşünürəm ki, xaricdə bu bilik və bacarıqlara yiyələnən gənclərimiz gələcəkdə nəinki Azərbaycan, hətta dünya elminə töhfələr verməyə qadirdirlər. Bu proqramda iştirak edən hər kəsə uğurlar diləyirəm.
“Proqram elmimiz üçün geniş imkanlar açır”
Olesya RAZUVAYEVSKAYA, Kembric Universitetinin doktorantı: - Dövlət Proqramında tədqiqatçı doktorantların təhsilinin maliyyələşdirilməsi gənclərimiz və elmimiz üçün geniş imkanlar açır. Bu, çox mühüm məsələdir. Doktorantura səviyyəsində araşdırılan mövzular çox spesifik olduğundan, dünyada bu mövzularla bağlı araşdırma aparan tədqiqat mərkəzlərinin sayı çox azdır. Bu səbəbdən hətta bir çox tədqiqat mərkəzləri və universitetləri olan böyük ölkələrdə belə öz maraqlarına uyğun olan tədqiqat qrupunu və elmi rəhbəri tapmaq çətin ola bilər. Bundan başqa, təbiət elmləri kimi sahələrdə qabaqcıl araşdırma aparmaq üçün innovativ avadanlığa və maliyyəyə ehtiyac var. Bu baxımdan, gənclərimizin doktorantura kimi yuxarı pillələrdə xaricdə təhsilinin maliyyələşdirilməsi, ölkəmizdə yalnız giriş səviyyəsində öyrədilən innovativ sahələr üçün çox faydalı ola bilər. Akademiya üçün zəruri olan başqa cəhətlərdən biri isə əməkdaşlıqdır, xüsusilə disiplinlərarası sahələr üçün. Bu səbəbdən, ikili diplom layihəsi xaricdəki universitetlərlə tədqiqat əməkdaşlığının qurulmasına və potensial olaraq elm mütəxəssislərimizin öz sahələrində ən qabaqcıl yerlərdə nəşrlərinə imkan verəcək.
“Azərbaycan dünya elminə sürətlə inteqrasiya edəcək”
Eltac ABBASOV, Antverp Menecment Məktəbinin məzunu: - Öncə onu vurğulamaq istərdim ki, cənab Prezident tərəfindən qəbul olunmuş bu sərəncam çox böyük əhəmiyyətə malikdir. Bu sərəncam “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məntiqi davamıdır. Əvvəlki proqram təhsilin bütün pillələrini nəzərə aldığından bu addımı gənclərin elm, bilik öyrənmə mərhələsi kimi xarakterizə edərdim. Lakin yeni qəbul olunmuş proqram özündə təhsilin ən yüksək pilləsini ehtiva etdiyindən və spesifik hədəf kütləsinə istiqamətləndiyindən mən bunu elm istehsalına yönəlik siyasət kimi şərh edərdim. Əminəm ki, öyrənmə mərhələsindən istehsal mərhələsinə keçid dövlətimiz və millətimiz üçün çox mütərəqqi nəticələr verəcək.
Yerli gənc mütəxəssislərdən ibarət yüksək təhsilli akademik elitanın formalaşması və xarici mütəxəssislərlə əməkdaşlıq universitetlərimizin elmi potensialını artıracaq. Sonralar bu tendensiyanın əmək bazarına sirayət etməsi innovativ Azərbaycan məhsullarının istehsalına, iqtisadiyyatın elm və texnologiya tutumlu sferasının inkişafına gətirib çıxaracaq.
Mən inanıram ki, bu addım sayəsində Azərbaycan dünya elminə sürətlə inteqrasiya edəcək və iqtisadi əhəmiyyətli yerini tutacaq.
Oruc MUSTAFAYEV