Qrant layihəsinin yekun tədbiri
Noyabrın 16-da Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib gəlmiş “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” layihəsinin yekun mərhələsinə həsr olunmuş “İstedadlı uşaqların aşkar edilməsində xüsusi vəsaitlərin rolu və əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans və layihə çərçivəsində hazırlanmış vəsaitin təqdimatı keçirilib.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Rəfiqə Rzayeva Təhsil Nazirliyinin həyata keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 1 və 2-ci qrant müsabiqələri barədə ətraflı məlumat verib, bu müsabiqələr çərçivəsində hazırlanmış layihələrin təhsilimizin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, məktəbin hərbi rəhbəri, Əməkdar müəllim Rəfail Əliyevin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib gələn layihəsi çərçivəsində “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” adlı 150 səhifəlik vəsait hazırlanaraq çap olunub.
Layihənin rəhbəri Rəfail Əliyev çıxış edərək layihə ilə bağlı görülmüş işlərdən danışıb, xüsusi vəsaitlərin istedadlı uşaqların aşkara çıxarılmasındakı rol və əhəmiyyətinə aydınlıq gətirib. Məruzəçi Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqələrini yüksək dəyərləndirərək, onların təhsilimizin inkişafında xüsusi əhəmiyyətini, müəllimlərin yaradıcı potensialının ortaya çıxarılmasında müstəsna rolunu qeyd edib.
R.Əliyev həyata keçirdiyi bu layihənin davamlı olacağını, sonrakı siniflər üçün də bu cür vəsaitlərin hazırlanacağını deyib.
Layihə rəhbəri bu vəsaitin hazırlanmasında ona dəstək olmuş Təhsil İnstitutunun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru, vəsaitin redaktoru və həmmüəllifi Elxan Bəylərova xüsusi minnətdarlığını bildirib.
Məruzə ətrafında çıxış edən Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseyin tədris hissə müdiri Şahin Əzizzadə, Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin direktoru Natella Çələbiyeva, Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Səadət Quliyeva və başqaları vəsaiti yüksək dəyərləndirib, bu vəsaitin “Məntiq” xüsusi kursunun daha səmərəli və keyfiyyətlə tədris olunmasına kömək edəcəyinə inam ifadə ediblər.
Tədbirin sonunda vəsaitin təqdimatı keçirilib və yeni nəşr konfrans iştirakçılarına paylanılıb.
Elnur NOVRUZOV,
Şirvan şəhər 1 nömrəli tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı