“Məntiqi tapşırıqlara dair xüsusi vəsait”

Noyabrın 16-da   Şirvan   şəhər  1 nömrəli   tam  orta   məktəbdə  Azərbaycan    Respublikası  Təhsil  Nazirliyinin  “Təhsildə  inkişaf və  innovasiyalar  üzrə  2-ci qrant  müsabiqəsi”ndə fərdi kateqoriya  üzrə  qalib  gəlmiş  “Məntiqi  tapşırıqlara  dair   xüsusi   vəsait”  layihəsinin  yekun  mərhələsinə   həsr   olunmuş    “İstedadlı   uşaqların   aşkar   edilməsində  xüsusi   vəsaitlərin   rolu   və  əhəmiyyəti”  mövzusunda  elmi-praktik konfrans və  layihə   çərçivəsində  hazırlanmış   vəsaitin təqdimatı  keçirilib.

 

Konfransı giriş sözü ilə  açan  məktəbin   direktoru   Rəfiqə  Rzayeva   Təhsil  Nazirliyinin   həyata   keçirdiyi   təhsildə  inkişaf və  innovasiyalar  üzrə 1 və   2-ci qrant  müsabiqələri   barədə  ətraflı  məlumat verib,  bu  müsabiqələr   çərçivəsində hazırlanmış layihələrin təhsilimizin  inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, məktəbin hərbi rəhbəri, Əməkdar   müəllim Rəfail Əliyevin  “Təhsildə inkişaf və  innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə  fərdi kateqoriya üzrə qalib gələn layihəsi çərçivəsində “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” adlı 150 səhifəlik vəsait hazırlanaraq çap olunub.

 

Layihənin   rəhbəri  Rəfail  Əliyev  çıxış  edərək  layihə  ilə   bağlı   görülmüş   işlərdən danışıb, xüsusi   vəsaitlərin   istedadlı  uşaqların  aşkara çıxarılmasındakı   rol  və   əhəmiyyətinə  aydınlıq   gətirib. Məruzəçi  Təhsil   Nazirliyinin  keçirdiyi   qrant   müsabiqələrini   yüksək   dəyərləndirərək,  onların   təhsilimizin   inkişafında   xüsusi   əhəmiyyətini,  müəllimlərin   yaradıcı  potensialının  ortaya   çıxarılmasında   müstəsna   rolunu   qeyd   edib.

 

R.Əliyev həyata   keçirdiyi   bu  layihənin  davamlı   olacağını,  sonrakı  siniflər   üçün də  bu  cür   vəsaitlərin   hazırlanacağını  deyib.

 

Layihə   rəhbəri   bu   vəsaitin   hazırlanmasında  ona   dəstək   olmuş  Təhsil   İnstitutunun  “Psixologiya   və   yaş  fiziologiyası”  şöbəsinin   müdiri, psixologiya   üzrə  elmlər   doktoru,  vəsaitin   redaktoru   və   həmmüəllifi  Elxan   Bəylərova   xüsusi  minnətdarlığını   bildirib.

 

Məruzə   ətrafında   çıxış   edən    Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseyin  tədris   hissə müdiri  Şahin   Əzizzadə, Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta məktəbin   direktoru   Natella   Çələbiyeva, Şirvan  şəhər   21 nömrəli   tam  orta  məktəbin   direktoru, Əməkdar   müəllim  Səadət   Quliyeva   və   başqaları   vəsaiti   yüksək   dəyərləndirib, bu  vəsaitin   “Məntiq” xüsusi   kursunun   daha   səmərəli   və  keyfiyyətlə   tədris   olunmasına   kömək   edəcəyinə   inam  ifadə   ediblər.

 

Tədbirin   sonunda   vəsaitin   təqdimatı   keçirilib  və yeni nəşr  konfrans iştirakçılarına paylanılıb.

 

Elnur NOVRUZOV,

Şirvan şəhər 1 nömrəli tam orta məktəb-xüsusi  istedadlı şagirdlər liseyinin sinifdənxaric və   məktəbdənkənar işlər üzrə təşkilatçısı



01.12.2018 | 11:29