Oxumaq üçün yaş məhdudiyyəti aktuallığını itirir
Magistratura pilləsini bitirdikdən sonra bir çoxumuzun təhsil barədə düşünmədiyimiz sirr deyil. Problemə yaş ekvivalentində baxsaq, belə deyə bilərik: 22-25 yaşından sonra əksəriyyətimiz biliklərimizi artırmaq istiqamətində heç bir iş görmürük. Qərbdə isə ömür boyu oxumaq sanki bir normaya çevrilir. Avropada “daimi tələbə” deyilərkən “gələcəyin insanı” barədə təsəvvürlər yaranır. Dünya sanki anlamağa başlayıb ki, təhsil daimi prosesdir.
Diqqətli oxucu xatırlayar, qəzetimizdə dəfələrlə gələcəyin peşələri mövzusuna toxunmuşuq. Ehtimallara görə, təqribən 12-15 ildən sonra hazırda mövcud olan peşələrin tən yarısı aktuallığını itirəcək. Bunun səbəbləri təbii ki, başqa mövzunun predmetidir, indi bizə maraqlı olan isə budur: peşələrini itirmiş şəxslər nə edəcəklər? Estoniya kimi ölkələrin təcrübəsi (həyatın az qala bütün sferalarının rəqəmsallaşması) göstərir ki, onlar üçün bir yol var: biliklərini artırmaq, təkmilləşmək və yeni çağırışlara, tələblərə hazır olmaq. Qərb təcrübəsində “həyatı boyu oxumaq”, yaxud 30 yaşından sonrakı təhsil anlayışları da məhz bu gerçəkliyi ehtiva edir.
Gec oxumaq gec deyil
Yaxın gələcəkdə meydana yeni peşələrin çıxacağı artıq reallıqdır. Bu o deməkdir ki, ən müxtəlif sahələrdə dünənin peşəkarları olan şəxslər sabah yenidən “parta arxası”na keçməyə məcbur olacaqlar. Ancaq bu proses göründüyü qədər də hamar olmayacaq. Səbəblər bunlardır:
1. Yaşlı nəslin nümayəndələri məktəblilər və tələbələrdən fərqli olaraq beyinlərini yeni informasiya ilə doldurmağa o qədər də həvəsli deyillər. Sadə dillə izah etsək, deyə bilərik ki, insana yaş keçdikcə yorulmaq xüsusiyyəti xasdır;
2. Hesab olunur ki, yaş nə qədər çoxdursa, oxumaq o qədər gecdir. “Boston Consulting Group”un araşdırmalarına görə, Rusiyada (bu statistikanı postsovet məkanının əksər təmsilçilərinə də aid etmək olar) 25 yaşından sonra oxumaq istəyənlərin sayı çox azdır, işəgötürənlər isə əməkdaşlarının təkmilləşmələrinə Avropadakından təqribən 10 dəfə az vəsait xərcləyirlər;
3. Məktəbdəki motivasiya sistemi - qiymət, valideynə tərifləmə kimi tədbirlər yaşlılar üçün keçərli deyil;
4. Orta və ali məktəbdən nə qədər vaxt keçib, böyüklər yenidən təhsil almaq bacarıqlarını itiriblər;
5. Böyüklərin əksəriyyəti təkmilləşdirmə kurslarına məcburən gedirlər, işdəki rəhbərlik istəməsə, getməzlər.
Avropa bu maneəni aşmış kimi görünür: burada 25-60 yaşlıların müxtəlif dərnəklər, ixtisasdəyişmə kurslarına getməsi adi haldır.
Yuxarıda biz böyüklərin təhsilə yanaşmada uşaqlar və gənclərlə fərqlərinə toxunduq. Ancaq onları birləşdirən ümumi xüsusiyyət də var: böyüklər də uşaqlar kimi motivasiyasız, intizamsız ola, müəllimi dinləməyə bilərlər. Bu isə o deməkdir ki, təhsil almaq istəyən yaşlı nəslin problemlərinin həlli üçün xüsusi reseptə ehtiyac yaranacaq. Nə etməli?
Məlumdur ki, tədris materialı şagirdin və ya tələbənin yaşına cavab verməlidir. Bu baxımdan mütəxəssislər hesab edirlər ki, böyüklərin təhsilində ağırlığı təcrübəyə salmaq lazımdır. Yəni, müəllimin ağzından çıxanları yaşlı tələbələr dərs qurtaran kimi reallıqda həyata keçirməyi bacarmalıdırlar.
Dortmund Universitetində 50 yaşından yuxarı şəxslər təhsil ala bilirlər. Burada onlara 6 istiqamət üzrə təhsil verilir: sosial herentologiya, sosiologiya, tərbiyə işi, psixologiya, fəlsəfə, teologiya. 5 semestrdən sonra yaşlı tələbələr mütləq halda seçdikləri istiqamət üzrə praktikaya cəlb olunurlar. Bəs təcrübəni harada keçirlər? Universitet onlara bu yerləri təklif edir: icmalar, ahıllar üçün pansionatlar, uşaq bağçaları, məktəblər.
Bir az uşaq olun
Bəzi ölkələrdə yaşlıları məktəblərdə uşaqlarla eyni parta arxasında əyləşdirirlər. Hesab olunur ki, bu, onların təhsilləri barədə düşünmələri üçün əla stimuldur. İrlandiyanın dövlət təhsil ocaqlarından birinin həyata keçirdiyi layihəyə əsasən, valideynlər məktəb həyatına cəlb olunurlar. Onlar təhsil sistemi ilə yaxından tanış olur, uşaqlarına təhsil prosesində necə kömək etməyə dair məlumatlar əldə edirlər. Mütəxəssislər bu qənaətdədirlər ki, uşaqlarının təhsili ilə yaxından maraqlanan valideynlərin özləri də bir növ tədris prosesinə qoşulmuş olurlar. Onların övladları, belə demək mümkündürsə, “qarmaq” rolunu oynayırlar. Uşaqları ilə birlikdə “oxuyan” valideynlər də düşünməyə başlayırlar ki, biliklərini harada və necə artıra bilərlər.
Qərbin bir sıra ölkələrində yuxarı nəsil üçün aktiv təhsil təbliğatı həyata keçirilir. Tutaq ki, bir nəfər öz peşəsi üzrə ən yüksək nəticələrə nail olub və düşünür ki, artıq bəsdir. Bunu görən təhsil mütəxəssisləri dərhal bu şəxsin “islah” olunmasına start verirlər. Onu hər vəchlə motivasiya edirlər ki, sən fərqli sferalarda da uğurlar qazana bilərsən. Belə dəstəyi vətəndaş elektron poçt, yaxud telefonla da ala bilər. Kampaniyanın şüarı belədir: “Oxumaq heç vaxt gec deyil” (“It is always a good time to learn”).
Xüsusi məsləhətçilər yeni təhsil istiqaməti və peşə seçimi üzrə ən müxtəlif məsləhətlər verə bilərlər. Məsələn, Sloveniyanın Yaşlıların təhsil məsələləri üzrə İnstitutu ölkəboyu məsləhət məntəqələri açıb və burada olduqca təcrübəli mütəxəssislər əhaliyə xidmət göstərirlər. Şəbəkənin əsas məqsədi bu istiqamətdə işləyən repetitor, mərkəz və kursları bir araya gətirməkdir. Onların hamısının əsas amalı artıq çoxdandır müxtəlif peşələr üzrə işləyən şəxslərin yenidən təhsil almalarına yardım etməkdir.
İsveçdə bu iş sosial işçilərin üzərinə düşür. Onlar işləməyən və ya işləmək istəməyənlərə doğru “motivasiya səfərləri” edirlər. Finlandiyada tədris prosesi bir neçə növə ayrılır: formal, qeyri-formal və azad (liberal education). Finlandiyalılar istənilən yaşda yenidən təhsil ala bilərlər, istər xarici dil öyrənsinlər, istər informasiya texnologiyaları.
Oxuyun ki, sağlam olasınız
Oxumaq tək peşə hazırlığı üçün lazım deyil. Təhsil alan şəxs sağlam olur. Avropa Komissiyasının Avropada yaşlıların təhsilinin effektivliyinə həsr olunmuş 2015-ci il hesabatının müəllifləri bu qənaətdədirlər. Təhsili olanlar, habelə təhsillərini davam etdirən yaşlılar onlara həkimlər tərəfindən qoyulan diaqnoz və məsləhətlərə daha məsuliyyətlə yanaşırlar. Məsələn, şəkər xəstəliyindən əziyyət çəkən pasiyentlər arasında keçirilən sorğunun nəticələri məhz bunu göstərir. Hesab olunur ki, dünya dövlətlərinin hökumətləri yaşlı nəslin təhsil problemlərinə bu prizmadan yanaşarlarsa, “Aktiv uzunömürlülük” məzmununda səmərəli proqram reallaşdırmış olarlar.
Kimdən soruşsan, deyəcək ki, həyatında etdiyin dəyişiklik, lap elə iş yerini dəyişməyin yeni uğurlara aparan yoldur. Ancaq yaşlandıqca iş yerini dəyişmək arzusunda olanlar, yaxud yeni istiqamət üzrə təhsil almaq istəyənlər çoxdurmu? 30 yaşdan yuxarı peşə və ya iş yeri dəyişikliyi tək şəxsin özünü yox, onun ətrafını da ciddi narahat edir. Psixoloqlar isə əks qənaətdədirlər. 30 yaş və ondan sonrakı dövr əmək potensialının realizəsi üçün əla vaxtdır.
Rusiyalı psixoloq Natalya Varakonun sözlərinə görə, 30-35 yaşlarından başlayaraq insan beyni qocalır. Ancaq bu, koqnitiv funksiyanın pozulması anlamına gəlməməlidir: “Məsələn, bu yaşdan sonra xarici dili öyrənmək həqiqətən də çətindir. Ancaq peşə təkmilləşməsi və biliklərin sistemləşdirilməsi yaşlı nəsildə daha yaxşı baş tutur. 45-50 yaşlı peşəkarla 25 yaşlını müqayisə etmək olmaz. Bəzi sahələr var ki, məsələn, mexaniki məsələlərin həlli, burada gənc nəsil daha effektivdir. Amma tutaq ki, intellektual məsələlərin həllindən danışırıqsa, mübahisə etməyə dəyər. 25 yaşlı neyrocərrah beynində 50 yaşlı neyrocərrahın beynində olan operativ məlumatları saxlaya bilməz və bu, təbiidir. Söhbət yalnız sürətdən getmir. Məsələ ondadır ki, informasiya hansı kontekstdə işlənilməlidir. Gənc kəmiyyət və sürətə əsaslanır. Yaşlı nəsil isə finişə tez çata bilər və işi də daha keyfiyyətlə görmüş olar. Burada yaşlının malik olduğu metakoqnitiv strategiyanın da rolu var. Obrazlı belə deyə bilərik: gənc mütəxəssis tez-tez addımlayır, ancaq ona 100 addım lazımdır. Yaşlı isə ləngdir, ancaq ona 20 addım bəs edir”.
Reallıq göstərir ki, ənənəvi təhsil modeli tarixə qovuşur. İndi hər hansı sahənin eksperti olmaq üçün 5 il təhsil almağa ehtiyac yoxdur. Məhsulların ömrü qısalır, texnologiyalar köhnəlir. Ona görə də yaşından asılı olmayaraq hər bir şəxsin qarşısında duran əsas məqsəd oxumaq olmalıdır. Nə olur olsun! Hətta əsas biliklər deyil, prosesdir. Artıq xeyli müddətdir ki, işəgötürənlər işçinin konkret bacarıqlarına deyil, onun qeyri-müəyyənliyə münasibətini, çətin anlarda necə toparlanmasını və tez bir zamanda vəziyyətin tələblərinə uyğun dəyişmək bacarığını qiymətləndirirlər.
Ümumiyyətlə, 30 yaş ən perspektivli və taleyüklü dövr hesab olunur. Gənc yaşlarında insan risk etməyə qorxmur və hesab edir ki, uğur gələcəkdədir. 30 yaşdan sonra isə hamımız yüz ölçüb, bir biçirik. Bu vaxt yaşlı nəsil təcrübəsinə, gənclik isə emosiyalara güvənir. Vaxt keçdikcə yeni istiqamətdə təhsil almaq və peşəyə yiyələnməyin başlıca çətinliyi məhz budur. O şəxs ki, 30 yaşından sonra irəliyə getmək istəyir, təkmilləşməkdən, təhsilini yeniləmək və peşəsini dəyişməkdən qorxmur, özü ilə yanaşı ətrafının da hörmətini qazanır.
Qərbdə hesab edirlər ki, hər 5 ildən bir iş yerini dəyişmək lazımdır. Yeni kollektiv, funksional vəzifələr insanın inkişafı və peşəkar bacarıqlarının yüksəldilməsinə müsbət təsir edir. Paralel olaraq, dəyişən dünyanın əsas tələbi insanların dəyişməsi və təkmilləşməsidir. Süni intellekt və informasiya texnologiyaları gerçəkliyində təhsilsiz dəyişmək mümkün deyil. Çıxış yolu budursa, niyə də oxumayaq?
Rüstəm QARAXANLI