Məlumdur ki, gələcək ixtisasın seçilməsi məzunların həyatındakı ən vacib qərarlarından biridir. Məzunların heç də hamısı əvvəlcədən hara gedəcəklərini bilmir. Çoxları bu və ya digər universitetə sadə bir prinsiplə - “balım hara düşəcək orada da oxuyacağam” düşüncəsi ilə gedirlər. Bəzən bu təfəkkürlə gənclər öz yolunu tapa bilir, lakin bu, nadir hallarda baş verir. Əksər hallarda, 5 il oxuduqdan sonra gənc öz diplomunun tətbiq sahəsini görmür və aldığı ixtisası üzrə işləmir. Öz ixtisası üzrə iş tapsa belə, heç bir məmnunluq və zövq almadan bu sahəyə bağlanır.
 
Müşahidələr də onu göstərir ki, bir çox abituriyentlər başa düşmürlər ki, təhsil almaqda məqsəd gələcəkdə təhsil və diplom deyil, karyera qurmaq imkanıdır. Buna görə də alınan təhsil həmişə qarşıya qoyulan məqsədə (karyeraya) səbəb olmur. Bu, üç səbəbdən baş verir. Birincisi, səhv ixtisas seçimi, ikincisi öz karyerasının planlaşdırılması haqqında mücərrəd fikirlər, üçüncüsü isə təhsil müəssisəsinin düzgün seçilməməsidir. 
 
Beləliklə də, ali məktəb yalnız bir neçə il keçirəcəyimiz bir yer deyil, həm də gələcək karyera və şəxsi inkişafın əsasını təşkil edir.
 
Harada işləyəcəyəm?
 
Şübhəsiz ki, universitet seçməzdən əvvəl özümüzə verəcəyimiz suallardan biri – “harada işləyəcəyəm” sualıdır. Çünki artıq dünyanın beyin mərkəzləri, Ümumdünya İqtisadi Forumu 2030-cu ilədək (çox yaxın vaxtdır) hazırda mövcud olan bir çox peşə sahələrinin, iş yerlərinin yox olacağını proqnozlaşdırır. 
 
Əmək bazarının son təhlilləri göstərir ki, bütün dünya üzrə gənclər ən çox psixologiya, İT və tikinti, nəqliyyat və logistika sahələrinə can atırlar, bu sahələrin mütəxəsslərinə əmək bazarında tələb artır. Digər tərəfdən bu sektorlarda maaşlar da artır ki, bu da gənc mütəxəssisləri cəlb edir. Bundan əlavə, gələcəkdə kompüter mühəndisliyi, proqramlaşdırma və kibertəhlükəsizlik, texnologiya, səhiyyə, enerji (bərpaolunan) və ekologiya sahələrində ixtisaslar ən çox tələbat olacaq. Bu sahələrdə baş verən inkişaf və dəyişikliklər müəyyən peşələrə tələbatın artmasına səbəb olacaq. Məhz bu peşələr yüksək və stabil maaş vəd edir.
 
Dünya İqtisadi Forumunun yaxın 5 il üçün hazırladığı qlobal çağırışlarda gələcəkdə analitik bacarıqlara, tənqidi düşüncə və komandada işləmək bacarıqlarına malik mütəxəssislərə ehtiyac yaşanacağı qeyd olunur. Bu cür keyfiyyətlərə malik mütəxəssislər gələcək illərdə əmək bazarında üstünlük təşkil edəcəklər. 
 
Belə olan halda gələcək illərdə əmək bazarında tutacağımız yer və həyatımızı həsr edəcəyimiz peşə, onun perspektivi barədə aydın təsəvvürə malik olmalı və ixtisas seçərkən də bu məqama xüsusi diqqət yetirməliyik. Bundan əlavə, öz güclü tərəflərimizi, nələrə ehtiyac duyduğumuzu, əmək bazarında daha çox hansı mütəxəssislərin tələb olunduğunu özümüz üçün konkretləşdirməliyik.
 
Məlum olduğu kimi, ixtisas və bu ixtisası tədris edən ali təhsil müəssisəsi öz status və reytinqinə, tədrs imkanlarına görə fərqlidir. Bu isə müəyyən dərəcədə ixtisas və universitet seçimi qarşısında müəyyən stresli situasiyalar yarada bilər, ona görə də gənclərin öz həyəcan və narahatlıqlarını aradan qaldırmaq üçün bu sahədə müəyyən təcrübəsi olan insanlarla məsləhətləşmələr aparmaları zəruridir. Çünki böyüklər hazırda harada olmalarından asılı olmayaraq bu yolu artıq keçiriblər. 
 
Xüsusi diqqət yetirilməli məqam seçmək istədiyimiz, bizi maraqlandıran sahənin artıq peşəkarları olan şəxslərlə təmaslar qurmaq və məsləhət almaqdır. Bu cür məsləhət almaq istədiyimiz şəxslər, peşəkarlar yaşadığımız mühit və icmada kifayət qədərdir.
 
Məhz onlar seçmək istədiyimiz peşənin statusunu və cəmiyyətdə rolunu, eləcə də artıq bu sahədə işləyən mütəxəssislərin nə ilə məşğul olduqları və peşələrindən nə dərəcədə məmnun qalıb-qalmadığını izah edə bilərlər.
 
Bundan əlavə, peşə seçimi sahəsində peşəkar mütəxəssislərdən məsləhət almaq da universitet və ixisas seçimində faydalı ola bilər. Peşəkarların fərdi karyera tövsiyələrini də nəzərə almağımız əhəmiyyətli ola bilər.
Gənclərə onu demək istərdik ki, “Təhsil alım, sonra peşə taparam” yanaşmasını biryolluq unutmaq lazımdır. Gələcək həyat düzgün peşə seçimi ilə başlayır. Universitet əslində bizim xəyal etdiyimiz peşəyə gedən yoldur.
 
Ali məktəb seçməyə kim kömək edə bilər?
 
Ümumiyyətlə, ixtisas seçiminə nə zamandan başlamaq lazımdır? Mühüm suallardan biri budur. Yalnız ali məktəbə qəbul imtahanı verdikdən sonrakı bir neçə gün ərzində bu sualla bağlı qərar vermək, məsələnin həlli və düzgün yanaşma deyil. Əslində bu qərar tam orta təhsilin son siniflərində verilməlidir. Bundan ötrü orta məktəblərdə peşə və ixtisas seçimi üzrə məsləhət qrupları yaradılmalı, təcrübəli müəllimlər və mentorlar, psixoloqlar, əmək bazarı üzrə mütəxəssislər və başqaları birgə iş aparmalı, gələcək məzunların bilik və bacarıqları, meyil və həvəsləri müəyyən edilməlidir. Bundan ötrü bir sıra ölkələrin də peşə seçimi təcrübəsində geniş istifadə olunan monitorinq və test sistemindən istifadə əhəmiyyətli nəticələr verə bilər. Məhz ilkin “peşə və ixtisas seçimi” testləri şagirdlərin gələcəkdə ixtisasları ilə bağlı düzgün qərar qəbul etməsində xüsusi əhəmiyyət daşıya bilər. 
 
Müxtəlif test və sorğular şagirdlərin maraqlarını, güclü tərəflərini və dəyərlərini təhlil etməyə kömək edə bilərlər. Onlar əmək bazarı ilə də tanış ola və gələcəkdə hansı ixtisaslara tələbat olacağını özləri üçün müəyyənləşdirə bilərlər. 
 
Məhz müəllimlər və mentorlar şagirdləri tanıyır, onun akademik güclü tərəflərini və maraqlarını göstərə bilərlər. Onlar şagirdlərə bacarıq və maraqlarına uyğun müəyyən ixtisaslar tövsiyə edə bilərlər ki, bu da onların gələcək həyatına dəyişiklik gətirə bilər. 
 
Sahənin peşəkarları olan insanlarla ünsiyyət bu sahədə işləmək haqqında məzunlara qiymətli ideyalar verə bilər. Onlar öz təcrübələri, karyera perspektivləri və qarşılaşdıqları çağırışlar haqqında danışa bilərlər. Məzunların seçdikləri ixtisas sahəsində oxuyan tələbələrlə və ya ali təhsilini başa vuranlarla görüşlər də namizədlərin seçiminə əhəmiyyətli təsir göstərə bilər. Onlar öz təcrübələrini, tədris prosesindən olan təəssüratlarını və qəbul məsləhətlərini bölüşə bilərlər.
 
Ali məktəbin ixtisas seçimi ilə bağlı informasiya tədbirləri və ya “açıq qapı” günləri faydalı ola bilər. Bu cür tədbirlərdə iştirak edərək müxtəlif ixtisaslar haqqında çox faydalı məlumat almaq, universitet nümayəndələri, müəllimlər və tələbələrlə söhbətləşmək olar.
 
Sonda, düşünürük ki, gələcək peşə seçiminə orta məktəbin IX sinfindən başlamaq daha yaxşı olardı. Belə olduğu halda gələcək ali təhsil müəssisəsi haqqında qərar vermək və qəbul, ixtisas seçmək üçün kifayət qədər vaxt olacaq. Bundan əlavə, IX sinifdən sonra bəzi şagirdlər məktəbi tərk edərək kollecdə orta ixtisas təhsili ala və ya öz arzu, maraqlarına uyğun olaraq növbəti illərdə ali təhsil seçimi edə bilərlər. 
 
Gələcəkdə peşman olmamaq üçün
 
Universitetdə fakültəni necə seçmək olar? Məlumdur ki, abituriyentlər təkcə təhsil müəssisəsini deyil, həm də ixtisas seçirlər. Bir qayda olaraq, universitetin struktur bölməsi tərəfindən bir və ya bir neçə əlaqəli ixtisaslar müəyyən edilir. Məsələn, bir universitetin tətbiqi riyaziyyat, xarici dillər, hüquq, informasiya texnologiyaları, beynəlxalq əlaqələr və s. şöbəsi ola bilər. Hansı fakültəni seçək ki, gələcəkdə peşman olmayaq? 
 
Məzunlar gələcək təhsil yerini seçərkən eyni tipik səhvlərə yol verirlər. Ən ümumi olanlarla tanış olaq:
 
Özünə inamı olmayan abituriyentlər bəzən onları maraqlandıran ixtisaslara sənəd verməyə belə cəhd etmirlər. Əmindirlər ki, imtahan balları istədikləri yerə düşmək üçün kifayət etmir. Ona görə də keçid balı aşağı olan ən sadə sahələrə müraciət edirlər. Təhsil almaq üçün yer seçiminə bu cür yanaşma kökündən yanlışdır. İxtisas tələbə üçün maraqlı deyilsə və ümidsizlikdən bu ixtisasa daxil olubsa, oxumaq daha çətin olacaq. Topladığınız bal ali məktəbə qəbul üçün kifayət qədər deyilsə, maraqsız sahəyə üz tutmaq lazım deyil. Bu halda digər universitetin eyni ixtisasını seçə, kolleclərə gedə və orta ixtisas təhsili almaq, bir ildən sonra imtahanı yenidən vermək və istədiyiniz universitet və ya ixtisas dalınca gedə, bu bir ili özünü inkişaf etdirməyə həsr edə bilərsiniz. 
 
Valideynlərin və dostların məsləhətləri ilə qərar vermək. İxtisas seçimində növbəti səhv qohumların məsləhətinə əməl etmək və ya dostlara müraciət etməkdir. Valideynlərin əslində həyat təcrübəsi var və yaxşı məsləhət verə bilərlər. Bəzən isə valideynlər öz həyata keçməmiş istəklərinə əsaslanaraq uşaqlarının əvəzinə onun maraq və həvəslərini nəzərə almadan seçim edirlər ki, bu yanaşma gələcəkdə kədərli nəticələrə səbəb ola bilər. Hətta uşaqlar universiteti bitirsələr də, onlar seçəcəkləri ixtisas üzrə işləmək istəməyəcəklər - vaxt və onların təhsilinə xərclənən pul həmişəlik itəcək. Abituriyent ilk növbədə özü haqqında düşünməli, öz istəklərinə qulaq asmalıdır. Bundan əlavə, onun təhsildə və peşəkar aləmdə mövcud vəziyyəti öyrənmək, hansı ixtisasların daha perspektivli olduğunu və daha yüksək maaş aldığını anlaması vacibdir. Valideynlər bunu həmişə bilməyə bilər.
 
Dostların və sinif yoldaşlarının ixtisas seçimlərinə uyğun qərar qəbul etməməlisiniz. Onların öz yolu, öz qabiliyyətləri və maraqları var. Dostlardan ayrılmaq çətindir, ancaq eyni şöbəyə daxil olsanız belə, bir yerdə qalma ehtimalının az olduğunu qəbul etmək daha yaxşıdır. Hər kəsin yeni dostları və hobbiləri olacaq. Və əksinə, əgər həqiqətən yaxınsınızsa, o zaman müxtəlif yerlərdə oxumaq belə ünsiyyətə mane olmayacaq.
Peşə haqqında qeyri-müəyyən fikirlərlə ali məktəbi seçmək olmaz. Çox vaxt məktəblilərin peşələr haqqında təsəvvürləri kifayət qədər aydın deyil. Bəzi peşələr sizə prestijsiz, çox çətin və ya perspektivsiz görünür. Amma dünya hər gün dəyişir. Məsələn, son vaxtlara qədər İT işçiləri və frilanserlər perspektivsiz hesab olunurdu. Bu gün biznes getdikcə İT sahəsinə keçir.
  
Əvvəlcə universiteti, sonra fakültəni seçmək. Təbii ki, təhsil müəssisəsi, onun statusu, professor-müəllim heyəti, məzunların hazırlıq səviyyəsi böyük əhəmiyyət kəsb edir. Amma "abituriyent hansı ixtisası seçməlidir?" sualında təkcə universitetin nüfuzuna güvənmək olmaz. Öncə maraqlandığınız ixtisasa qərar verməli, sonra hansı universitetlərin bu ixtisas üzrə uyğun təlim təklif etdiyinə baxmaq lazımdır. Təhsil müəssisələrinin siyahısını tərtib edərək, artıq ən layiqlisini seçmək olar. 
 
İxtisas seçimində başqa bir problem yalnız əmək haqqının məbləğindən başlamaq vərdişidir. Təbii ki, hər kəs mümkün qədər çox qazanmaq istəyir. Və beləliklə, gənclər ən çox maaş alan peşələrin siyahılarını öyrənir, sonra isə hazır olduqları universitetə sənəd verməyə gedirlər. Ancaq gələcək bir peşə seçərkən digər meyarları nəzərə almağa dəyər. Məsələn:
- bazarda mütəxəssislərə tələbat;
- məşğulluq perspektivləri;
- iş şəraiti;
- bir peşəyə yiyələnmək imkanları;
- uyğunlaşma qabiliyyətləri.
 
Və ən əsası, hər hansı bir iş zövq, məmnunluq hissi və inkişaf etmək istəyi gətirməlidir. Ən yüksək maaş belə bütün bunları sizə verməyə bilər. Barışmadığınız iş mühiti bəzən insanda ikrah hissi doğurur, insan daim stress keçirir, işindən məmnun və xoşbəxt ola bilmir. Beləliklə, gələcək əməkaqqının ölçüsü nəzərə alınmalıdır, lakin qərar qəbul edərkən bunu həlledici amil etməməlisiniz.
 
İndi ixtisas seçərkən nələrin nəzərə alınmalı olduğunu sadalayaq:
 
Sizin maraqlarınız. Maraqlanığınız fakültəyə daxil olsanız, o zaman oxumaq daha asan və maraqlı və təhsil uğurlarınız daha yüksək olacaq. Və ən əsası,həqiqətən yaxşı mütəxəssis ola bilərsiniz.
 
Bacarıqlar. Peşənin nüfuzu ya maaş arxasınca düşməməlisən. Nə edə bildiyinizə və nə edə biləcəyinizə diqqət yetirin.
 
Təhsil müəssisəsinin və fakültənin statusu. İxtisasınıza qərar verdikdən sonra universitetləri diqqətlə araşdırmağın vaxtı gəldi. Siz təhsil müəssisələrinin reytinqlərinə, onların internet səhifələrinə, tələbələrin və məzunların rəylərinə baxa, işəgötürənlərin universitet diplomuna münasibətini öyrənə bilərsiniz.
 
Universitetin texniki təchizatı və maddi resursları. Bu da mühüm məqamdır: yeni dərsliklərdən istifadə edərək təmiz və yaxşı təmirli sinif otaqlarında dərs oxumaq daha xoşdur. Bundan əlavə, yaxşı universitetdə təhsil prosesində informasiya texnologiyalarından fəal istifadə olunur.
 
Proqramın keyfiyyəti. Seçdiyiniz ali məktəbdə hansı fənlərin tədris olunduğunu, professor-müəllim heyətinin necə olduğunu və məzunların necə işə düzələ biləcəyini öyrənin. Və xarici dillərin öyrənilməsinə xüsusi diqqət ayıran universitetləri və ixtisasları seçmək daha məqsədəuyğundur.
 
Beləliklə, hər hansı bir universitet seçimi qarşısında duran məzun hansı ali məktəbə üstünlük verməlidir:
 
1. Ali məktəbdə seçdiyim ixtisas üzrə məşğulluq perspektivləri ilə bağlı işlər necədir? Məzunların hansı faizi iş tapır və hansı müddət ərzində gənc mütəxəssislərin hansı hissəsi ixtisas üzrə işləyir? 
2. Bu ixtisas üzrə təhsil alaraq gələcəkdə hansı maaşlara ümid etmək olar? Universiteti dərhal bitirdikdən sonra müvafiq sahədə əmək haqq nə qədər olacaq və və bu sahədə hansı artımlar gözlənilir?
3. Bu ali məktəbdə aldığım təhsil sonrakı mərhələlərdə təhsil karyeramın inkişafına stimul verə bilərmi?
 
Bu suallara düzgün cavab məzun üçün uğurlu gələcəyin təməlidir.  
 
Oruc MUSTAFAYEV