Hər bir gənc gələcək ixtisasını və ya təhsil alacağı universiteti seçərkən, bu addımı niyə atdığını və hansı perspektivləri gördüyünü anlaması vacibdir. Müxtəlif universitetlərdə qazandığım təcrübəyə əsaslanıb deyə bilərəm ki, bir çox tələbələr valideynlərin və ya cəmiyyətin təzyiqi ilə müəyyən ixtisasları seçir və öz əsl maraq və qabiliyyətləri haqqında düşünmürlər. Bu isə gələcəkdə məyusluğa və təhsil prosesində motivasiyanın azalmasına səbəb ola bilər.
 
Araşdırmalar göstərir ki, tələbələrin 30%-i ilk iki il ərzində ixtisaslarını dəyişmək istəyir, çünki sonradan səhv seçim etdiklərini dərk eləməyə başlayırlar. Bundan əlavə, məzunların təxminən 60%-i ali təhsildə aldıqları ixtisas üzrə işləmədiklərini etiraf edir ki, bu da onların başlanğıc seçimlərinin şüurlu olmadığını göstərir.
 
Bu cür neqativ hallarının azaldırması üçün, valideynlər, müəllimlər və uşaqlar arasında kommunikasiya əsas rol oynayır. Tez-tez belə bir hal baş verir: uşaqlar bir ixtisasa daxil olmaq istəyir, lakin valideynlər başqa bir ixtisasda israr edirlər. Məsələn, bir çox valideynlər uşaqlarının həkim və ya hüquqşünas olmasını istəyirlər, çünki bu peşələr prestijli sayılır. Lakin uşaq bu peşələrə maraq göstərmirsə, bu, gələcəkdə psixoloji problemlərə və akademik göstəricilərin azalmasına gətirib çıxara bilər. Peşə seçiminin düzgün edilməməsi insanın psixoloji sağlamlığına da təsir edir. Qeyd edim ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, bütün xəstəliklərin təxminən 70%-i stress ilə əlaqədardır. Amerika Psixoloji Assosiasiyasının (APA) məlumatlarına əsasən, amerikalıların 77%-i müntəzəm olaraq stress səbəbiylə baş ağrıları, yorğunluq və yuxusuzluq kimi fiziki simptomları yaşayır. Eyni zamanda, 73% müntəzəm olaraq stress səbəbiylə qıcıqlanma və narahatlıq kimi psixoloji simptomları yaşayır. 
 
Azərbaycanda 2023-cü ildə aparılan araşdırmanın nəticələrinə görə, tələbələrin təxminən 45%-i ixtisas seçimlərinin valideynlərinin fikirləri ilə əlaqəli olduğunu, öz maraq və meyillərini nəzərə almadıqlarını etiraf etdilər. Bu, onların çoxunun narazılıq və gələcəkdə qeyri-müəyyənlik hiss etmələrinə səbəb olur.
 
Pedaqoji təcrübəmdə tələbələri tədris prosesinə fəal şəkildə cəlb etmək üçün interaktiv tədris metodlarından tez-tez istifadə edirəm. Məsələn, tələbələri komandalara bölürəm, onlara tapşırıqlar verirəm, böyük kağız vərəqləri və markerlər təqdim edirəm və onlardan müəyyən bir işi həll etməyi və ya beyin fırtınası çərçivəsində yeni bir məhsul yaratmağı, idealar irəli sürmək təklif edirəm. Bu yanaşma tələbələrə komanda işi bacarıqlarını, yaradıcılıq və tənqidi düşünmə qabiliyyətini inkişaf etdirməyə kömək edir. Lakin tələbələrin bu cür dərslərə marağına baxmayaraq, onların çoxu fərdi cavab üçün lövhəyə çağırıldıqda özlərini itirirlər. Çox vaxt utanırlar və ya yorulduqlarını bəhanə olaraq gətirirlər. Mən bunu bir çoxunun uşaqlıqdan valideynlərinin onların əvəzinə hər şeyi həll etməyə öyrəşdikləri ilə əlaqələndirirəm. Misal üçün, uşağa neçə yaşı olduğunu soruşduqda, onun əvəzinə anası və ya atası cavab verir. Nəticədə, çox təəssüf ki, uşağın öz məsuliyyət və sərbəstlik bacarıqları formalaşmır.
 
Bu sərbəstliyin olmaması daha sonra tələbələr universitetdə və işdə çətinliklərlə üzləşdikdə özünü göstərir. Onlar qərar qəbul edə bilmirlər, özlərinə güvənmirlər və məsuliyyətdən qaçırlar. Bu, onların peşəni və ya iş yerini ətraf mühitin təzyiqi altında deyil, öz maraqlarından və imkanlarından asılı olaraq seçmələrinə gətirib çıxarır. Nəticədə, bu peşə yanmasına, psixoloji problemlərə və mənfi emosiyalara səbəb ola bilər.
 
Bundan əlavə, tədris prosesində də tələbələrə özlərini ifadə etmək və öz fikirlərini formalaşdırmaq imkanını vermək vacibdir. Bu, yalnız onların şəxsi inkişafına deyil, həm də peşə mühitində uğurla uyğunlaşmasına kömək edir. Yanlış seçilmiş ixtisas gələcəkdə peşəkar yanmaya səbəb ola bilər. Daha dəqiq desək, insan özünə maraqlı olmayan və ya mənfi emosiyalar yaradan sahədə işləyirsə, bu, xroniki stress və tükənməyə səbəb ola bilər. Peşəkar yanma ciddi problemdir və insanın karyerası və şəxsi həyatına mənfi təsir göstərə bilər.
 
Nəticə və məsləhətlər
 
İxtisas və universitet seçimi hər bir insanın həyatında vacib addımdır. Valideynlərin, müəllimlərin və ümumiyyətlə cəmiyyətin dəstəyi və anlayışı tələbələrə düzgün seçim etməyə və gələcəkdə bir çox problemlərin qarşısını almağa kömək edə bilər. Valideynlər uşaqlarını dinləməyə, onların maraq və qabiliyyətlərini anlamağa və onların qabiliyyətlərinə və arzularına uyğun bir yol tapmağa kömək etməyə hazır olmalıdırlar. Müəllimlər isə tələbələrin güclü və zəif tərəflərini başa düşmələrinə və gələcəkləri haqqında şüurlu qərarlar qəbul etmələrinə kömək edərək, mentor rolunu oynamalıdırlar. 
 
Qeyd edilən məqamları nəzərə alaraq, bir müəllim olaraq, valideynlərə məsləhətim odur ki, uşaqlarınızın əvəzinə hər şeyi etməyin. Bəli, onlara kömək etmək və dəstək olmaq çox vacibdir, lakin onlara sərbəst olaraq qərarlar qəbul etmək və etdikləri hərəkətlərə cavab vermək imkanını vermək lazımdır. Bu, onların özlərinə inamlı və özgüvənli insanlar kimi böyüməsinə köməklik edəcək. Motivasiya həm pedaqoqlar, həm də ailə tərəfindən gəlməlidir ki, tələbələr öz potensiallarını tam şəkildə aşkara çıxara bilsinlər. Valideynlərin və pedaqoqların dəstəyi tələbələrin həyatında mühüm rol oynayır və onların uğur qazanmasında əvəzsizdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndərbəy HÜSEYNOV
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi