Təhsilin keyfiyyətinə təsir edən amil kimi


Son illər  aparılan məqsədyönlü və planlı islahatlar nəticəsində təhsilimizdə  ciddi dəyişikliklər baş verib.Təhsilin məzmunu, qiymətləndirmə sistemi yenilənib, İKT-nin təhsilə tətbiqi sürətlənib, maddi-texniki baza möhkəmlənib, müasir məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Bütün bunlar, təbii ki, təlim prosesinin, tədris metodikası və üsullarının da dəyişməsini, yenilənməsini şərtləndirib. Öyrətmə-öyrənmə prosesini daha səmərəli etməyə imkan yaradan müasir, interaktiv dərs müəllimlərin tədris fəaliyyətində aparıcı yer tutmağa başlayıb. Müəllimlərin peşəkarlıq səviyyəsi hiss olunacaq dərəcədə yüksəlib. Müəllim-şagird münasibətlərində də köklü dəyişiklik baş verib. Bu münasibətlər əməkdaşlıq müstəvisinə keçib. 

 

Müəllim peşəkarlığının yeni müstəviyə çıxarılması, şagirdlərə yanaşmanın dəyişilməsi, müəllim-şagird münasibətində əməkdaşlıq, qarşılıqlı inam, birgə nəticə əldə olunmasına səy və s.  kimi faktorlar isə tədris prosesinin, nəticə etibarı ilə  təhsilin keyfiyyətinin artmasına müsbət təsir göstərir. Bunları nəzərə alaraq mən öz fəaliyyətimdə müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi diqqət yetirirəm.

 

Çoxillik pedaqoji təcrübəmdən bu qənaətə gəlmişəm ki, müəllim-şagird münasibətlərini  düzgün qura bilmək üçün müəllim ilk növbədə şagirdləri yaxşı tanımalı, onların fərdi, psixoloji xüsusiyyətlərini bilməlidir. Bu məqsədlə mən birinci sinif şagirdləri ilə tanışlıq zamanı onlarla  diaqnostik iş aparıram. Bu zaman testlərdən, müşahibə, fərdi və kollektiv söhbətlər, oyunlardan istifadə edirəm. Bu kimi işlərin aparılması müəllim-şagird münasibətlərinin düzgün qurulmasına, bu zaman şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınmasına imkan verir.  Müəllim bəzən şagirdlə ehtiyatsız davrandıqda, yaxud düzgün pedaqoji yanaşma seçmədikdə şagirddə özünəinam hissi azalır və müəllimlə şagird arasında münaqişə baş verir. 

 

Fikrimcə, pedaqoji əməkdaşlıq üçün:

- Bir-birini dinləmək;

- Birgə qərar qəbul etmək;

- Bir-birinə inanmaq;

- Qrup işində öz məsuliyyətini anlamaq vacib faktorlardır.

 

Müəllimin şagirddə mənfi cəhət  axtarmayıb onun yaxşı cəhətlərini qabartmağa çalışması da  müəllim-şagird əməkdaşlığında mühüm cəhətdir. Çünki şagirdin diqqətini müəllim həyata, işə pozitiv münasibəti, peşəkarlığı ilə cəlb edə bilməzsə bu,  şagirddə  müəllimə, fənnə qarşı laqeydlik yarada bilər və şagird müəllimi, onun fənnini sevməz. Belə halların olmaması üçün həmin şagirdlə müəllim arasında saziş bağlanması  kimi iş üsulundan istifadə edir və bu, təcrübədə yaxşı nəticə verdiyi üçün onu  həmkarlarıma da  tövsiyə edirəm. Bu sazişdə şagirdin dərslə, davranışla bağlı öhdəlikləri öz əksin tapır.  Burada habelə  hər hansı bir davranış pozuntusu ilə bağlı şagirdə veriləcək “cəza”  da müəyyənləşdirilir.  Sazişi şagird və müəllim imzalayırlar. “Saziş”də şagird söz verir ki, dərslərə gecikməyəcək, dərsdə yoldaşlarının fikrini yayındırmağa cəhd etməyəcək, kobudluğa yol verməyəcək və s.  “Saziş”ə əsasən şərtlərə əməl etdiyi təqdirdə şagirdi valideyninin yazılı formada tərif alması, məsuliyyətli iş (tapşırıq) alması, həftə içi müəllimin köməkçisi olması gözləyir. Əks təqdirdə, yəni şərtlərə əməl etmədikdə isə şagirdin valideyninin məktəbə çağırılması, sinfin ictimai işində iştirak etməməsi, tərifdən kənarda qalması kimi vasitələrlə “cəzalandırılması” nəzərdə tutulur.

 

Zamanında bağlanmış belə saziş, aparılmış söhbət gələcəkdə konfliktin yaranmasının qarşısını alar. Belə saziş, söhbət şagirdlə aparıldıqda bu, şagird - müəllim münasibətində qarşılıqlı inam, hörmət kimi hisslərin qorunub saxlanmasına gətirər. Bu halda şagird müəllimlə ünsiyyətdə, münasibətdə özünü sıxılmış, “gözü kölgəli” hiss etmir.

 

Rəna ABDİNOVA,

Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi