Tədris ilinin bitməsinə sayılı günlər qalır. Dərs ilinin son günləri artıq məktəbdə şagirdlərlə bağlı son işlər yekunlaşdırılır, müəllimlər və şagirdlər yay tətili haqqında planlar qururlar.
Dərsin ilk günü kimi, son günü də olduqca vacibdir, çünki ilk və son hər zaman insanların yaddaşında maraqlı xatirə olaraq qalır. Bəs, dərs ilinin son gününün daha maraqlı, yaddaqalan və əyləncəli olması üçün nələr etmək olar?
Nəzərə alsaq ki, tədris ilinin sonu şagirdlər zehni cəhətdən yüklənmiş olurlar, buna görə də son günləri daha maraqlı və əyləncəli etmək şagirdlərin yaddaşında tədris ili ilə bağlı xoş anların qalmasına səbəb olacaq.
Məktəbdə son dərs günlərini unudulmaz etmək üçün bir sıra yaradıcı və interaktiv fəaliyyətlər təşkil etmək mümkündür:
- Təşəkkür məktubları
Şagirdlərin dərs ilinin son günlərində məktəbin inzibati heyətinə, müəllimlərə, şagird yoldaşlarına və digər texniki işçilərə təşəkkür açıqcaları, qısa məktublar hazırlamaları təqdirəlayiq bir addım ola bilər. Bu həm də şagirdlərdə müsbət mənəvi dəyərləri formalaşdırmaq baxımından əhəmiyyətlidir. Həmçinin təşəkkür məktubları, açıqcaları məktəb icması içərisində hörmət və təşəkkür mədəniyyətini də təşviq edir.
- Yay tətili planlarını müzakirə etmək
Yekun dərslərin digər mühüm bir məqsədi növbəti fəaliyyətlərin planlaşdırılmasıdır. Bu fəaliyyət çərçivəsində müəllim və şagirdlər yay tətilini səmərəli keçirmək üçün planlar qurur, oxunacaq kitablar, izləniləcək filmlər və digər faydalı fəaliyyətlər haqqında fikir mübadiləsi aparırlar. Bu da şagirdlərdə planlama və özünüifadə bacarıqlarını inkişaf etdirir.
- Köhnə tədris ilindən yeni tədris ilinə mesaj
Şagirdlərin müəllim rəhbərliyi altında növbəti tədris ilinin ilk gününə məktub yazmaları maraqlı bir fəaliyyət ola bilər. Məktubda şagirdlər keçmiş tədris ilində əldə etdikləri təcrübələri, gələcək ümidlərini və hədəflərini ifadə edə bilərlər. Bu tipli fəaliyyət şagirdlərin özlərini qiymətləndirmələrinə və yeni hədəflər təyin etmələrinə kömək edəcək.
- Məktəb həyətində piknik
İsti havalarda piknik əvəzolunmazdır. Belə havalarda piknik təşkil etmək şagirdlərin sosiallaşmasına və məktəb icması ilə daha güclü əlaqələr qurmasına kömək edir. Bu cür fəaliyyətlər məktəb həyətində daha rahat və əyləncəli bir atmosfer yaradır.
- Maraqlı anların hekayələşdirilməsi
Sonuncu dərs günündə müəllimlərin şagirdləri, şagirdlərin isə müəllimləri və sinif yoldaşları haqqında tədris ili boyunca yaddaqalan xatirələrini bölüşməsi də maraqlı fəaliyyətlərdən biridir. Belə ki, şagirdlərin və müəllimlərin tədris ili boyunca yaşadıqları maraqlı və yaddaqalan anları paylaşması sinif daxilində güclü bir birlik hissi yaradır. Bu, həm də sinif yoldaşları arasında daha yaxın münasibətlərin qurulmasına və məktəb həyatının gözəlliklərinin bir daha xatırlanmasına səbəb olur.
Yuxarıda qeyd olunan fəaliyyətlər sonuncu dərs gününü maraqlı və yaddaqalan etməklə yanaşı, şagirdlərin sosial və emosional inkişafına da böyük töhfə verəcək.
Vaqif FƏTULLAYEV