Bakı şəhəri Azərbaycanın  Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına  39 nömrəli tam orta məktəbdə millət vəkili professor Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusuna həsr olunmuş  tədbir keçirilib.

 

Mərasimdə  tanınmış  ziyalılar, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

 

Tədbirə başlamazdan əvvəl torpaqlarımızın azadlığı   uğrunda  canından keçən şəhidlərimizin  xatirəsi  bir dəqiqəlik  sükutla  yad edilib, Dövlət himni  səsləndirilib.

 

Tədbiri məktəbin direktoru Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun bacısı Tahirə Şükürova giriş sözü ilə çıxış edərək açıb və tədbir  haqqında  qonaqlara məlumat verib. O, “Qara Duman” romanından  bəhs edib. Əsərin məqsədinin  Qərbi Azərbaycanda tarixboyu mövcud olan etnomədəni mühitimizi  adət və  ənənələrimizi tanıtmaq olduğunu bildirib. Kitabdan gənc nəsil qədim yurd-yuvamız, orada olan həyat və məişət haqqında müəyyən məlumatlar əldə edəcəklər.  

 

Sonra  Elm və Təhsil Nazirliyinin “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki  jurnalının baş redaktoru, filologiya üzrə  fəlsəfə doktoru  Şahbaz Balakişiyev  çıxışında tədbirin  tərbiyəvi əhəmiyyətindən söz  açıb. Eləcə də  tanınmış   şair Baba  Vəziroğlu  və digər ziyalılar çıxış edərək  öz fikirlərini bildiriblər.

 

Daha sonra  məktəbin şagirdləri Hikmət Babaoğlunun yaradıcılıq yoluna nəzər salaraq, bir-birindən yaddaqalan ədəbi-bədii  kompozisiya nümayiş etdirib.

 

Sonda müəllif tərəfindən qonaqlara kitabı hədiyyə edilib.

 

 

Şakir CƏFƏROV