“Yurda dönüş və müasir qloballaşan dünya” | |
Bakı şəhəri Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbdə millət vəkili professor Hikmət Babaoğlunun “Qara duman” və “İnfoimperializm və media” kitabları əsasında hazırlanmış “Yurda dönüş və müasir qloballaşan dünya” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Mərasimdə tanınmış ziyalılar, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbiri məktəbin direktoru Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun bacısı Tahirə Şükürova giriş sözü ilə çıxış edərək açıb və tədbir haqqında qonaqlara məlumat verib. O, “Qara Duman” romanından bəhs edib. Əsərin məqsədinin Qərbi Azərbaycanda tarixboyu mövcud olan etnomədəni mühitimizi adət və ənənələrimizi tanıtmaq olduğunu bildirib. Kitabdan gənc nəsil qədim yurd-yuvamız, orada olan həyat və məişət haqqında müəyyən məlumatlar əldə edəcəklər.
Sonra Elm və Təhsil Nazirliyinin “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Balakişiyev çıxışında tədbirin tərbiyəvi əhəmiyyətindən söz açıb. Eləcə də tanınmış şair Baba Vəziroğlu və digər ziyalılar çıxış edərək öz fikirlərini bildiriblər.
Daha sonra məktəbin şagirdləri Hikmət Babaoğlunun yaradıcılıq yoluna nəzər salaraq, bir-birindən yaddaqalan ədəbi-bədii kompozisiya nümayiş etdirib.
Sonda müəllif tərəfindən qonaqlara kitabı hədiyyə edilib.
Şakir CƏFƏROV
|
|
04.06.2024 | 15:08 | |
|
|
|