Biz gənc nəsli, xüsusilə də şagirdləri media sahəsində necə maarifləndirə bilərik? Necə edə bilərik ki, şagirdlər sosial şəbəkələrdə qarşılarına çıxan təhlükəli və təhlükəsiz, faydalı və faydasız məzmunu müəyyən edə bilsin? Nəhayət, biz onlarda media savadlılığını necə formalaşdıra bilərik?


Müasir informasiya cəmiyyətində media savadlılığı hər zamankından daha vacib hala gəlib. Media savadlılığının müəyyən edilməsi onun əhəmiyyətini dərk etmək üçün ilk addımdır. Bu savadlılığa müxtəlif formalarda mediaya daxil olmaq, təhlil etmək, qiymətləndirmək və yaratmaq bacarığı aiddir. Media savadlılığı bacarıqlarını inkişaf etdirməklə, insanlar düşüncələrimiz, münasibətimiz və hərəkətlərimizin formalaşmasında medianın oynadığı rolu daha yaxşı başa düşə bilərlər.
 

Media geniş miqyaslı kommunikasiyalara aiddir və məlumatı qəbul etmək və paylaşmaq yollarının geniş spektrini əhatə edir. Qəzet, jurnal, televiziya və radio verilişləri, veb saytlar, sosial şəbəkələr ("X", "Facebook", "TikTok", "Instgram" və s.) kimi platformalar vasitəsilə alınan və paylaşılan məlumatlar media anlayışına daxildir. Savadlılıq isə səriştə və biliyə aiddir. Bu halda məlumat əldə etmək üçün müxtəlif növ mediaya daxil olmaq, sonra isə media vasitəsilə aldığımız məlumatları düzgün şərh etmək və təhlil etmək nəzərdə tutulur.
 


 

Müasir dövrdə medianın təsir dairəsi geniş və çoxşaxəlidir, çünki informasiya texnologiyalarının sürətli inkişafı və internetin yayılması ilə media həyatımıza hərtərəfli nüfuz edib.
 

Media savadlılığının razılaşdırılmış vahid tərifi yoxdur, lakin Ofcom (Böyük Britaniyanın müstəqil rabitə tənzimləyicisi) bunu “müxtəlif kontekstlərdə media və kommunikasiyalardan istifadə etmək, anlamaq və yaratmaq bacarığı” kimi müəyyən edir. Beləcə, media savadlılığı insanlara həm ənənəvi, həm də yeni kommunikasiya xidmətlərinin təqdim etdiyi imkanlardan tam istifadə üçün bacarıq, bilik və anlayışa malik olmağa imkan verir. İnternet dünyasında media savadlılığına malik olmaq insanların rəqəmsal vətəndaş kimi necə davranması üçün əsasdır.
 

Media savadlılığı niyə vacibdir?
 

Sözsüz ki, media hazırda cəmiyyətə informasiya verməkdə əsas rol oynayır. Belə ki, xəbərlər, məlumatlar və maarifləndirici məzmunlar vasitəsilə insanlar dünyanın müxtəlif yerlərində baş verən hadisələrdən xəbərdar olurlar. Ən əsası da media ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Televiziya, radio, qəzet və internet vasitəsilə yayılmış məlumatlar insanların fikirlərinə və qərarlarına təsir edə bilir. Media həm də milli-mənəvi dəyərlərin yayılmasında mühüm alət kimi istifadə oluna bilər. Beləcə, filmlər, videoçarxlar, musiqi, sənət və mədəni tədbirlər media vasitəsilə geniş kütlələrə çatdırılır. Bununla yanaşı, media təhsil və şəxsi inkişafda da önəmli yerə malikdir. Təhsil proqramları, müxtəlif öyrənmə resursları və onlayn kurslar insanların bilik və bacarıqlarını artırmağa imkan verir. Həmçinin reklam və marketinq vasitəsilə media iqtisadi inkişafı dəstəkləyir, şirkətlər məhsullarını və xidmətlərini tanıtmaq üçün medianın müxtəlif platformalarından istifadə edir ki, bu da, öz növbəsində, iqtisadi inkişafın artmasına səbəb olur. Bütün bu sadalananlardan başqa, sosial media platformaları insanların bir-biri ilə əlaqə saxlamasını, fikir mübadiləsi aparmasını və beynəlxalq səviyyədə əlaqələr qurmasını təmin edir.

 

Müasir dövrdə medianın bu üstünlükləri onun cəmiyyət həyatında mühüm rol oynamasına gətirib çıxarıb. Bu gün sosial şəbəkə hesabına malik olan istənilən adam istədiyi informasiyanı yaymaq imkanına malikdir. Təəssüflər olsun ki, çox zaman insanlar paylaşdığı məlumatları dəqiqləşdirməyi, istinad verməyi, həmçinin bunların hansı nəticələrə gətirib çıxaracağını ölçüb-biçmir. Azərbaycan Respublikası Audiovizual Şurasının hələ 2020-ci ildə yaydığı məlumatda hazırda mövcud informasiya bolluğu şəraitində, insanların “feyk” (“Fake news”- saxta, yalan xəbərlər, məlumatların bir hissəsinin və ya hamısının saxta olduğu bir məlumat məhsuludur) xəbərlə doğru xəbəri ayırd etməsinin problemə çevrildiyi qeyd olunur. Həmçinin məlumatda bildirlir ki, 90% ehtimalla adi bir istifadəçi gündəlik xəbərlərə fikir verməyəcək, lakin  qeyri-adi  başlığı olan və standart olmayan məzmunlu xəbərləri klikləyəcək. Bu da, öz növbəsində, mediada qeyri-müəyyənlik yaradır, dezinformasiya ilə informasiyanın ayırd edilməsində ciddi çətinliyin yaranmasına, ictimaiyyətdə çaşqınlığa səbəb olur.
 


 

Digital News Report tərəfindən 2023-cü ildə yayımlanan hesabatda gənclərin xəbərləri daha çox sosial media platformalarından istifadə edərək izlədiyi qeyd olunub. Eyni zamanda Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin vətəndaşlarının təxminən 47%-i sosial media və onlayn xəbər saytlarında həqiqətə uyğun olmayan və şübhəli məlumatlarla rastlaşdığını təsdiqləyir. 

 

Son araşdırmalar "TikTok" kimi yeni sosial şəbəkələr, eləcə də "Instagram" və "Telegram" kimi mövcud platformaların gənc auditoriya arasında nəzərəçarpacaq dərəcədə populyarlıq qazandığını göstərir. Beləliklə, gənclər rəsmi xəbər saytları və "Facebook" kimi şəbəkələr əvəzinə, hazırda daha çox Instagram, "TikTok" kimi daha vizual mərkəzli platformalardan gündəmi izləməyə çalışırlar. Belə ki, "TikTok"un xəbərlər üçün istifadəsi cəmi üç il ərzində bütün ölkələrdə 18-24 yaş aralığında olan gənclər arasında beş dəfə artıb və 2020-2022-ci illərdə bu göstərici 3%-dən 15%-ə yüksəlib.

 

Digər tərəfdən, Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatının (ICILS) son hesabatı dünya üzrə şagirdlərin yalnız 2%-nin onlayn tapılan məlumatları tənqidi qiymətləndirmək bacarığını nümayiş etdirdiyini göstərir. 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığının genişmiqyaslı beynəlxalq qiymətləndirilməsi olan ICILS-in 2018 nəticələri şagirdlər arasında informasiyadan düzgün istifadə bacarıqlarının aşağı olduğunu nümayiş etdirir. Bu da onu deməyə əsas verir ki, şagirdlərin müasir texnologiya ilə əhatə olunması heç də onların bundan səmərəli istifadəsi anlamına gəlmir. Bu da, öz növbəsində, media savadlılığının aşağı olmasına təsir edir.
 


 

Nə üçün media savadlılığı tədrisin bir hissəsi olmalıdır?
 

Media savadlılığı tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edə, həmçinin vətəndaşın fəal iştirakını təşviq edə, şagirdləri, tələbələri və müəllimləri cəmiyyətin daha fəal, məlumatlı üzvləri olmağa istiqamətləndirə bilər.

 

Sinifdə media savadlılığının tədrisə inteqrasiyası şagirdləri gələcəyə hazırlamaqda mühüm addımdır. Media savadlılığını tədrisə daxil etməklə, müəllimlər tələbələrə, şagirdlərə şəxsi və akademik həyatlarında uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyə kömək edə bilərlər. Bura faktların yoxlanılması, qərəzli məlumatların təhlili və məsuliyyətli məzmun yaratmaq kimi media savadlılığının öyrədilməsi aid ola bilər. Beləliklə də, media savadlılığının əhəmiyyətini dərk etməklə və onu sinifdə tətbiq etməklə biz daha məlumatlı, fəal və məsuliyyətli cəmiyyət yarada bilərik.

 

Bütün bunların fonunda belə bir qayğı ortaya çıxır: Bəs, biz gənc nəsli, xüsusilə də şagirdləri media sahəsində necə maarifləndirə bilərik? Necə edə bilərik ki, şagirdlər sosial şəbəkələrdə qarşılarına çıxan təhlükəli və təhlükəsiz, faydalı və faydasız məzmunu müəyyən edə bilsin? Nəhayət, biz onlarda media savadlılığını necə formalaşdıra bilərik?
 

İlk növbədə, şagirdlərə müxtəlif media mənbələrini analiz etməyi, dəyərləndirməyi və düzgün informasiya ilə yanlış informasiyanı ayırmağı öyrətmək lazımdır. Bu cəhətdən cəmiyyətin hər bir üzvü ilə yanaşı, valideynlərin, müəllimlərin və məktəb rəhbərliyinin üzərinə böyük məsuliyyət düşür.

 

Gənc nəslin, xüsusilə də şagirdlərin media sahəsində maarifləndirilməsi üçün onlara mediadan düzgün istifadənin aşılanması önəmlidir. Bu, onlara medianın yalnız xəbərləri deyil, habelə incəsənəti, filmləri, musiqini və digər məzmunları əhatə etdiyini bildirmək deməkdir. Bunun üçün də məzmunu kritik şəkildə təhlil etməyi öyrətmək vacibdir. Bu, məzmunun səmərəli olub-olmamasını, məzmunun arxa planını və mahiyyətini qiymətləndirmək anlamına gəlir.

 

Şagirdlərə fərqli mənbələrdən məzmunları müqayisə etməyi öyrətmək onların gələcək fəaliyyətində uğurlu olması üçün təməl faktorlardan biridir. Çünki bu həm də daha intellektual, daha tənqidi düşünən, məsələlərə müxtəlif aspektlərdən baxan, müxtəlif situasiyaları təhlil edə bilən vətəndaşların yetişdirilməsinə şərait yaradır.

 

Bir çox beynəlxalq tədqiqatların nəticələri şagirdlərə xəbərlərin doğruluğunu yoxlamaq üçün etibarlı mənbələrdən istifadəni, spekulyativ və manipulyativ məzmunlardan çəkinməyi öyrətməyin müasir təhsilin başlıca məqsədlərindən biri olduğunu vacib hesab edir.

 

Şagirdlərlə media məzmunları haqqında müzakirələr təşkil etmək onların düşüncələrini ifadə etmələrini, məzmunları anlamağa və qiymətləndirməyə kömək etmələrini təmin edir. Bu, onların kritik düşünmə və informasiyaya daha obyektiv yanaşma qabiliyyətlərini inkişaf etdirmələrinə yardımçı olur. 

 

Şagirdləri media sahəsində maarifləndirmək, onlarda media savadlılığını formalaşdırmaq məqsədilə müxtəlif strategiyalardan istifadə edə bilərik.

 

- Media savadlılığı ilə bağlı məktəbdə müxtəlif layihələrin təşkili və ya informatika, həmçinin sosial elmlərə aid fənlərə bunun inteqrasiya olunması vasitəsilə məktəblərdə şagirdlər arasında media mənbələrinin etibarlılığını necə müəyyən etmək, məlumatın dəqiqliyini necə yoxlamaq, saxta xəbər və dezinformasiya ilə mübarizə aparmaq yolları öyrədilə bilər. Məsələn, informatika dərsi ilə əlaqədar şagirdlərdən fərqli xəbər saytlarından bir mövzu haqqında məqalələr oxumağı və onları müqayisə etməyi ev tapşırığı olaraq vermək, dövlət və ya qeyri-hökumət təşkilatlarında media sahəsində çalışan təcrübəli şəxslərin şagirdlərlə görüşdürülməsi, beləcə şagirdlərin maarifləndirilməsi, sosial şəbəkələrlə bağlı müxtəlif maarifləndirici bukletlər, posterlərin hazırlanması və s. edə biləcəyimiz mümkün variantlardandır.
 


 

- İnteraktiv tədris metodları vasitəsilə şagirdlər üçün media savadlılığını inkişaf etdirən oyunlar və proqramlar hazırlamaq mümkündür. Bu oyunlar vasitəsilə uşaqlar müxtəlif media mənbələrini qiymətləndirməyi, xəbər başlıqlarını təhlil etməyi öyrənə bilər. Nümunə üçün, "Media detektivləri" adlı interaktiv oyun təşkil edərək, şagirdlərə bir neçə xəbər başlıqları təqdim etmək və onların hansılarının doğru, hansılarının isə yalan olduğunu müəyyən etmələrini, daha sonra isə fikirlərini əsaslandırmalarını istəmək olar.

 

- Valideynlər üçün təlim və seminarlar, müxtəlif təlimatlandırıcı kitabçalar, videoçarxlar hazırlamaqla onlara uşaqları ilə media məzmununu müzakirə etməyi izahlamaq vacibdir. Çünki şagirdlərdə media savadlılığının formalaşdırılmasında ailə böyük rola malikdir. Misal olaraq, valideynlərə uşaqları ilə günün xəbərlərini müzakirə etməyi aşılamaq olduqca mühümdür. Bundan başqa, müxtəlif maarifləndirici resurslar, məsələn, kitabçalar, videodərslər, təlim materialları və s. hazırlana və məktəblərdə, kitabxanalarda, televiziyada, sosial şəbəkələrdə və başqa onlayn platformalarda nümayiş oluna bilər.

 

- Praktiki məşğələlər şagirdlərə real vəziyyətlərdə media mənbələrini qiymətləndirməyi öyrətmək üçün bacarıqlar formalaşdırmağa imkan verir. Məsələn, şagirdlərə xəbər yazmaq tapşırığı vermək olar ki, beləliklə, hər şagird öz mövzusunu seçə və onu araşdıra bilər. Onlara dəqiq və etibarlı mənbələrdən istifadə etməyi öyrətməklə, onların yazdıqları xəbərləri müzakirə edib, hansı mənbələrin etibarlı olduğunu dərsdə analiz etmək müsbət addım hesab oluna bilər.
 


 

- Sosial media kampaniyaları şagirdləri məlumatlandırmaq və onlara media savadlılığını öyrətmək üçün effektivdir. Bu kampaniyalar vasitəsilə müxtəlif mənbələrin etibarlılığı, saxta xəbərlərin müəyyənləşdirilməsi haqqında onları məlumatlandırmaq, həmçinin bununla bağlı şagirdlərə saxta xəbərlərlə necə mübarizə aparmalı olduqları ilə əlaqədar tapşırıqlar vermək, şagirdləri qruplar və ya cütlər formasında müxtəlif komanda işlərinə cəlb etmək olar.

 

- Şagirdlərdə tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməklə onlara tədqiqat aparmağı və məlumatı dəqiqləşdirməyi öyrətmək, həmçinin onlara mənbələri araşdırmaq, məlumatları müqayisə etmək və obyektiv nəticələr çıxarmaq bacarıqlarını mənimsətmək olar. Məsələn, şagirdlərdən bir tarixi hadisəni araşdıraraq, fərqli mənbələrin necə tamamilə müxtəlif məlumat təqdim etdiyini müəyyənləşdirmələrini istəmək olar.
 


 

- Tənqidi düşünmə bacarıqlarını formalaşdırmaqla şagirdlərə medianın təsirini və manipulyasiya üsullarını anlamaq üçün bacarıq və vərdişlər aşılaya bilərik. Məsələn, bunun üçün şagirdlərdən bir reklamı təhlil etməyi istəyin. Onlara reklamın hansı manipulyasiya üsullarından istifadə etdiyini və hansı mesajları ötürdüyünü müəyyən etmələrini tapşırın. Bununla əlaqəli məşhur bir məhsulun reklamını seçə və bu reklamın necə tərtib olunduğunu şagirdlərlə birgə müzakirə edə bilərsiniz.

 

- Media qanunları və etik məsələlərin şagirdlərə aşılanması da olduqca vacibdir. Bu, onlara medianın hüquqi və etik çərçivələrini anlamağa kömək edəcək. Məsələn, bir jurnalistin xəbəri necə hazırladığı və hansı etik qaydalara riayət etməli olduğu barədə sinifdə müzakirə təşkil etmək maraqlı ola bilər.

 

Vaqif FƏTULLAYEV