Türkiyə universitetlərinin rektorlarından tələbələrə tövsiyələr


Hər il dünyanın Times Higher Education (THE) və QS kimi təhsil sahəsində ixtisaslaşmış nüfuzlu şirkətləri tərəfindən dünya universitetlərinin illik reytinqləri dərc olunur. Bu universitetlərin qlobal reytinqdə mövqeyi, onların təklif etdikləri saysız-hesabsız təhsil proqramları gənclər üçün öz gələcək seçimlərində ciddi istinad rolunu oynayır. Bu reytinqlərdə Türkiyənin Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Boğaziçi Universiteti də yer alır.

 

Türkiyənin adları çəkilən 3 ən nüfuzlu universitetinin rektorlarının gələcək peşələr və universitet seçimində gənclərə nə kimi tövsiyələri var? Bu universitetlərin rektorları gələcəyin peşələri, inkişaf edən sahələr və peşə seçimində nələrə diqqət edilməsinin zəruriliyi barədə ətraflı danışıblar.

 

“Alternativlərə imkan verən sahələrə üstünlük verin”

 

İstanbul Texniki Universitetinin rektoru, professor-doktor Mehmet Qaraca:

 

- Arzuladıqlanmzla etmək istədikləriniz arasında tarazlığı gözləyərək, dünyanı müşahidə edərək peşələri təhlil edin. Sahələrarası qabiliyyətlə yanaşı, köklü bir universitetə üstünlük verin. Bəzən özünüzə uyğun gəlməyən bir universitet bölümünə daxil olduğunuzu fərq edə bilərsiniz. Xüsusilə qərarlarında tərəddüd edən namizədlər, gələcəkdə alternativ yollara imkan verən və müəyyən dövrlə məhdud olmayan peşələrə yönəlməlidirlər.

 

Ailələrin seçimlərdə təsiri çox olur. Bir çox valideyn uşaqlarının həkim olmasını istəyir. Amma tibb də dəyişir. Bəlkə gələcəkdə sağlamlığımızı robotlara, süni intellekt proqramlarına əmanət edəcəyik. Çətin marafondan çıxan universitet namizədləri də bu robotları və sistemləri inkişaf etdirmək perspektivi baxımından peşə seçməlidir. Gənclər yeni dünyaya daha yaxşı hazırlaşır, həyəcan duyaraq sahib olacaqları yeni peşələr onları gözləyir. Uğur həyəcanın sonrasında gəlir. Ailələr də yeni peşələrə qərəzli yanaşmamalıdır.

 

Verilənlərlə işləyənlərin yükü çox olacaq

 

Universitetlərin inkişafı məlumat, təcrübə mübadiləsi, yenilikçi baxış tələb edir. Bunun üçün də araşdırma və inkişaf, sahibkarlıq viziyonu olan köklü universitetlər ön plana çıxır. Məsələn, İstanbul Texniki Universiteti öz infrastrukturunu gələcəyin peşələrinə görə formalaşdırır.

 

Riyaziyyat, fizika və kimya kimi fundamental elmlər yenidən populyarlıq qazanacaq. Fənn və mühəndislik oxuyan gənclərin sosial elmlərlə təmin edilməsi onların sahibkarlıq və innovativ təfəkkürünə təkan verəcək. Verilənlərə dair sənaye elmi, robot əlaqələndirici, sənaye kompüter, şəbəkə mühəndisliyi, 3D mühəndis layihələri, bulud hesablama və verilənlərin informasiya təhlükəsizliyi ixtisasları, sənaye istifadəçi interfeysi və dizayn novator texnologiyası gələcəyin peşələri olaraq qarşıya çıxır. Xüsusilə də məlumatların işləmə proqramı gələcəyin əsas peşələri arasındadır. Onlar məlumatları hazırlayır, üzə çıxarır və ətraflı təhlillər aparır. Nəticələrdən isə məhsul və istehsal prosesini inkişaf etdirmək üçün istifadə edilir.

 

“Təhsilin keyfiyyətini nəzərə alın”

 

Orta Doğu Texniki Universitetinin rektoru, professor-doktor Mustafa Verşan Kök:

 

- Universitetdə, ilk növbədə, təhsilin keyfiyyətinə diqqət edilməlidir. Seçdiyiniz ali məktəbin beynəlxalq akkreditasiya qurum və təşkilatlan tərəfindən tanınması, bu universitetdə təhsilin beynəlxalq standartlara uyğun olması baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin təlim-tərbiyə şəraiti də nəzərə alınmalıdır. Beynəlxalq səviyyədə səriştəli, uğurlu, öz sahəsindəki prosesləri təqib edən, yetkin akademik kadr heyəti kimi məsələlər də təhsilin keyfiyyəti araşdırılarkən diqqətdən qaçmamalıdır. Sinif və laboratoriya şəraiti, eləcə də tələbələrə təqdim olunan mədəniyyət, incəsənət, idman, elm tədbirləri də təhsili qiymətli edir.

 

 

 

 

İş dünyasına hazırlanmalı

 

Eləcə də tədris planlarının məzmunu və dərinliyi diqqətə alınmalıdır. Təhsil yekcins, təkölçülü olmamalıdır. Tədrisdə fərqli düşünmə formaları, istedad və dərinlik verəcək dərslər yer almalıdır. Fənlərarası çalışmalara imkan, dillərin öyrənilməsinə, diplomdansonrakı təhsilə, tədqiqat layihələrinə də diqqət verilməlidir.

 

ODTU-də biz xüsusilə də tələbələrimizin fənlərarası çalışmalarına dəstək üçün bir mərkəz - “Dizayn Zavodu” yaratdıq. “Dizayn Zavodu” nun məqsədi universitetimizdə dizayn, mühəndislik, informasiya, sosial-inzibati elmlər, təhsil və digər əlaqədar sahələrdə çalışan tədqiqatçı və tələbələrin fənlərarası komandalarım yaradaraq, sənaye ilə əməkdaşlıq halında yeni məhsulların inkişaf etdirilməsini təmin etməkdir. ODTU-nun bakalavr tələbələri aldıqları seçmə dərslərlə “Dizayn Zavodu”ndakı işlərdə iştirak edə bilirlər. Bir mühəndislik tələbəsi, suriyalı qaçqınlar üçün hazırlanmış sosial elm layihəsində və ya bir ictimai elmlər tələbəsi, serebral beyin iflici xəstəliyindən əziyyət çəkən uşaqların məşq etməsini təmin edən kompüter oyunu əsasında tibbi cihaz layihəsi üzərində çalışa bilər.

 

Universitet təhsilinin tələbələri iş dünyasına nə dərəcədə hazırladığı da qiymətləndirilməlidir. Bir təcrübə imkanı təqdim olunmalıdır. Türkiyə və xaricdəki firmalarla əlaqə təmin edilməlidir. Məzun şəbəkəsi geniş olmalıdır. Sahibkarlıq imkanı yaradan şərait və proqramlara yer verilməlidir.

 

“Gələcək ağıllı cəmiyyətdə dəyişikliklərlə ayaqlaşın”

 

Boğaziçi Universitetinin rektoru, professor-doktor Mehmed Özkan:

 

- Diqqət etməyiniz lazım olan ən önəmli nöqtə, uğurlu olduğunuz sahələri yaxşı tanımaqdır. Özünüzə peşə təzyiqi etmədən, öz səriştələriniz və maraqlarınız üçün ən uyğun seçim etməyə çalışın. Dünya artıq kiber sistemlər, süni zəka, böyük verilənlər sahəsində inkişaf edən “gələcək ağıllı cəmiyyət” konsepsiyasından danışır və yaşayır. “Gələcək ağıllı cəmiyyət” ayrı-ayrı fənlərin bir-biri ilə çulğalaşdığı, inteqrasiya etdiyi, yeni ixtisas sahələrinin ortaya çıxdığı, yeni ixtiralar və təşəbbüslərin dünyanı dəyişdirdiyi bir modeldir. Belə bir cəmiyyətdə hər bir peşə və fənn sahəsi sürətli dəyişikliklərlə ayaqlaşmaq durumundadır. Beləliklə, gənclərimiz bizim bildiyimizdən çox fərqli bir ekosistemdə yeni tələblərə adaptasiya olunaraq özlərini fərdi qabiliyyətlərinə uyğun fənlərdə yetişmək və gələcəyə hazırlaşmaq məcburiyyətindədir. Onları sabaha hazırlayacaq təhsil müəssisələrinin bu çoxşaxəli, çoxfənli, qlobal rəqabətədavamlı perspektivə malik olması həlledici əhəmiyyət daşıyır.

 

 

Günümüzdə fərdlərin bir peşədə uğurlu olmasının əsasında innovativ, dəyişiklikləri duya bilən, təhlil etmə qabiliyyətinə malik, problemlərin həllinə meyilli və çevik olması artıq zərurətə çevrilib. Həyatınızın ən mühüm qərarlarından birinin astanasında sizi səriştələrlə təminatlı gələcəyə hazırlayacaq təhsil müəssisələrini seçməyinizi tövsiyə edirəm.

 

Ölkəmizin ən çox qlobal lider yetişdirən universiteti olaraq, məzunlarımızın əsas xüsusiyyətlərinə baxdıqda onların təcrübəli, çalışqan, böhranlı vəziyyətlərdən çıxış yollarına sahib və xarici təsirlərə davamlı, performans baxışlı olduqlarını görürük. “Gələcək ağıllı cəmiyyət” modelində çox ölçülü, fərqliliklərə açıq bir vizyonla özünü təmin edə bilən, problemi həll etmə səriştəsi yüksək hər bir fərd, seçdiyi sahə və ya peşə nə olursa-olsun, uğur qazanacaq

 

Oruc MUSTAFAYEV