Bizə əzbərləmə maşınları yox, süni intellektləri, yeni texnologiyaları kəşf edə, ən azı onları düzgün istiqamətdə idarə edə biləcək, tənqidi düşünə, düşündüyünü düzgün çatdıra və komandada işləyə bilən fərdləri formalaşdırmaq lazımdır
Qiymətləndirməni əslində hər gün dəfələrlə həyata keçiririk. Günün sonunda günümüzün necə keçdiyini, evdə və ya restoranda yediyimiz yeməyin dadını, keyfiyyətini, TV-də baxdığımız verilişi, dostumuz və ya qohumumuzla keçirdiyimiz görüşü qiymətləndiririk və beynimizdə müəyyən bal veririk, yaxud pis, yaxşı, zəif, güclü və s. kimi kateqoriyalaşdırırıq. Əsas məsələ qiymətləndirmənin hansı məqsədlə istifadə olunmasıdır, onun nəticələrinə nə cür yanaşmağımızdır. Deyək ki, dostunuzla görüşünüzü qiymətləndirirsiniz, nəticədə görüşün yaxşı keçmədiyinə, görüşdən pis təəssüratla ayrıldığınıza qərar verirsiniz. Bu halda iki cür davrana bilərsiniz: ya dostunuza görüşün sizdə yaratdığı təəssüratı deyirsiniz və növbəti dəfə mənfi hallar təkrarlanmır, ya da dostunuzu artıq görüşmək istəmədiyiniz insanlar kateqoriyasına salırsınız və onunla əlaqəni kəsirsiniz.
Tədris prosesində də şagirdlərimizin, tələbələrimizin bilik və bacarıqlarını vaxtaşırı olaraq qiymətləndiririk. Ən sadə təriflərdən birinə görə təhsildə qiymətləndirmə şagirdlərin, tələbələrin öyrənməsi və inkişafı haqqında nəticə çıxarmaq üçün sistematik əsasdır. Fikir verdinizsə, tərifdə öyrənmə və inkişaf haqda nəticə çıxarmaq deyilir. Gəlin düşünək, doğrudanmı qiymətləndirmə şagirdə, yaxud tələbəyə bal və ya qiymət yazmaqla yekunlaşmalıdır?
Qiymətləndirmənin sırf jurnala bal yazmaqdan daha artığı olduğu haqda hansı tezliklə düşünürük və qiymətlərdən tədris prosesinə faydalı olacaq şəkildə istifadə edirikmi?
Öyrənmənin qiymətləndirilməsi, yoxsa öyrənmə üçün qiymətləndirmək?
Əslində bu terminlərin mənasını hamımız bilirik. Formativ qiymətləndirmə elə öyrənmə üçün qiymətləndirmədir, summativ qiymətləndirmə isə öyrənmənin qiymətləndirməsidir. Summativ qiymətləndirmə hər hansı bölmənin və ya dövrün sonunda həyata keçirilir, şagirdlər müəyyən qiymət, bal alır. Formativ qiymətləndirmənin isə əsas məqsədi tədris prosesinin necə işlədiyini başa düşmək, şagirdlərin öyrənmələrindəki boşluqları aşkar edib, aradan qaldırmağa çalışmaqdır. Summativdən fərqli olaraq, formativ qiymətləndirmədə şagirdə bal verməyə məcbur deyilik, bu qiymətləndirmə tədris prosesinə xidmət etmək, onu yaxşılaşdırmaq məqsədi daşıyır. Dostumuzla görüş nümunəsində ona görüş haqda demək, növbəti dəfələrdə mənfi halları aradan qaldırmağa çalışmaq elə qiymətləndirməyə formativ yanaşmaqdır. Əgər onunla bir də görüşmək istəmədiyimizə qərar versək, bu summativ yanaşma olardı. Etiraf edək ki, biz əsas gücümüzü, səyimizi öyrənmənin qiymətləndirilməsinə, yəni summativə sərf edirik, öyrənmə üçün qiymətləndirməyə deyil.
Qiymətləndirməyə summativ xarakterli yanaşmanın üstünlük təşkil etməsi təkcə fərd səviyyəsində, sinif (auditoriya) daxilində yox, ölkə səviyyəsində də keçərlidir. Nümunə göstərim. İbtidai təhsil üzrə iki məşhur beynəlxalq şagird qiymətləndirməsi var. Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqat olan – PIRLS və Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramı olan – TIMSS. Bu iki qiymətləndirmə məhz ibtidai təhsil üzrə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək üçün həyata keçirilir. Bu araşdırmalar bir neçə ildən bir aparılır. Nəticələr elan edilir, hesabatlar çıxır. İlk baxdığımız nə olur? Azərbaycanın digər ölkələrə görə mövqeyi. Hər sahə üzrə şagirdlərimiz neçə bal toplayıb. Yəni, yarış, şagirdlərimizi etiketləmə, yenə də summativ yanaşma. Bir az təhlil etmək istəyənlər Azərbaycanın nəticəsini bir əvvəlki tədqiqatdakı nəticələri ilə müqayisə edirlər. Çox az adam tapılır ki, nəticələrimizin niyəsini araşdırsın. Nəticələrimizdə niyə yaxşılaşma oldu və ya ən əsası niyə geriləmə oldu? Ümumiyyətlə çox az adam tapılır ki, nəticələrimizin arxasında duran dəyişənləri təhlil etsin və faydalı təkliflər versin. Axı, şagirdlərə, valideynlərə, müəllimlərə müxtəlif sorğular verilir ki, sırf onların topladıqları bala hansı amillərin təsir etdiyi müəyyənləşdirilsin. Bu amillər də təkcə məktəb mühiti deyil, ev mühitindən tutmuş, ölkələrin iqtisadi gücünə qədər müxtəlif amillərdir. Bu cür qiymətləndirmələrin məqsədi ölkələrin təhsil siyasətlərini araşdırmaq, boşluqları müəyyən etmək, müvafiq həll yolları təklif etməkdir, yəni formativ xarakterlidir, yarış məqsədli deyil.
Bayaqkı sualı bir də təkrar edim: öyrənmənin qiymətləndirilməsi, yoxsa öyrənmə üçün qiymətləndirmə? Sual elə qoyulub ki, sanki ikisindən birini seçməliyik. Əslində qiymətləndirməyə hər iki yanaşma lazımdır, yəni həm formativ, həm summativ. Lakin hesab edirəm ki, təhsil prosesinin əsas iştirakçısı olaraq biz müəllimlər məhz qiymətləndirmədən öyrənməyə xidmət etməsi üçün, yəni formativ yanaşmada istifadə etsək yaxşıdır. Belə olanda tədris prosesi də daha faydalı, şagird (tələbə) yönümlü və effektiv olacaq. Qoyun, öyrənmənin qiymətləndirməsinə, yəni summativ yanaşmaya məktəb rəhbərliyi, təhsili idarə edən qurumlar (məsələn DİM) fokuslansınlar və bu nəticələrdən şagirdlərlə (tələbələrlə) bağlı qərar verilməsində istifadə etsinlər. Çünki öyrənənləri kateqoriyalaşdırmaq onlara lazımdır. Təhsil pilləsini və ya səviyyəsini adlayarkən, xüsusi tədris proqramlarında yerləşdirmə və ya məzun olmaq məqsədilə istifadə etmək üçün. Müəllim olaraq isə bizim əsas məqsədimiz öyrətmək olmalıdır, öyrənənləri kateqoriyalaşdırmaq və ya etiketləmək yox.
Sonda bir az da öyrənmənin qiymətləndirilməsi məsələsinə toxunaq. Bəs, heç olmasa, öyrənmənin qiymətləndirilməsini düzgün aparırıqmı? 21-ci əsrin tələblərinə uyğun olaraq, vacib hesab edilən bəzi bacarıqlar var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına görə ən vacibləri tənqidi, analitik düşünmə və problem həlli, komandada işləmək, yaradıcılıq və innovasiya, layihə idarəetməsi, kommunikasiya və əməkdaşlıqdır. Bu bacarıqları şagirdlərimizə aşılamaq istəyirik, böyük ehtimalla buna çalışırıq da.
Özümüzə sual verək. Bəs, summativ qiymətləndirmədə öyrətdiklərimizi qiymətləndiririk? Yoxsa, hələ də yalnız yadda saxlama, əzbərləmə tələb edən, Bloom taksonomiyasının aşağı səviyyəsini qiymətləndirən faktoloji suallar hazırlayırıq?
Məncə, biz gələcək nəslimizi canlı Google-lər etmək istəmərik. Bu qədər məlumatı əzbər bilməyə nə ehtiyac var, biliyin, məlumatın, tarix boyu heç olmadığı qədər əlçatan olduğu bir vaxtda?! Hələ üstəlik süni intellekt də gəlir. Bir sualla bütün mümkün mənbələri araşdırıb cavabı saniyələr içində bizə təqdim etməyə qadirdir. Deməli, bizə əzbərləmə maşınları yox, həmin süni intellektləri, yeni texnologiyaları kəşf edə, ən azı onları düzgün istiqamətdə idarə edə biləcək, tənqidi düşünə, düşündüyünü düzgün çatdıra və komandada işləyə bilən fərdləri formalaşdırmaq lazımdır. Formalaşdırdığımız bilik və bacarığı da düzgün qiymətləndirməliyik. Bunu da ancaq faktoloji biliyi qiymətləndirən çoxvariantlı testlərlə edə bilmərik. Yaradıcı düşüncəni hansı qapalı sual ölçə bilər ki? Bayaq qeyd etdiyim bacarıqları qiymətləndirmək üçün çoxsaylı qiymətləndirmə alətləri var: layihə əsaslı, tədqiqat əsaslı, simulyasiya tipli, ssenari üzrə qiymətləndirmələr və s. Qiymətləndirmə alətləri çoxdur, müasir texnologiyalar isə onları daha da zənginləşdirir. Deməli, müəllim olaraq asana qaçmamalı, həqiqətən də şagirdlərdə (tələbələrdə) formalaşdırmalı olduğumuz, aşıladığımız bilik və bacarıqları necə qiymətləndirə bilərik, bu haqda düşünməliyik. Həm də unutmayaq ki, qiymətləndirmə cəzalandırma, mükafatlandırma və etiketləmə mexanizmindən daha artığıdır və öyrənməyə xidmət etməlidir, ən azından biz müəllimlər üçün. Əks halda xəstəyə diaqnoz qoyan, amma sağaltmayan həkimlər olarıq.
Leyla Abbaslı,
Qiymətləndirmə üzrə mütəxəssis