İdarəetmənin və əməkdaşlığın düzgün təşkili


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün təhsilin inkişafına dövlət qayğısı yüksək səviyyədədir, çünki inkişaf etmiş insan kapitalının  formalaşmasının əsası  ümumi təhsil pilləsində qoyulur. 

 

Mülkiyyət növünə görə Azərbaycanda Təhsil Qanununda 3 növ təhsil müəssisəsinin  fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur: dövlət, bələdiyyə və özəl məktəblər.

 

Ölkəmizdə özəl təhsil müəssisələrindən biri də rəhbərlik etdiyim Evrika liseyidir. Lisey təsis olunaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keyfiyyətli və sistemli təhsilin inkişafı məqsədilə 2012-ci ildə yaradıldı, 2012-2013-cü tədris ilindən isə Evrika liseyi   fəaliyyətə başladı. Fəaliyyətimizi Elm və Təhsil Nazirliyinin tələblərinə, əmr və sərəncamlarına uyğun olaraq həyata keçiririk.

 

Evrika liseyi 12 ildən artıqdır ki, gələcəyin faydalı insanlarını, vətənpərvər övladlarını, ölkəsini dünyada təmsil edən gənclər yetişdirir.

 

Liseydə tədris 4 dildə aparılır: Azərbaycan, rus, türk  və ingilis. Şagird qəbulu I siniflərə şifahi, II-IV siniflərə və müraciət olunan digər siniflərə test vasitəsilə həyata keçirilir.

 

Liseyimizdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına həmin ildə 5 yaşı tamam olmuş şagirdlər qəbul edilir. Dərslər 15 nəfərlik qruplarda həftənin 5 günü keçirilir. Əsas məqsədimiz şagirdlərdə ilkin savad, nitq qabiliyyəti, riyazi biliklər, ətraf aləmlə tanışlıq, xarici dillərdə sadə ünsiyyət bacarıqları, əl motorikası, sosial bacarıqları və s. inkişaf etdirməkdir.

 

Liseydə STEAM sinifləri fəaliyyət göstərir. Bu  yanaşmada əsas məqsəd şagirdlərdə həm nəzəri bilikləri, həm də praktik bacarıqları formalaşdırmaqdır. Bu, yalnız təlim metodu yox, həm də düşünmə tərzidir. STEAM təhsil mühitində şagirdlər müxtəlif elm sahələrindən biliklər əldə edir və dərhal da həmin bilikləri tətbiq etməyi öyrənirlər. STEAM yanaşma  təhsildə və  təlimdə baxışları dəyişdirir. Burada təhsilalanların praktik bacarıq va qabiliyyətlərindən istifadə olunur. Təlim prosesində onlar öz yaradıcı potensialını inkişaf etdirirlər. Yoldaşları ilə birlikdə işləməyi, verilən tapşırıqları yerinə yetirməyi öyrənirlər.

 

Evrika liseyində 9-10-11-ci sinif şagirdlərimiz üçün dərslər təmayülləşmə əsasında innovativ tədris metodları ilə aparılır. Peşəkar və savadlı müəllim heyəti şagirdlərimizin hərtərəfli inkişafına, seçdikləri ixtisas qrupları üzrə   aktiv hazırlıq prosesinə yaxından dəstək olur.   Hər ay keçirilən sınaq imtahanları şagirdlərin bilik və bacarıqlarını, onların inkişaf dinamikasını müəyyən etməyə kömək edir.

 

Şagirdlər meyil və maraqlarına uyğun olaraq  dərnəklərdə iştirak edirlər. Evrika liseyində rəssamlıq, rəqs, üzgüçülük, cüdo, akrobatika, gimnastika, piano, basketbol və şahmat dərnəkləri fəaliyyət göstərir.

 

Yayda “Yay düşərgəsi” və “Summer school” təşkil olunur. Şagirdlərimiz həm xarici ölkələrdə, həm də Azərbaycanın füsunkar təbiəti olan rayonlarında istirahət etməklə yanaşı, müxtəlif müsabiqələrdə iştirak edirlər.

 

Qeyd edim ki, liseyin ingilis bölməsində Cambridge təhsil sistemindən və Montessori təcrübəsindən də istifadə edilir. 

 

Liseyimizin əsas məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya - kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.

 

Fəaliyyətimizin daha da uğurlu olması məqsədilə liseydə valideyn komitələri fəaliyyət göstərir. Hər ay təsisçi, rəhbərlik və fənn müəllimlərinin valideynlərlə görüşləri keçirilir.

 

Yüksək idarəetmə və peşəkar müəllim heyətinin fəaliyyəti nəticəsində liseyimizin məzunları  son 3 ildə buraxılış, qəbul imtahanlarında 95-100% nəticə göstəriblər.

 

Məlum olduğu kimi, müasir məktəbin  psixoloji xidmətə  ehtiyacı böyükdür. Şagirdlərin  intellektual səviyyələrinin, dünyagörüşünün müxtəlifliyi, çətin tərbiyə olunan  uşaqların  xüsusiyyətləri pedaqoji kollektivdən onları hərtərəfli  öyrənməyi tələb edir. Bu işdə məktəb  psixoloqu konkret  problemləri  həll etmək üçün ayrı-ayrı şagirdlərlə, sinif kollektivi ilə, müəllim və valideynlərlə  işləməli olur. Bu fəaliyyətlər də  rəhbərliyin nəzarəti  altında həyata keçirilir.

 

Liseyimizdə  il ərzində müxtəlif müsabiqələr, olimpiadalar, ədəbi-bədii gecələr və digər sinifdənxaric tədbirlər təşkil olunur. Şagirdlərimiz fənn yarışlarında və olimpiadalarında da iştirak edərək diplom və medallara layiq görülürlər.

 

Təhsil müəssisəsində müntəzəm  olaraq  konfranslar, dünya ölkələrinin respublikamızdakı səfirlərlə, müharibə veteranları və qazilərlə, idman sahəsində qalib olan gənclərlə görüşlər, “dəyirmi masa”lar, viktorinalar  təşkil olunur.

 

2023-cü ildə liseydə Ulu  Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Ümummilli Liderin xatirəsinə həsr edilmiş “Evrika” jurnalının I nömrəsi çap olunub.

 

İdarəetmə təcrübəsi göstərir ki, istənilən innovasiya fəaliyyətində uğur motivasiyası  qarşıda qoyulan vəzifələrin həllində vacib faktordur. Məktəbdə   hər bir pedaqoji işçinin əməyinin ədalətli  qiymətləndirilməsi fəaliyyətin yüksək keyfiyyətini  stimullaşdıran  amildir. Bu amildən məktəbimizdə geniş istifadə olunur. Dərs iinin I yarım ilində və sonunda   pedaqoji işçilər diplom, fəxri fərmanlar, müxtəlif mükafatlara  layiq görülürlər.

 

2022-2023-cü tədris ilində isə fəaliyyətimiz daha da uğurlu oldu. Belə ki,   liseyin səmərəli fəaliyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. Liseyin rəhbəri kimi mənim fəaliyyətim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına, müavinlərdən Elnarə Əmiraslanova və Elnarə Həsənova isə Fəxri Fərmana layiq görülüb. 5 müəllimin Azərbaycan Respublikası  Prezidenti  yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tövsiyə edilən “Elmi əsərlər”, “Kurikulum”, “Məktəbəqədər və ibtidai təhsil” adlı jurnallarda elmi məqalələri dərc olunub. Eyni zamanda  təlim prosesinin daha da keyfiyyətli olmasına görə II-IV siniflər Azərbaycan bölməsi üçün “Ana dili”, “Riyaziyyat”, “Həyat  bilgisi” adlı  iş dəftərləri,  I-V siniflər  rus bölməsi üçün “Azərbaycan dili”, VII-VIII siniflər Azərbaycan bölməsi üçün biologiyadan 13 dərs vəsaiti çap olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.

 

Liseyin bir qrup müəllimi yerli və beynəlxalq təlimlərdə iştirak edərək sertifikat və diplomlara layiq görülüb.

 

Məktəb rəhbərinin idarəetmə fəaliyyətinin səmərəliliyi onun kollektivdə tutduğu mövqe və qazandığı nüfuzla, əməkdaşlıqla sıx əlaqədardır. Qazandığımız nailiyyətlər məhz bu sıx əlaqələr nəticəsindədir. Ona görə də 87 şagirdlə fəaliyyətə başlamış liseyimizdə hazırda 900-ə yaxın şagird təhsil alır.

 

Göründüyü kimi, özəl müəssisə olaraq  təlim prosesində  uğurların qazanılması idarəetmənin və əməkdaşlığın düzgün və səmərəli təşkilindən çox asılıdır. Məktəbdə idarəetmə qərarları kollektiv  olduqda və onların icrasına nəzarət düzgün təşkil edildikdə yüksək nailiyyətlər əldə olunur, təlim prosesini daha da keyfiyyətli edir.

 

 

 

 

 

 

Ofeliya MURADOVA,

Evrika liseyinin direktoru